Mədəniyyətlərarası dialoq platformasından dünyaya mesaj TƏHLİL

Prezident İlham Əliyev: "Forum çox mühüm beynəlxalq platformadır və burada mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur"

Beynəlxalq tədbirlər məkanı olan Azərbaycan növbəti dəfə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edərək bir daha öz gücünü, təşkilatçılıq bacarığını ortaya qoymuş oldu. Mədəniyyətlərarası dialoq platformasına çevrilən forum 100-dən çox ölkənin nümayəndəsini bir araya gətirdi. "VI Mədəniyyətlərarası Dialoq Forumunda 100-dən artıq ölkənin nümayəndəsi iştirak edir. Bu, sözün əsl mənasında göstərir ki, Forum çox mühüm beynəlxalq platformadır və burada mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur". Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.
Azərbaycanın əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olduğunu bildirən Cənab Prezident bizim coğrafi mövqeyimizin, Şərq ilə Qərb arasında yerləşməyimizin bu tendensiyaya imkan yaratdığını diqqətə çəkib. Dövlətimizin başçısı qeyd edib ki, çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik Azərbaycan cəmiyyəti əsrlər boyu mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlığı qoruyub. Tolerant mühitin məkanına çevrilən Odlar diyarımız Azərbaycan sülsevər dövlət olaraq özünəməxsus xoşməramlı mesajlarını dünya ölkələrinə göndərir. Bu mesajlarda dinlərin və etnik qrupların nümayəndələrinin birgə yaşaması və ölkəmizin uğurlu inkişafına birgə töhfələr verən mövcud mühit öz əksini tapır. Azərbaycandakı birgəyaşayış mühiti müxtəlif xalqların və etnik qrupların dilinin, dininin və ümumilikdə mənəvi mədəniyyətinin inkişafına geniş imkanlar yaradır. Azərbaycanda tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun olaraq möhkəmlənib, dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Odlar diyarının "tolerant ölkədən tolerant dünyaya doğru" şüarını reallaşdırılmasını özünün hədəfi kimi müəyyənləşdirməsi də əbəs deyil. Azərbaycanda islam dini ilə yanaşı, xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır.

"AZƏRBAYCAN CƏMİYYƏTİNDƏ SÜLHÜN, SABİTLİYİN, HƏMRƏYLİYİN AMİLLƏRİNDƏN BİRİ MƏHZ MƏDƏNİ MÜXTƏLİFLİK VƏ QARŞILIQLI HÖRMƏTLƏ BAĞLIDIR"

Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik, milli-mənəvi birlik, tolerant mühit formalaşıb. Bütün dinlərə hörmətlə yanaşaraq müxtəlif dinlərin məbədlərinə qayğı və diqqət göstərilir, o cümlədən dini ocaqlara məscidlərimizə olan münasibət Azərbaycanda din-dövlət münasibətlərinin, vətəndaş həmrəyliyinin yüksək səviyyəsini nümayiş etdirir. "Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayır. Onlar Azərbaycanın dəyərli vətəndaşları, bizim dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır", - deyə Cənab Prezident bildirib: "Biz bu müsbət tendensiyaları, mədəni dialoqu və mədəni müxtəlifliyi gücləndirməliyik. Bütün bunlar əsrlərdən gələn nemətdir".
Azərbaycanda bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra etməkdədirlər. Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayır və Milli Məclisdə təmsil olunurlar. Ölkədə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir. Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkəyə çevrilib. Azərbaycan dünya miqyasında dinlərarası, millətlərarası münasibətlərin qurulmasında artıq nümunəvi ölkə kimi tanınır. "Azərbaycan cəmiyyətində sülhün, sabitliyin, həmrəyliyin amillərindən biri məhz mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlıdır", - deyə Prezident diqqətə çəkib ki, Azərbaycan daxilində mədəniyyətlərarası dialoq hər zaman müsbət olub. Prezident qeyd edib ki, multikulturalizm Azərbaycan vətəndaşları üçün hər hansı abstrakt məfhum deyil, həyat tərzidir. Azərbaycanda bütün dinlərin tarixi-dini abidələri qorunur, bərpa edilir, tikilir. Ölkəmizdə abadlaşdırılmış Pravoslav Dini-Mədəni Mərkəzi, Katolik məbədi, İmamzadə kompleksi, möhtəşəm Heydər Məscidi Azərbaycanda olan mühitin təzahürüdür. Bütün bunlarla yanaşı, Rus Pravoslav Baş Kafedral Kilsəsi, "Xilaskar" Yevangelik-lüteran kilsəsi, Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsi dövlət tərəfindən təmir olunub, Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzi inşa edilib.
Ölkəmizdə olan çoxsaylı xristian icması cəmiyyətimizin ayrılmaz və fəal hissəsidir, onların abidələri və ibadət yerləri, kilsələr Azərbaycan dövləti tərəfindən tam mühafizə edilir və mütəmadi olaraq bərpa edilir.

"QOŞULMAMA HƏRƏKATININ TƏSİSATLANMASI GƏLƏCƏKDƏ DƏ DAVAM EDƏCƏK"


"Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik. Biz çoxtərəflilik dəyərlərini 2019-cu ildən bu ilin əvvəlinə qədər Qoşulmama Hərəkatında təşviq etmişik", - deyən Prezident Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə onun təsisatlanması istiqamətində mühüm addımlar atdığını vurğulayıb.
Azərbaycanın BMT-dən sonra ikinci böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrliyi kifayət qədər uğurlu və əksər üzv dövlətlər tərəfindən nümunəvi sədrlik olaraq təqdir edilməkdədir. Sədrlik dövründə Azərbaycan Respublikası Hərəkatın beynəlxalq münasibətlər sistemindəki əvvəlki nüfuzunu bərpa etməyə yönəlmiş və heç bir beynəlxalq aktorla ziddiyyətə getmədən "Bandunq Prinsipləri"nin təşviqinə köklənmiş siyasət sərgiləyib. Sədrliyin böyük bir hissəsinin COVID-19 pandemiyasının yayılmasının intensiv dövrünə təsadüf etməsinə baxmayaraq, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüslər sayəsində mövcud çağırışlar yeni əməkdaşlıq imkanlarına çevrilib. Azərbaycan, həmçinin Hərəkatın təsisatlandırılması istiqamətində mühüm addımlar atıb. Dövlətimizin başçısı ölkəmizin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin, Gənclər Təşkilatının və Qadınlar Platformasının yaradıldığını xatırladaraq bildirib: "Əminəm ki, Qoşulmama Hərəkatının təsisatlanması gələcəkdə də davam edəcək".
Sülhə nail olmaq imkanlarına maneə törədən qeyri-sabit dövlətlər Azərbaycandakı əmin-amanlıqdan, tolerantlıq ənənələrini görürlər. Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir və bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu və onlarla belə tədbirləri keçirməklə, dünyanın diqqətini özünü cəlb edən Azərbaycan bu və ya digər tədbirlərlə xalqlar və dövlətlər arasında əməkdaşlığa xidmət edir. Sülh içində yaşayan plüralist və demokratik cəmiyyətlər qurmaq üçün dağıdıcı cərəyanlara qarşı birlikdə mübarizə aparmağın vacibliyi əsas məsələ kimi bu və ya digər məsələr müzakirə olunur.

"DÜNYA İYRƏNC NEOKOLONİALİZM PRAKTİKASINA GÖZ YUMMALI DEYİL"

Azərbaycan Prezidenti Cənab İlham Əliyevin məlum sərəncamları ilə ölkəmizdə 2016-cı ilin "Multikulturalizm ili", 2017-ci ilin isə "İslam Həmrəyliyi ili" elan edilməsi bəşəri dəyərlərə olan ali münasbətin daha bir təzahürü idi. Dünya ictimaiyyəti Azərbaycanın nümunəvi tolerantlıq modelini, dinlərarası dialoq mədəniyyətini qəbul edir və öyrənir. Təbii ki, hər hansı bir cəmiyyətdə sosial tolerantlığın bərqərar olmasında və multikultural dəyərlərin tərəqqisində siyasi hakimiyyətin iradəsi əvəzsizdir.
Ölkəmiz sülh və əmin-amanlıq şəraitində yaşayır. Belə bir ölkə tolerant dövlət kimi də tanınır. "Dünya iyrənc neokolonializm praktikasına göz yummalı deyil. Bu, assimilyasiyaya, məcburi assimilyasiyaya aparır. Bu, Fransanın 10-dan artıq dənizaşırı ərazisində baş verir. Buna son qoyulmalıdır”, - deyə dövlətimizin başçısı bildirib.
Qlobal sülhün qorunması, dayanıqlı inkişaf, ədalətli bölüşmə, regional rifah və inkişafda uçurumun azaldılması önəmli hədəflər sırasında olduğundan Azərbaycan məəhz belə mövzuların müzakirə edilərək, mühüm qərərlar qəbul edilən dövlət kimi yüksək imicə sahibdir. Dünyanın müxtəlif regionlarında sabitliyin pozulduğu, ekstremizmin və terrorçuluğun genişlənməsinin təhlükəli hal aldığı zamanda onların qarşısını almaq üçün siyasi yolların axtarılması və bəşəriyyəti irəliyə doğru aparacaq ideyaların təşviqinin gücləndirilməsi zərurəti yaranıb. Dünyanın müxtəlif yerlərində müxtəlif zəmində toqquşmaların baş verdiyi halda, Azərbaycan sülhün və həmrəyliyin carçısına çevrilib. Mədəniyyətlərarası Forum, məhz belə halların qarşısının alınmasına öz töhfələrini verir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə