Qarabağın işğalı ilə yaşıd Minsk qrupu- Münasibət Köşə

Bəli, 30 il idi ki, Qarabağ qonşuluqdan kənar ermənilərin haqsızlığına, ədalətsizliyinə uğramışdı. Əslində bu məsələni bu cür ifadə etmək də bir qədər düzgün deyil. Yəni ermənilər havadarlarının dəstəyi olmadan təklikdə Qarabağı işğal etməyə qadir ola bilməzdilər. 30 il idi ki, kürəklərinə əl qoyanların dəstəyi ilə də işğal altında idi.

Təsadüfə bax, Minsk qrupu da 30 yaşındadır. Tam Qarabağın işğalı ilə yaşıd. 30 il idi ki, biz onlardan bir tərpəniş, bir hərəkət gözləyirdik. Onlar isə yerlərindəcə susurdular. Qarabağın azadlığı, qan tökülməməsi, dinc yolla bu məsələnin həlli üçün dəfələrlə müraciətlərimizə baxmayaraq Minsk qrupu varlığını büruzə vermədi. Daha doğrusu, ya bacarmadı, ya da bacarmağa qoymadılar.

Biz nə etdik? Cənab Prezidentimizin hər zaman söylədiyi kimi, danışıqlar yolu ilə olmasa da, müharibə yolu ilə torpaqlarımızı geri qaytardıq. Həm də bunu 44 gün ərzində mümkün etdik. Minsk qrupu isə elə kənardanca baxa-baxa, susa-susa qaldı.

Prezident İlham Əliyevin Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında nitqindəki “...Minsk qrupu artıq yoxdur. Düzdür mən, bir neçə ay bundan əvvəl, hələ Rusiya-Ukrayna müharibəsindən əvvəl demişdim, məndən soruşmuşdular ki, Minsk qrupu nə ilə məşğul olacaq? Dedim ki, 2022-ci ildə onların yaranmasının 30 illik yubileyidir. Yubiley keçirəcəklər, sonra pensiyaya gedəcəklər. Amma Rusiya-Ukrayna müharibəsi başlayandan sonra heç yubiley keçirməyə bunlarda fürsət olmadı” dəyərli fikirlərindən bəhrələnərək bu yazını yazdım. Yazmaqla da üzümü Minsk qrupuna tutub demək istədim ki, sən Qarabağın işğalı ilə yaşıd idın. 30 ilin sonunda Qarabağ azad olundu, Azərbaycan Zəfər çaldı. Bax, bu gün dünya azərbaycanlıları Şuşadadırlar, Zəfər qurultayında iştirak edirlər. Biz torpaqlarımızı da azad etdik, Zəfəri də daddıq. Sənə isə yubileyini təntənəli şəkildə qeyd etmək nəsib olmadı. Rusiya-Ukrayna müharibəsi buna fürsət yaratmadı. Çünki sən bu yubileyi haqq etmirdin. Elə bu səbəbdən də zaman da sənə tərəf işləmədi.

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə