Xankəndiyə getməyin yolu varmı? KÖŞƏ YAZISI

Bizi Qarabağa aparan yollardan biri də inamımız və ümidimiz oldu. Biz heç vaxt şübhə etmirdik ki, günlərin birində Azərbaycan ordusu Ali Baş Komandanın əmri ilə düşmən üzərinə yeriyəcək və torpaqlarımız yağının murdar tapdağından azad ediləcək. Artıq bu torpaqlarda dirçəldilmə işləri aparılır, Vətənin bizdən 30 il ayrı düşmüş hissəsi bizə geri qayıdıb, onun yaralanmış bağrının yaraları sarılır və...

Və bu gün Vətənimizin elə hissəsi var ki, orada hələ də yağının murdar addımları atılmaqda davam edir. Söz yoxdur ki, bizim inamımız və ümidimiz oraya doğru da köklənib – Xankəndiyə və digər ətraf ərailərinə. Söhbət də budur ki, ötən gün mətbuatda Xankəndi istiqamətində dəmiryol xəttinin çəkilməsinin planlaşdırıldığı barədə layihələndirmə işlərinin aparıldığı bildirilib. Məhz bu faktorun özü də belə deməyə zəmin yaradır ki, inam və ümid mövcuddur, sadəcə, qalır onun reallaşdırılmasına. Amma necə?

Çünki bildiyimiz kimi, Xankəndidə separatçı-quldur rejimin tör-töküntüləri qalmaqdadır və onların qalmaqları qalsın bir tərəfə, ardıcıl olaraq ərazi bütövlüyümüzə qarşı təxribatlar, terrorlar törədilir – istər fiziki, istərsə də mənəvi. Bunların qarşısının alınması üçün isə layihələrdən daha əvvəl atılması gözlənilən addımlar dayanır.

Söz yox ki, Xankəndiyə dəmir yolunun çəkilməsi böyük hadisə sayıla bilər, amma Xankəndiyə yol haradan keçir, tarixi şəhərimizə necə gediləcək? Bəllidir ki, müxtəlif situasiyalarda müxtəlif bəyanatlar verilə, ismarıclar göndərilə bilər, sadəcə, bütün bunların 44 günlük müharibədə olduğu kimi, praktiki icra etmək lazımdır. Yəni Xankəndinin Azərbaycanın nəzarətinə keçməsi və vətəndaşlarımızın ora rahat şəkildə gediş-gəlişinin təminatı deməkdir və bunun da həyata keçiriləcəyinə də kimsə şübhə etmir.

Amma hələ ki, bizlər Xankəndiyə gedən yolu axtarırıq, həmin yolu ki, tarixi şəhərimizə dəmir yolunun çəkilməsi və azərbaycanlıların gediş-gəlişlərinin bərpası üçün bölgədəki quldurlar üçtərəfli bəyanatda əks olunmuş bəndlərə əsasən tərksilah olunmalıdırlar, bu da olmazsa məhv edilməlidirlər, özü də birmənalı. Üstəlik, həmçinin bölgədəki ermənilər Azərbaycanın yuridiksiyası altına keçməli, qanunlarına tabe olmalıdırlar. Gəlin, etiraf edək ki, əgər bu şərtlər reallaşmadan Xankəndiyə nə dəmir yolu çəkilə, nə də Azərbaycan vətəndaşlarının ora gediş-gəlişi təmin oluna bilər. Həqiqət acı olur, amma elə həqiqətlər də var ki, onu acıdan şirinə çevirmək mümkündür – Qarabağımızın azad olunduğu torpaqları kimi, bu şəhərimiz də azad olunacaq...

P.S. Hələlik, Şuşadan baxdığımız Xankəndiyə getməyin yolu isə çoxdan məlumdur...

Bütün xəbərlər Facebook səhifəmizdə