“Sahə” filmi beynəlxalq festivalda Azərbaycanı təmsil edəcək

“Sahə” filmi beynəlxalq festivalda Azərbaycanı təmsil edəcək

Azərbaycan filmi Beynəlxalq Barbakan Festivalına dəvət alıb. "Nərimanfilm" kinostudiyasından SİA-ya verilən məlumata görə, rejissor İlqar Safatın lentə aldığı "Sahə" filmi Beynəlxalq Barbakan Festivalına (Barbakan Festival in Banska Bystrica) dəvət alıb.

Festival 2-6 noyabr tarixlərində Slovakiyanın Bansk Bıstrisa şəhərində keçiriləcək.

Tarixi abidələri və mədəni tədbirlərinin sayına görə, Bansk Bıstrisa şəhəri Slovakiyada ilk yerlərdən birini tutur. "OZ Vresk Factory" tərəfindən yaradılan Barbakan kinofestivalı Avropa və dünya audiovizual məhsullarının keyfiyyətinin yoxlanılması üzrə qeyri-kommersiya ekspertidir.

Festival özündə üç əsas mədəni elementi əks etdirir: film, mahnı və təsviri-incəsənət.

Qeyd edək ki, "Sahə" bədii filmində tanınmış fotoqrafın uşaqlıq illərinə mistik səyahətindən söhbət açılır. Bədii film "Nərimanfilm" (Azərbaycan), "Qruziyafilm" və "Baqirafilms" (Gürcüstan) kinostudiyalarında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə çəkilib.

Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Merissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) və Timur Oduşev (Azərbaycan) ifa ediblər. Filmin ssenari müəllifi və rejissoru İlqar Safatdır, operatorlar Konstantin Esadze və Varlam Karçxadzedir.

Bütün xəbərlər Facebook səhifəmizdə