Bakıya “Dolu” düşəcək- FOTO

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında yazıçı Aqil Abbasın "Dolu" romanı əsasında eyniadlı bədii filmin çəkilişlərinə başlanılıb. Bu barədə SİA-ya filmdə baş rolda çəkilən xalq artisti Fuad Poladov açıqlamasında bildirib.

Onun sözlərinə görə, film çəkilişlərin ilkin mərhələsi İsmayıllıda aparılır: ""Dolu" filminin digər epizodları Mingəçevir və Sumqayıtda lentə alınacaq. Pavilyon çəkilişləri isə Bakıda reallaşacaq. Döyüş səhnələrinin daha inandırıcı alınması üçün İrandan dəvət olunan pirotexniklər yaxın günlərdə yaradıcı qrupa qoşulacaq".

Dövlət sifarişi ilə çəkilən bu filmin ssenari müəllifi Aqil Abbas, quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı xalq artisti Polad Bülbüloğludur.

Filmdə əsas rolları xalq artisti Fuad Poladov, əməkdar artistlər Məmməd Səfa, Şamil Süleymanov, Pərviz Bağırov, Fərhad İsrafilov, aktyorlar Rza Rzayev, Elvin Əhmədov, Vaqif Səmədzadə, Vüsal Murtuzəliyev, Gülzar Cəfərova və başqaları ifa edəcək.

Polad Bülbüloğlunun film üçün bəstələyəcəyi musiqi Moskvada nüfuzlu orkestrlərdən birinin ifasında lentə yazılacaqdır. Film üzərində işləri bu ilin sonunadək yekunlaşdırmaq nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, Aqil Abbas "Dolu" romanını şəhid analarına həsr edib. Əsərdə söhbət Qarabağ müharibəsindən gedir. Hələ bitməyən, yalnız birinci dövrü başa çatan müharibədən.

"Dolu" işıq üzü görən gündən oxucular və ədəbi ictimaiyyət arasında böyük əks-səda doğurub, Türkiyədə böyük tirajla çap edilib. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən uğurlu bədii əsər kimi "Qızıl Kəlmə" ədəbi mükafatına layiq görülüb, romanın ekranlaşdırılması qərara alınıb. Bu il dövlət sifarişi ilə çəkiləcək filmlər arasında "Dolu" da var.

\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə