Bahalı evli, bahalı maşınlı qadın müğənnilər – uğurun sirri

Təsadüfən qarşıma bir qadın müğənninin fövqəl açıqlaması çıxdı. Etika xətrinə adını yazmıram, amma saytlarda gedb. Sadəcə, həmin o az qala ümumbəşəri bəyanata bənzəyən fövqəl açıqlamanı oxuyarkən, daxilimdə istər-istəməz bir hiss, qəribə, tükürpədici fikir formalaşdı. Məhz bu barədə də yazmağı qərara aldım. Axı nə edim, mənim də dəyişən dəli dünyamızda ayaqda qalmağımın səbəbkarlarından biri dərdimi bölüşdüyüm, hərdən-birdən də yağlı mürəkkəblə yazan qələmimdir.

Nə isə... Deməli, həmin müğənninin təhtəlşüur fikirlərində bildirilir ki, sən demə, telekanalların birində yayımlanan "Söz baz" (ada bax eee) verilişinə dəvət olunan müğənni ona maddi dəstək olan vəzifəli (?) şəxsdən danışıb və həmin insanın ona bahalı ev və maşın da hədiyyə etdiyini bildirib. Diqqət yetirin, bahalı ev və maşın! Yəni “bahalı” ifadəsi xüsusilə vurğulanıb nəyə görəsə. Amma nəyə görə? Onu da yavaş-yavaş analiz edək. Deyir ki, bu barədə heç yerdə danışmayıbmış, indi isə artıq vaxtıdır, bu haqda açıqlama verməlidir. Və sən demə el-aləm, bütün kürreyi-aləm, yer üzünün bütün qitələrində yaşayan milyardlarla bəşər övladları gecə-gündüz dərdindən-qəmindən gecələr yata bilməyərək, yorğan-döşəklərində qanın-tərin içində ora-bura çevrilib yuxularını bada verərək bu qadın müğənninin bahalı ev və maşınını necə əldə etdiyini düşünüblərmiş. O da gözünədöndüyüm saxlayıb-saxlayıb və nəhayət (!) “Söz baz” adlı verlişdə sözügedən möhtəşəm sirrini xalqa bəyan edib, özü də izahla!

Qadın deyir ki, bir adam var imiş və o, bununla çox görüşmək istəyirmiş. İndi isə sözlərə diqqət: “Bilirsiniz də, xanımlara bir çox təkliflər olur. O, çox təkid edirdi. Dedim ona bildirin ki, mən təmiz insanam. O, mənə yardım etmək istəyirdi. Mən onun yardımından imtina etdim. Həmin insan çox təəccübləndi. Deyib ki, mən bunu araşdıracam, əgər “K” (müğənninin adını özüm yazmıram) düz yolun yolçusudursa, mən ona bu yardımları təmənnasız edəcəm. O, çox hörmətli, vəzifəli şəxsdir və məni çox sevirdi. Mənə maşın, ev aldı...”

Pəkəla! Çox mübarək, hədiyyələriniz bol olsun, hətta lap çox olsun, amma...

Adi bir insan, müğənni ikicə dəqiqənin içində baxın-görün özünü el dili ilə desək, necə mətaha mindirib. Yəni ifadələrindən də bunu sezmək, ayırd etmək elə də çətin deyil. Təkəbbür və özündənmüşəbehlik! Qayıdıb deyəsən ki, ay müğənni xanım, imtina etmişdinsə sonuna qədər edərdin da, daha əzilib-büzülməklərdən, dartmalardan sonra niyə həmin hədiyyəni qəbul etdin? Daha doğrusu, marağın yox idisə, daha “mən belə, mən elə” deyib də sənin etirafını oxuyanları, dinləyənləri o qədərmi avam hesab edirsən? Çox şükür ki, indi balaca-balaca uşaqlar da gözaçıqdırlar və nəyin-necə olduğunu böyüklərdən də yaxşı bilirlər. Yəni hansısa müğənninin hansısa maşını, hansısa evi (baha, ya da qeyri-baha olmasına baxmayaraq) varsa sağlığına qismət olsun, amma onu mövcud vəziyyətdə xalqın gözünə zorla sırımağa nə hacət var idi ki?

Qaldı ki “vəzifəli şəxs” deyilən adama, onun da bir əmisi sabiq nazir, atası isə keçmiş deputat olub. Hətta o şəxsin “vəzifəli” adlandırılmasına baxmayaraq, onun vəzifəsi barədə bir kəlmə də olsun deyilməyib, əslində, heç maraqlı da deyil. Maraqlı olan budur ki, o “səxavətli” və azmüddətli “eşqə düşən” şəxs gənc yaşlarındadır və şəkili soydaşlarımız demişkən, şiklinə baxanda da görünür ki, heç vaxt öz zəhməti ilə, alın təri ilə pul-para qazanmayıb. Bəlkə də “lapatkanı”, kərkini, dreli doğru-dürüst tutmağı bacarmır, necə ki, pul-paraları əlində tutmağı bacarır. Dədə bir yandan, əmi də o biri yandan qəşəngcənə yığıb-toplayıb, bu da onların “şotuna” yekəxanalıq edə-edə bahalı ev, bahalı maşın alaraq paylayır “K”lara, “M”lara, “Z”lara və s...

Bəli, indi bir çoxları mənə irad tutub deyə bilərlər ki, axı sən nə bilirsən, bəlkə həmin o müğənni xanıma qarşı müvəqqəti eşqə düşən şəxs qazilərə, şəhid ailələrinə, yaxud müvafiq fondlara yardımlar edib və s..? Fəqət, edibsə belə, əminəm ki, bu yazı dərc olunana qədər ehtiyaclı olanlara nə bahalı (!) evlər, nə də bahalı (!) maşınlar hədiyyə ediblər. Onlar asan, əziyyətsiz gəlirlərini bax bu cür məsələlərə xərcləyirlər. Nə deyirik, etsinlər, amma arada-sırada kimlərin müqabilində bu həddə çatmaları barədə düşünüb-daşınsınlar! Düşünsünlər ki, üzərində gəzməklə farmazonluq etdikləri bu torpaqların üzərinə uğrunda canlarını fəda etmiş oğullarımızın qanları hopub, bu elin-obanın dərdini qələmlərinə yükləyən mirzələr, qələmdarlar var ki, məhz onların yazıb-pozduqlarının hesabına rahatca həyat sürürlər, üstəlik, bahalı hədiyyələri ilə özlərini müğənnilərin qarşısında “xeyirxah”, “əliaçıq”, “comərd” kimi göstərirlər. Amma di gəl...

Çox uzatmayım, gəlim əlqərəzə və həmin müğənniyə də mübarəkdir, sağlığına qismət deyək və əlavə edək ki, çox da zildən getmə, səsin-zadın batar, daha hədiyyə-zad verən də olmaz...

P.S. Belə də, VaAllah indi o qədər adam var ki, həyatlarının yarısını geridə qoyublar, amma nə evləri, nə eşikləri var, hətta velosipedləri belə yoxdur!

Bütün xəbərlər Facebook səhifəmizdə