Qəbələ III Beynəlxalq Musiqi Festivalı başa çatıb- FOTO

Qəbələ III Beynəlxalq Musiqi Festivalı başa çatıb- FOTO

\"\"


Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ III Beynəlxalq Musiqi Festivalı avqustun 5-də başa çatıb.


SİA-nın məlumatına görə, möhtəşəm musiqi bayramının bağlanış mərasimində Milli Məclisin deputatı Fəttah Heydərov, festivalın bədii rəhbəri, xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli çıxış ediblər. 23 gün ərzində Azərbaycanın dilbər guşələrindən biri olan Qəbələdə əsl musiqi bayramının yaşandığını vurğulayan natiqlər qeyd ediblər ki, bu beynəlxalq festival dostluq və mədəniyyət bayramı olub. Belə gözəl bayramı Azərbaycanımıza bəxş edən, bu möhtəşəm tədbirin Qəbələdə keçirilməsinin təşəbbüskarı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin təşəkkür bildirilib.


Festival çərçivəsində gənc pianoçuların beynəlxalq müsabiqəsi, ustad dərsləri, kamera musiqisi və orkestr konsertləri, klassik musiqi axşamları, muğam konserti keçirilib. Bu müddətdə Azərbaycan dinləyicilərini və tamaşaçılarını, Qəbələ əhalisini öz uğurlu, gözəl ifaları ilə feyziyab edən sənətkarlara, 20-dən artıq ölkəni təmsil edən dünya şöhrətli musiqiçilərə, Azərbaycanın tanınmış sənətkarlarına minnətdarlıq edən natiqlər festivalı möcüzəli layihə adlandırıb və müxtəlif ölkələrdən gələn sənətkarların yerli və xarici tamaşaçıları valeh etdiyini xüsusi vurğulayıblar. Onlar əmin olduqlarını bildiriblər ki, bu festival ölkələr arasında dostluq və əməkdaşlığın inkişafına yeni təkan verəcək.


Qeyd edilib ki, tədbir həm də Azərbaycan təbiətinin, qonaqpərvərliyinin, musiqisinin nümayişinə çevrilib. Bu möhtəşəm tədbir ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin mədəniyyətə, incəsənətə, sənət adamına qayğısı, diqqəti sayəsində mümkün olub. Məhz dövlətimizin başçısının yeritdiyi siyasət belə möhtəşəm tədbirin keçirilməsinə imkan verib.


Tədbir "Yeni Rusiya" Dövlət Simfonik Orkestrinin maraqlı konsert proqramı ilə başa çatıb. Konsertdə amerikalı violoncel ifaçısı və dirijor, festivalın bədii rəhbəri Dmitri Yablonski və məşhur rusiyalı pianoçu Boris Berezovski də çıxış ediblər. Musiqiçilər bəstəkar F.Listin "Prelüdlər" simfonik poemasını, piano və orkestr üçün bir və iki saylı konsertlərini səsləndirib.


Bütün xəbərlər Facebook səhifəmizdə