Bu, Azərbaycana göstərilən etimadın təzahürüdür

Mayın 1-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Malayziya Parlamenti Senatının sədri Datuk Mutanq Taqal ilə görüşüb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti haqqında danışılıb. Forum çərçivəsində keçirilən "Mədəni irsin qorunmasında qanunvericiliyin və qabaqcıl təcrübələrin rolu" mövzusuna həsr olunmuş Parlamentlərarası Konfransın sözügedən mövzunun parlamentarilər tərəfindən müzakirəsi və qanunverici orqanlar arasında dialoqun daha da dərinləşdirilməsi baxımından önəmi diqqətə çatdırılıb. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə “Bakı Prosesi” əsasında yaradıldığını xatırladan Milli Məclisin sədri Sahibə Qafarova bu Forumun hazırda mədəniyyətlərarası dialoq, dünyamızı narahat edən, birgə səylər və əməkdaşlıq tələb edən məsələlər üzrə açıq müzakirələr üçün beynəlxalq səviyyədə mühüm platformaya çevrildiyini bildirib.

Həmçinin Azərbaycan və Malayziya arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ötən il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olub. Müxtəlif sahələrdə əməkdaşlıq ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün möhkəm zəmin yaradır. İkitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin müstəsna rolu qeyd edilib.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlarda, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatında da əməkdaşlıq etdiyi və bir-birini dəstəklədiyi vurğulanıb. Parlamentlərimiz arasında qarşılıqlı fəaliyyətin dövlətlərarası münasibətlərin inkişafına mühüm və müsbət təsir göstərən istiqamətlərdən biri olduğu ifadə edilib. Qeyd olunub ki, parlamentlərimiz arasında qarşılıqlı səfərlər münasibətlərin daha da dərinləşməsinə töhfə verir. Dostluq qrupları arasında təmasların gücləndirilməsinin önəmi vurğulanıb.

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdıran Malayziya Parlamenti Senatının sədri Malayziyanın Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirərək, iki ölkə arasında əlaqələrin bir sıra sahələrdə daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib. Senat sədrinin sözlərinə görə, dövlətlər arasında münasibətlər xalqlarımızın daha da yaxınlaşmasına töhfə verir. O, siyasi dialoqla yanaşı, təhsil, mədəniyyət, gənclər siyasəti sahəsində əməkdaşlıq imkanları barədə də fikirlərini bölüşüb.

Söhbət zamanı Mutanq Taqal ölkəsinin qanunverici orqanlar arasında da dialoq və əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdıraraq, qarşılıqlı səfərlərin bu istiqamətdə töhfə verəcəyinə inamını ifadə edib.

COP29-un bu il ölkəmizdə keçirilməsi ilə əlaqədar təbriklərini çatdıran qonaq qeyd edib ki, belə mühüm qlobal tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən böyük etimaddır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə