QUZEYDƏN GÜNEYƏ - 50 MİLYONLUQ ŞUŞAMIZ! KÖŞƏ YAZISI

Nəhayət! Şuşamızda 50 milyonluq dünya Azərbaycanlılarını bir araya gətirən möhtəşəm Qurultay öz işinə başlayıb və bu gün Şuşamızda 50 milyon soydaşlarımızın ürəkləri fəxrlə, qürurla döyünməkdədir. Quzeydən Güneyə qədər Yer kürəsini bürüyən bütün milli heysiyyatlı insanlarımız Onun – Müzəffər Liderimizin şüarını deyirlər – QARABAĞ AZƏRBAYCANDIR!

Və əlbəttə ki, biz Liderimizin qurultayın açılışı əsnasındakı önəmli mesajlarını da diqqətlə izləyir və hər bir cümləsinin mahiyyətini, tarixi önəmini dərk edirik. Təkcə bu ifadələrdə daha hansı fəxarət, qürur, yüksək ruh hissləri yoxdur ki?

“Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər Qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, Dünya Azərbaycanlıları toplaşır, Qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır”.

Bəli, bu tarixi Zəfərimizin tarixi Qurultayıdır və ilk növbədə 200 ildən sonra yaşanan reallığın, Dünya Azərbaycanlılarını toplayan gücün, qüdrətin bariz təcəssümüdür. Bu, Azərbaycanlıların öz torpağına sahib çıxmasının, müqəddəs Vətən torpaqlarının bir daha və əsla (!) yağı tapdağı altına atılmayacağının sübutudur! Bu, millətin, soyun səsidir!

Məhz bundan sonra dünyanın müxtəlif ölkələrindən Şuşaya axışıb gələn və vahid yumruq kimi birləşən millətimizin nümayəndələri görün yenidən həmin ölkələrə geri döndükdən sonra öz gözləri ilə gördükləri həqiqətləri beynəlxalq aləmə necə çatdıracaqlar. Çünki gözlə görülən reallıq başqa olur, təbii olur və Şuşaya qədər işğaldan azad edilmiş ərazilərimizdən keçən, Zəfər Yolunu qət edən qurultay iştirakçıları bu yol boyunca 30 ilə yaxın işğalda qalmış ərazilərimizdəki dağıntıları, erməni vandallıqlarını seyr etdilər, şahidlik etdilər. O cümlədən, aparılan quruculuq, bərpa işlərini də müşahidə edərək həmin gerçəklikləri olduğu kimi dünyaya bəyan edəcəklər.

Bu Qurultay həm də daha bir anonsu verir – hazırda Şuşadan, Cıdır Düzü zirvəsindən bu şəhərin dumanları altındakı Xankəndimiz də görünür və Dünya Azərbaycanlılarının Zəfər şüarları bu qədim şəhərimizə də gedib-çatır. Xankəndinin də ürəyi çırpınır ki, onun əsl sahibləri yetişsinlər və onu bağırlarına bassınlar. İnanın ki, çox qısa müddətdə bu da olacaq. Hətta Allah deyən olsun, növbəti Qurultay Xankəndidə də keçirilə bilər və buna hər birimiz qətiyyətlə inanırıq və bilirik ki, belə də olacaq. Əlbəttə ki, belə mötəbər hisslər qəlbimizi genişləndirir və inamımızı daha da artırır. Bu inamımız isə hətta Xankəndidən Zəngəzura, oradan İrəvana qədər yol alır!

Bütün xəbərlər Facebook səhifəmizdə