“Davamlı inkişaf mədəniyyəti: formalaşma problemləri və perspektivləri” adlı Beynəlxalq Elmi Konfransı öz işinə başlayıb
Bu gün Muzey Mərkəzində "Davamlı inkişaf mədəniyyəti: formalaşma problemləri və perspektivləri" adlı Beynəlxalq Elmi Konfransı öz işinə başlayıb. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev konfransın mədəniyyət siyasətinin həyata keçirilməsində elmin iştirakını təmin etmək, habelə ölkədə mədəniyyət təzahürlərinin təhlilinə həsr olunan tədqiqatların dəstəklənməsi məqsədilə keçirildiyini vurğulayıb.
Nazir bildirib ki, bu cür tədbirlərin təşkili mədəniyyətlərarası sivilizasiyaların inkişaf etdirilməsinə xidmət edir: "Bildiyiniz kimi, nazirliyin nəzdində nəzəri və elmi mərkəzlər mövcuddur. Mərkəzlərin iştirakı ilə də bir sıra müxtəlif mövzularda tez-tez konfranslar keçiririk. Lakin bu beynəlxalq konfrans davamlı inkişafın mədəniyyətinə həsr olunub".
Konfransda qloballaşan sosial problemlər, mədəni proseslərin necə və hansı istiqamətə yönəlməsi məsələlərinin müzakirə olunacağını deyən nazir: "Bugünkü tədbirdə 5 ölkənin nümayəndəsi iştirak edir. Təxmini coğrafiya onu göstərir ki, burada müzakirə olunacaq məsələlər ölkəmizin bütün regionuna xas olan problemlərdir. Sözsüz ki, nəzəriyyəsiz bu mədəni inkişafın təminatı mümkünsüzdür",- deyə əlavə edib.
Elmi konfransda YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva "Davamlı inkişafın formalaşmasında YUNESKO proqramlarının rolu" mövzusunda çıxış edib. O bildirib ki, müasir dövrümüzün ən aktual məsələlərindən biri və son dövrlər həyatın ayrı-ayrı sferaları ilə bağlı leksikonumuzda ən çox istifadə edilən terminlərdən biri məhz "davamlı inkişaf termini"dir: "Davamlı inkişafın mühüm əhəmiyyət kəsb etməsi, həyatın bütün sferalarını əhatə etməsi, həmçinin inkişafın davamlılığına nail olunmasında təhsil, elm və mədəniyyətin əhəmiyyətli rol oynaması sözügedən məsələnin YUNESKO-nun daim diqqət mərkəzində olmasına səbəb olub. YUNESKO-nun fəal üzvlərindən biri kimi Azərbaycan da davamlı inkişaf məsələsinə, davamlı inkişaf mədəniyyətinin formalaşdırılmasına, eyni zaman bu mədəniyyətin təsdiqində böyük önəm verir".
Konfransda YUNESKO üzrə ekspert Nizami Məmmədov, Sankt-Peterburq Akademiyasının professoru Sergey Alekseyev, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov və başqaları çıxış ediblər.
Konfransda Rusiya, Ukrayna, Belarus və Litvadan tanınmış elmi qurumlar və müvafiq ali məktəblər təmsil olunur.
Qeyd edək ki, "Davamlı inkişaf mədəniyyəti: formalaşma problemləri və perspektivləri" adlı Beynəlxalq Elmi Konfransı sabah da işini davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB