“Qələbələrimiz xalqımız üçün müstəsna əhəmiyyət daşıyan hadisədir” - ŞƏRH EDİLDİ
“Bu gün hər birimiz Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpa edilməsinin ildönümünü böyük fəxr və qürur hissi ilə qeyd edirik. Azərbaycan 44 günlük Vətən Müharibəsində möhtəşəm Zəfər qazanmaqla şanlı tarix yazdı. Bundan sonrakı mərhələdə isə cəmi bir günlük antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin edildi, sərhədlərimiz bütövləşdi. Bu tarixi uğurlar dünya durduqca Azərbaycan xalqının əbədi qürur mənbəyi olacaq”. Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın direktor müavini, siyasi ekspert Sahil Kərimli deyib.
O bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi nəticəsində Azərbaycanın qüdrətli ordusu bu Qələbəyə imza atıb: “Azərbaycan dövləti həm uzun illər davam edən erməni işğalına son qoyub, həm də separatizmin və terrorçuluğun kökünü tarixi ərazilərimizdən birdəfəlik kəsib. Ölkəmiz həm də işğalçı Ermənsitanı dəstəkləyən, separatizmi qızışdıran bəzi beynəlxalq siyasi dairələri, Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdən ölkələri yerində oturdub. Məhz həmin qüvvələrin dəstəyi və havadarlığı ilə Ermənistan 2020-ci ilin 10 noyabrında kapitulyasiya aktına imza atarkən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirdi.
Ermənsitanın siyasi rəhbərliyi işğalı davam etdirməyə, Qarabağda fəaliyyət göstərən separatçı rejimə dəstək verməyə çalışırdı. Lakin, Azərbaycan öz ordusunun gücü ilə istəyinə nail oldu və dünyada bənzəri olmayan siyasi iradə və qətiyyət, yüksək səviyyədə hərbi peşəkarlıq nümayiş etdirdi. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında sərəncam imzalaması hər birimiz üçün əvəzedilməz sevinc və qürur hissi yaşadır. Bu tarixi Qələbələrimiz Azərbaycan xalqı üçün müstəsna əhəmiyyət daşıyan hadisədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə