“KVN”in “Şuşa”dan imtinası yoxsa..?

Bugünlərdə heç də xoş olmayan, hətta hiddət doğuran bir xəbər qanımı, eləcə də bir çox soydaşlarımızın qanlarını əməlli-başlı qaraltı. Sosial şəbəkələrdə xəbərlər tez yayılır və o günləri gözümə dəyən və haqqında bəhs etdiyim həmin xəbər də məhz qanqaraldıcığı, hiddətdoğuruculuğu ilə hər birimizi düşünməyə vadar etdi: axı niyə, nə üçün, hansı əsasla?! Elə isə keçək mövzuya.

Rusiyanın Soçi şəhərində keçirilən 33-cü beynəlxalq Şən və Hazırcavablar Klubu (ŞHK) – “KVN” adlandırdığımız yarışda iştirak edən “Şuşa” adlı Azərbaycan komandası adını dəyişdirib. Deyilənə görə, “KVN” komandası məhz Aleksandr Maslyakovun tələbi ilə bu addımı atıb. Daha dəqiq desək, ermənilərin narazılığı ilə yarış rəhbərliyi Azərbaycan komandasına adını dəyişməyi təklif (məncə isə tələb-R.) edib və “Şuşa” da dərhal adını dəyişdirib – komandaya “Buta” adı verilib. Nə demək olar, “Buta” da öz sözümüzdür, milli ornamentimizdir. Lakin məsələnin mahiyyəti başqadır...

Mahiyyət isə onadır ki, bugünə qədər Azərbaycanın haqlı narazılıqlarına görə ermənilərin bir çox təxribatçı əməlləri müxtəlif idman, mədəniyyət, yaradıcılıq və s. tədbirlərində iflasa uğradılıb. Yəni ermənilərin Azərbaycan ərazilərini işğal altında saxladıqları müddətdə əsrlərə söykənən milli-tarixi toponimzlərimizi saxtalaşdıraraq onları özünküləşdirmək cəhdlərinin qarşısı dəfələrlə alınıb. Hətta bu gün bir çox vətənpərvər ictimai qurumlar, sosial şəbəkələrdə fəaliyyət göstərən aktiv milli, patriotik qruplar, həmçinin müvafiq dövlət strukturlarımız Google Maps-da saxtalaşdırılmış erməni toponimlərinin dəyişdirilərək öz əzəli Azərbaycan adları ilə bərpa olunması yönündə çoxsaylı uğurlara imza atıblar, bu gün də həmin proses uğurla davam etdirilir. Misal üçün, ermənilərin saxta “stepanakertləri” Xankəndi, “şuşiləri” Şuşa, “aknaları” Ağdam, “carakanları” Cəbrayıl, “karvaçarları” Kəlbəcər, “berdzorları” Laçın, “martuniləri” Xocavənd, “mardakertləri” Ağdərə və s. tarixi toponimlərimizlə bərpa olunub. Amma...

Amma bu dəfə ermənilərin bilavasitə Azərbaycanın qədim şəhəri olan Şuşanın adının Azərbaycanın “KVN” komandasına verilməsinə qarşı həyasız etirazları və bu etirazlara görə komanda üzvlərinin dərhal ipə-sapa yatmaları, boyun əymələri sadəcə və ən yumşaq şəkildə ifadə etsək yolverilməd idi.

Sual yaranır: niyə və hansı səbəbdən? Şuşa, eləcə də bütün Qarabağ əraziləri daxil beynəlxalq hüquqda da, tarixi sübutlarda da Azərbaycanın əzəli torpaqları kimi tanınır və əgər həmin reallıq mövcuddursa, kimlərinsə yersiz tələblərinə görə bu addan nəyə görə inkar edildi ki..?!

Məgər Azərbaycanın igid ərənləri ona görəmi dişləri-dırnaqları ilə, canları bahasına, gözlərini qırpmadan, ölümün üzünə dik baxa-baxa, şəhid olacaqlarını bilə-bilə Topxanadan, Cıdır Düzdündən, Daşaltıdan sıdlrımlı, ucuşiş qayaları qət etməklə Şuşaya qalxdılar və mənfur düşməni öz çanağındaca qanında boğub, onu məhv etdilər?! Ona görəmi “Şuşa” adından imtina etməyinizlə yanaşı döşünüzə taxdığınız və milli qürur atributumuza çevrilmiş Xarıbülbül nişanlarını da çıxarıb qoydunuz cibinizə ki, amandır, birdən bizi yarışlardan kənarlaşdırarlar-filan?! Heç bu əməlinizə görə utandınızmı?!

Çünki bunun sonrakı niyələri də var, deyim biləsiniz. İndi “KVN”də çıxış edən ermənilər bu olayı əllərində bayraq edib öz ənənəvi xislətlərini işə salacaq və “şuşi” haqqında nağıllar danışmağa başlayacaqlar. Özü də bütün bunlar bilavasitə Rusiyada (!) baş verir, üstəlik ermənilərin çoxluq təşkil etdikləri Soçi şəhərində!

Hər halda, ədalətli nəticə çıxarılmaq şərti ilə ermənilərin “tələblərinə” Maslyakov tərəfindən rədd cavabı da verilə bilərdi, verilmədi təəssüf ki...

Yeri gəlmişkən, bəs “KVN”nin münsiflər heyətinin daimi üzvlərindən olan və etiraf edək ki, vətəni Azərbaycanın maraqları üçün kifayət qədər mühüm işlər görən, həmçinin nəinki Rusiyada, eləcə də bir sıra digər ölkələrdə böyük nüfuzu olan Yuli Qusman görəsən niyə susdu?! Niyə belə bir vacib məqamda aşkar erməni idbarlığının, həyasızlığının qarşısı alınmadı və irəli sürülən tələb rədd edilmədi, hətta cəəhd belə göstərilmədi?! Suallar çoxdur və bu uğursuz olay həqiqətən də Azərbaycanın bütün arenalarda təcəssüm etdirdiyi qələbə ruhuna yaraşmayan hadisədir.

“KVN” komandasının “Şuşa” adından qoyulan tələblərə rəğmən, nəyin bahasına olursa-olsun baş verməməliydi. Hətta yarışlardan kənara çıxarılması bahasına inadla, qətiyyətlə bu müqəddəs ad uğrunda mübarizə aparılmalıydı, amma bu da baş vermədi və bundan sonra Soçidə, ermənilərin qarşısında qələbə qazanmaları bizlərə sevinc-filan bəxş etməyəcək. Təəssüf ki, belədir və baş verənlərdən sonra yeganə uğurlu addım yalnız bu cür olardı: “KVN”də yeni “Şuşa” komandası yaradılmalı və beynəlxalq turnirlərə qatılaraq həmin olayın üzərindən çarpaz xətlər çəkməli, bu vasitə ilə düşmənlərimizə sərt cavab verilməli, onlara yerləri göstərilməlidir. Hətta bundan sonra belə bir təşəbbüs qarşıya qoyulan məqsəd olmalıdır, milli qürurumuzu müdafiə edən qətiyyətli məqsəd!

Bütün xəbərlər Facebook səhifəmizdə