Dəmir yumruqdan dəmir yoluna KÖŞƏ YAZISI

Ölkə başçımızın Brüssel səfəri və səfəri çərçivəsində Azərbaycana göstərilən xüsusi diqqət nəzərlərdən yayınmadı. İstər NATO-nun xüsusi toplantısında, istərsə də Aİ çərçivəsindəki görüşlər kontekstində İlham Əliyevin ali liderlik və ali diplomatiya məqamı qoca qitə tərəfindən rəsmi olaraq qəbul olundu, dəyərləndirildi. Əlbəttə ki, bütün bunların təməlində dayanan əsas və birinci amil 44 günlük Vətən müharibəsində qazanılan birmənalı Zəfər reallığı və onu təmin edən Dəmir yumruq faktorudur.

Gəlin hadisələrə sadə və anlaşılan gerçəklik prizmasından yanaşaq. Müharibə bitər-bitməz ağır məğlubiyyəti ilə barışa bilməyən, zaman-zaman revanşçılıq hisslərini nümayiş etdirən Ermənistanın hərbi-siyasi və ictimai dairələri bununla heç nəyə nail olmayacaqlarını anlamağa başladılar. Düzdür, bu gün erməni cəmiyyəti arasında hələ də qan tökmək, düşmənçiliyi davam etdirmək üçün bir sıra qruplar fəaliyyət göstərirlər və onların da məhz Avropanın, Qərbin müəyyən bəlli dairələri tərəfindən idarə edildikləri sirr deyil.

Yəni bu gün Avropada da iki qütb mövcuddur – bir qütb Cənubi Qafqazda normallaşma prosesini dayandırmaq üçün bütün kirli siyasi ambisiyalarını işə salır, bu çərçivədə Ermənistandakı revanşçı qrupları müxtəlif vasitələrlə idarə edir, digər qütb isə inkişaf və tərəfdaşlıq maraqlarını təmin etmək üçün sıx əməkdaşlıq vasitələrini işə salmaqla və güclü olanlarla hesablaşmaqla Avropa məkanına yeni ab-hava gətirmək istəyir. Belə olan halda Azərbaycanın dövlət başçısının diplomatiya və güc prinsipləri ələlxüsus nəzərə alınır və biz həmin faktı Brüsseldə müşahidə etdik, əsasən də Ermənistanın baş naziri Nikol Paşinyana olan münasibət fərqində, yaxud müqayisəsində.

Artıq Zəngəzur məsələsində ilkin irəliləyişlərin əldə olunduğunu müşahidə etməkdəyik. Dəmir yumruğun gücü sayəsində çox yaxın vaxtlarda Zəngəzur dəhlizindən dəmir yolu xətti işə salınacaq və bu yolun açılması növbəti planların icrasına zəmin yaradır – avtomobil yolunun və buna da şübhə yoxdur. Çünki proseslər bir-birini əvəzlədikcə qarşıya yeni tələblər çıxır, Brüsseldə isə həmin tələblər də səsləndirildi və səsləndirildisə demək ki, icra olunacaq!

Daha bir əhəmiyyətli məqam – sərhədlərin delimitasiyası və demarkasiyası. Məlumdir ki, Paşinyan bu məsələdə də inadkarlığını nümayiş etdirirdi, amma onun bu inadkarlığı ötən ay sərhəddə necə deyərlər yaxşıca cəzalandırıldı. Bu gün Azərbaycan əsgəri Zəngəzurun bütün yüksək nöqtələrində dayanıb. İndi qalır sərhədlərin müəyyənləşdirilməsinə ki, məhz dəhlizlərin, yaxud kommunikasiyaların işə salınması prosesə öz təkanını verəcək.

Bu gün Laçın dəhlizi ilə bağlı da bir sıra söz-söhbətlər gedir, mülahizələr irəli sürülür. Lakin unutmaq lazım deyil ki, dövlət başçımız artıq Brüssel səfəri çərçivəsində öz mühüm bəyanatını səsləndirdi - əgər Ermənistan Zəngəzur dəhlizində gömrük məntəqəsini qurmağı nəzərdə tutubsa, bu zaman Azərbaycanın da Laçın dəhlizində öz gömrük məntəqəsi qurulacaq və məlum erməni dairələri bundan haqq elədikləri nəsiblərini alacaqlar - yəni Qarabağda, Xankəndidə separatçı tör-töküntüləri bütün hallarda qalmayacaq, onlar ərazilərimizdən rədd olub-gedəcəklər. Amma hər şeyə rəğmən, hətta gömrük məntəqləri qurulmazsa belə, sərhədlərin delimitasiyası və demarkasiyası həyata keçiriləcək və Xankəndimiz çox yaxında Azərbaycanın suveren ərazisi olaraq de-fakto Bakının yuridiksiyası altına keçəcək. Buna da əsla və əsla şübhə yoxdur. Beləliklə, Dəmir yumruqdan dəmir yoluna aparan yol davam edir və bu yol bütövlükdə inkişafa, tərəqqiyə, sülhə, əmin-amanlığa doğru gedir. Xalqlara sülh və tərəqqi lazımdır, bu? sülhü də təmin edən məhz Dəmir yumruqdur!

Bütün xəbərlər Facebook səhifəmizdə