Qəbələ III Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şəkidə konsert təşkil olunub- FOTO
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ III Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şəki şəhərində səyyar konsert təşkil olunub. SİA-nın məlumatına görə, Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayının həyətində keçirilən konsertdə rayon ictimaiyyətin nümayəndələri, musiqisevərlər iştirak ediblər.
Konsert vokalçı Azər Rzazadənin ifasında italyan bəstəkarlarının əsərlərindən nümunələrin təqdim edilməsi ilə başlanıb. Sonra tamaşaçılar qarşısında vokalçılardan Səbinə Əsədova Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasından Asyanın mahnısı və Cavid Səmədov Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən nümunələrlə çıxış ediblər. Vokalçıları pianoda respublika və beynəlxalq müsabiqələr laureatları Kəmalə Neymanova və Səidə Tağızadə müşayiət ediblər.
Xanəndə Rəvanə Ərəbovanın ifasında "Sarı gəlin" xalq, Səid Rüstəmovun "Getmə-getmə" mahnıları, habelə "Mahur" və "Şur" təsnifləri tələbkar Şəki tamaşaçıları tərəfindən alqışlarla qarşılanıb. Xanəndəni tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov, nağarada Amil Mustafayev müşayiət ediblər.
Konsertin sonunda şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova çıxış edərək Qəbələdə keçirilən III Beynəlxalq Musiqi Festivalının Azərbaycanın mədəni həyatında çox əlamətdar hadisə olduğunu diqqətə çatdırıb.
O, bu möhtəşəm musiqi bayramının əhəmiyyətindən danışıb, festival çərçivəsində konsertlərdən birinin məhz Şəkidə təşkil edilməsinə görə tədbirin təşkilatçısı olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya şəkililər adından dərin minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB