Bursada “Azərbaycan günləri” keçirilib

Qarabağ Zəfərinin 5-ci ildönümü və Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə Türkiyənin Bursa vilayətində “Azərbaycan günləri” keçirilib. SİA xəbər verir ki, “Azərbaycan günləri” çərçivəsində “Gələcəyin İnsanları və İmkanları Məkanı – Azərbaycan Deyincə Dərnəyi”nin (GİMAZ DEDE) təşəbbüsü, Bursa Valiliyi, bu şəhərin Mədəniyyət və Turizm Müdirliyi, Bursa Böyükşəhər, Osmanqazi və Nilüfər bələdiyyələri, həmçinin ölkə daxilindən və xaricindən bir çox qeyri-hökumət təşkilatlarının dəstəyi ilə müxtəlif tədbirləri keçirilib.

Bursanın Merinos Atatürk Konqres və Mədəniyyət Mərkəzində təşkil olunan açılış mərasimi Türkiyənin və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi, şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb.

Mərasimdə Türkiyə, Azərbaycan, İraq–Ərbil, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Çuvaşıstan (Rusiya), Estoniya və Fransadan gəlmiş yazıçı, şair, elm, incəsənət və mədəniyyət xadimləri, jurnalistlər, həmçinin Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər iştirak ediblər.

Türk dünyasının mənəvi birliyinin nümayiş etdirildiyi tədbirdə GİMAZ DEDE dərnəyinin sədri Hüseyn Vəli Gözəloğlu Qarabağ Zəfərinin Türk dünyası üçün əhəmiyyəti və Bəxtiyar Vahabzadə yaradıcılığı barədə danışıb.

Tədbirdə çıxış edən şair və yazıçı Hayrettin Yazıcı Bəxtiyar Vahabzadənin yalnız Azərbaycanda deyil, bütün Türk dünyasında milli şüurun formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

Digər çıxışçılar da Bəxtiyar Vahabzadə irsinin Türk dünyasında birlik və qardaşlığı gücləndirdiyini vurğulayıblar.

Bursa Böyükşəhər Bələdiyyə sədrinin müavini Zafer Milli və şəhərin mədəniyyət və turizm müdiri Kamil Özer çıxışlarında belə genişmiqyaslı tədbirin Bursada keçirilməsindən məmnunluq duyduqlarını ifadə ediblər.

Türk dünyasının mədəni birliyini, qardaşlığını və ortaq dəyərlərini özündə əks etdirən, dörd gün davam edən “Azərbaycan günləri”ndə Bursanın Nilüfər rayonunda yerləşən Türkiyə–Azərbaycan Dostluq Parkı və bu şəhərin tarixi-mədəni məkanları ziyarət edilib, Bursanın müxtəlif bölgələrində tədbirlər keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə