Qazaxıstan olayları: qazax xalqı tarixi müdrikliyinə arxalanmalıdır KÖŞƏ YAZISI

Artıq bir neçə gündür ki, Qazaxıstanda baş verən məlum və təəssüfedici olaylar region ölkələrinin də diqqətini bu respublikaya tərəf yönəldib. Lakin bəri başdan deyək ki, qazın artırılmış qiyməti ilə bağlı başlayan etirazlardan sonra digər tələblər də irəli sürüldü və onların hər biri demək olar ki, hökumət tərəfindən yerinə yetirildi. Üstəlik, hökumət istefaya getdi və proseslərin sonrakı gedişatı ilə bağlı, yəni vəziyyətin normallaşdırılması istiqamətində atılacaq bəzi addımlar da etirazçılara açıqlandı. Lakin...

Lakin bütün bunlara rəğmən, etirazçılar tətbiq edilən fövqəladə vəziyyətə və komendant saatına baxmayaraq ölkənin müxtəlif şəhərlərində qanunsuz əməllər törətməyə davam etdilər. Polis maşınları yandırıldı, dükan və iaşə obyektlərinə basqınlar düzənləndi – bir sözlə etirazçı kütlə arasında yer alan şəxslər tərəfindən talançılıq və yağmalama halları yaşandı. Belə olan halda isə polis güclərinin qanunun imkan verdiyi mümkün vasitələrdən istifadə edərək hadisələrin daha böyük fəsadlara yol verməməsi üçün addım atmasından başqa çarəsi də qalmır.

Sabah isə dağıdılan, yandırılan hər şey yenidən bərpa olunmalıdır...

Digər tərəfdən isə daha bir nüansı qeyd etmək olar. Bu gün Alma-Atada, Çimkənddə, Aktauda, Nur-Sultanda, Aktobedə və s. şəhərlərdə yandırılan polis və yanğınsöndürən maşınları, digər texnikalar, habelə şəhərin küçələrindəki inşa edilmiş müxtəlif məqsədli tikililər və s. yerlərin dağıdılması – bütün bunlar bilavastiə vergi ödəyciləri olan qazax xalqının, Qazaxıstan vətəndaşının bəhrələridir. Və əgər bütün bunları yandıranlar, məhv edənlər varsa, onlar, ilk növbədə, sadə xalqın ödədiyi vergiləri hədəfə alırlar. Sabah isə dağıdılan, yandırılan hər şey yenidən bərpa olunmalıdır və söz yox ki, onlar da vergi ödəyicilərinin dövlət büdcəsinə yatırdıqları vəsaitlər hesabına ödəniləcək! Məsələn, əgər dövlət polis maşınlarının bərpası, yenidən alınması, digər məhv edilmiş texnikaların əldə edilməsi üçün pullar xərcləyəcəksə, talançılıqlar, yağmalamalar olmasa idi həmin pullar yeni uşaq bağçalarının inşasına, sosial obyektlərin tikintisinə, yaxud təqaüdlərin və pensiyaların artırılmasına, həmçinin digər sosial yönümlü məqsədlərə xərclənə bilərdi. İndi isə bu mümkün olmayacaq, çünki vergi ödəyicisi olan bir qazax vətəndaşının haqqını küçələrdə qanunsuzluqlar törədən digər qazax vətəndaşı tapdalayıb...

Qərb, Şimal və s. güclər öz siyasi maraqlarını təmin etməkdən ötrü ən çirkin oyunlarını işə salmağa hazırdırlar

Beləliklə, təxribatlar davam edirsə, həmin olaylar regionun çiçəklənən ölkələrindən biri olan Qazaxıstanın inkişafının, tərəqqisinin qarşısını alacaq, buna isə əlbəttə ki, imkan vermək olmaz. Qazax xalqı əsrlərdən bəri türk dünyasının müdrik xalqı, dastanlar yazan, milli ənənəsini qoruyub-saxlayan xalq kimi formalaşıb və bizlər də Xəzər qonşumuz olan bu ölkədəki hadisələrin tezliklə başa çatacağına ümid edirik, inanırıq.

Bu gün həssas regionumuzda bir çox xarici qüvvələrin kirli maraqlarının dayanması da kimsəyə sirr deyil. Qərb, Şimal və s. güclər öz siyasi maraqlarını təmin etməkdən ötrü ən çirkin oyunlarını işə salmağa hazırdırlar. Belə oyunların qarşısını almaq üçün isə yalnız və yalnız müdriklikdən istifadə olunmalıdır, həmin müdriklikdən ki, vaxtilə qazax xalqının böyük oğlu, bu gün Qazaxıstanın elbaşısı (ağsaqqalı) olan Nursultan Nazarbayev ölkəsini parçalanmadan, separatçı meyillərdən, radikal dini cərəyanlardan qorudu, sonra isə inkişaf etdirdi. Qazaxıstan xalqının el ağsaqqalları, nüfuzlu şəxsiyyətləri də kifayət qədərdir.

Ümidvarıq ki, bu dəfə də belə olacaq və qazax xalqı dağıdıcılığın, qiyamın, xarici kəşfiyyatların, kirli məqsədlərin qurbanı deyil, məhz və məhz Qazaxıstanın tərəqqisinin, inkişafının, çiçəklənməsinin tərəfində dayanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...