Sumqayıt Teatrında yeni tamaşa - “Gəlinlərin savaşı” - FOTOLAR

Sumqayıt Dövlət Dram Teatrında görkəmli yazıçı Mirzəağa Atəşin “Şərəfin sandığı” pyesi əsasında “Gəlinlərin savaşı” adlı yeni komediya tamaşasının məşqlərinə başlanılıb. Bu barədə SİA-ya Teatrın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, rejissorlar Ümid Abbaszadə və Ləman Məmmədli, quruluşçu rəssam Osman Salmanov, musiqi tərtibatçısı Telman Qəniyev, rejissor assistenti isə Fazilə Rzayevadır.

Yeni səhnə əsərində Əməkdar artistlər Fəranə Musayeva, İlahə Səfərova, eləcə də aktyorlar İlahə Səfərova, Məryəm Hüseynli, Aynur Hümmətova, Şəmistan Süleymanlı, Kamran Muradlı, Emil Həmidov və Şəhriyar Aşkari rol alırlar.

“Gəlinlərin savaşı” ailə münasibətlərinə yumor prizmasından baxan, 3 ərköyün gəlinlə sülhsevər qayınananın qarşıdurması üzərində qurulmuş maraqlı komediyadır.

Gəlinlərin eqosu və qayınanaya qarşı davranışları ailədə gərginliyə səbəb olur. Lakin müdrik qayınana bu vəziyyəti zəka və təmkinlə həll edərək ailədə harmoniya yaradır.

Komediyada məişət münaqişələrinin doğurduğu gülməli vəziyyət tamaşaçını həm əyləndirəcək, həm də düşündürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə