Avqust ayının sonundan və sentayabrın əvvəlindən şagirdlərin məktəbə hazırlaşması valideynləri düşündürən əsas məsələ olaraq qalır. Onlar uşaqlarını həm səliqəli, həm də maddi cəhətdən daha uyğun qiymətə məktəb ləvazimatları və forması ilə təmin etməyə çalışırlar. Və bu niyyətlə də alış-veriş mərkəzlərinə üz tuturlar.

Bir anlığa düşünək ki, bir ailədə bir necə uşaq var. Bəs onda bu xərcləri ödəmək üçün vəsait çatacaqmı? Əlbəttə, bu sual valideynləri daha çox düşündürür, eyni zamanda bunu böyük problem də adlandıra bilərik. Ata və ana övladlarının hər cür qayğısına qalmağa, onları digər uşaqlardan fərqlənməyəcək şəkildə məktəbli ləvazimatları ilə təmin etməyə çalışır. Təbii ki, onların maddi cəhətdən vəziyyətləri bir o qədər yaxşı olmasa da bunları uşaqlara və ətrafdakılara bildirmək istəməzlər. Hər il yeni çanta, ayaqqabı, məktəbli forması, kitab və dəftər, üst geyimi almaq mümkün deyil. Əslində, bu, mümkün ola bilərdi, bazarda qiymətləri münasib olsaydı.

Düşünsək ki, 3 ildən bir formalarda müxtəlif dəyişikliklər edilir. Nəzərə alaq ki, yay və qış geyimləri də ayrıdır. Bir azdan ayaqqabıları belə standart seçəcəklər. Düzdür, məktəbli forması şagirdin səliqəli görünüşünü təmin edir. Biz geyimin eyni olmasına qarşı deyilik. Sadəcə, bu formalarlarda tez-tez dəyişikliyin olması, bazarda qiymətlərin bir qədər baha olması nə qədər düzgündür? Minimum əməkhaqqı alan valideyn övladını məktəbə necə hazırlasın?

Hələ bunun digər dərdi də var. Görəsən Bakı Tikiş Fabriki qısa müddətdə valideynləri ilə birlikdə növbə gözləyən məktəbliləri forma ilə təmin edə biləcəkmi? Çox valideyn günlərlə fabrikə gedib forma üçün növbədə dayanır. Axı, bu qədər şagirdə qısa müddət ərzində forma çatdırmaq mümkün də deyil. Vaxt az, şagird çox, valideynlərin madiyyat cəhətdən sıxışdırılmış vəziyyətdə...

Düşündükcə, dərinə getdikcə problemin daha böyük olduğunu görürük. 4 uşaqlı ailədə valideyn bütün uşaqlarına hansı pulla məktəbli forması alsın. Formadan başqa kitab, dəftər və digər ləvazimatların pulunu saymıram belə. Hesablasaq görərik ki, xərci daha çoxdur. Eyni zamanda qeyd edək ki, BTE-dən başqa yerlərdən forma almağa da icazə verilmir. Yəni forma almaq üçün bu istidə o növbədə dayanmağa məcbursan. Bu formalara olan diqqət və məcburiyyət bir az da oxumaq üçün olsaydı, indi ölkədə 700 bal toplayan tək abuturiyent Türkiyəni seçməzdi və ya atesttatla xaricə qəbul üçün sənəd verənlərin sayında artım olmazdı. Düşünürəm ki, formalara nəzarət mexanizmi yox, təhsilə və elmə nəzarət mexanizmi olmalıdır.

Bir necə ilə bu formalarda da problem tapıb dəyişməsələr yaxşı olar. Məktəblərin bufetlərinə, laborotoriyalarına, kamputer otaqlarına diqqət etsələr, hər ay uşaq dərsi mənimsəməmiş kiçik summativ qiymətləndirmə və ya böyük summativ qiymətləndirmə aparmaq əvəzinə tədris ilinin sonunda ümumi qiymətləndirmə aparıb, səviyyə göstəricilərini müqayisə edib müxtəlif monitorinqlər apararaq məktəblilərin bilikləri tam qavraması və yaxşı bildikləri fənnlər və sahələr üzrə təkminləşməsi üçün çalışmalıyıq.

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə