Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə təbrik məktubu ünvanlayıb. SİA xəbər verir ki, təbrik mətnində deyilir:

"Hörmətli neft sənayesi işçiləri!

Sizi böyük iftixar hissi ilə “Əsrin müqaviləsi”nin 30 illiyi və peşə bayramınız − 20 Sentyabr Neftçilər Günü münasibətilə ürəkdən təbrik edirəm!

Ölkəmiz üçün əlamətdar tarixi hadisə olan “Əsrin müqaviləsi” və Neftçilər Günü məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Otuz il öncə Ulu Öndərin uzaqgörən siyasəti və dəmir iradəsi sayəsində imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın inkişafında dönüş nöqtəsi oldu, ölkəmiz beynəlxalq enerji layihələrinin fəal iştirakçısına çevrildi. Xarici tərəfdaşlarla birlikdə reallaşdırılan iri layihələr enerji xəritəsində ölkəyə strateji mövqe qazandırmaqla yanaşı, dünya enerji təchizatının sabitliyinə də töhfə verdi.

Ümummilli Lider bu böyük layihəni həyata keçirməklə Azərbaycanın gələcək nəsillərinə iqtisadi müstəqillik və davamlı inkişaf mirası qoydu. Ötən 30 ildə ölkə iqtisadiyyatı gücləndi, Azərbaycanın regional və qlobal səviyyədə mövqeyi möhkəmləndi. İri xarici sərmayələr cəlb olundu, infrastruktur müasirləşdi, yeni iş yerləri yaradıldı və əhalinin həyat şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdı.

Azərbaycan neft-qaz sektorunun inkişafı, şaxələndirilmiş enerji siyasəti, müasir enerji infrastrukturu və beynəlxalq əməkdaşlıq sayəsində etibarlı tərəfdaşa və nümunəvi ölkəyə çevrilib. Artıq dünyanın on ölkəsini mavi yanacaqla təchiz etməsi və enerji layihələrinin əhatə dairəsini davamlı genişləndirməsi regionda ölkəmizin əhəmiyyətini artırır, həmçinin yeni iqtisadi sahələrin inkişafına imkanlar yaradır.

Qlobal çağırışları nəzərə alaraq, Azərbaycan bərpaolunan enerji resurslarının artırılması üçün yeni təşəbbüslər həyata keçirir. “Yaşıl dünya naminə həmrəylik ili” və Azərbaycanın ev sahibliyi edəcəyi COP29 beynəlxalq tədbiri dayanıqlı enerji mənbələrindən geniş istifadə, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı baxımından fürsət olmaqla, qlobal ekoloji problemlərin həllinə mühüm töhfə verəcəkdir.

Daim inkişaf edən neft-qaz sektoru hazırda yeni tarixi dövrünü yaşayır. Ötən illər ərzində qazanılan böyük uğurlar enerji sahəsinin inkişafı və onun təməli olan “Əsrin müqaviləsi” ilə bilavasitə bağlıdır.

Sizin Azərbaycan neft sənayesindəki uğurlarınızın gələcək nəsillərə də örnək olacağına inanıram. Əminəm ki, fədakar əməyinizin bəhrələri hələ uzun illər xalqımıza xidmət edəcək. Bu yolda hər birinizə yeni nailiyyətlər və müvəffəqiyyətlər arzulayıram!".

Bütün xəbərlər Facebook səhifəmizdə