“Demokratiya forumu” - oyun, yoxsa vasitə? KÖŞƏ YAZISI

Baydenin hakimiyyətə gələr-gəlməz Kapitoliya divarları arasında yeni “demokratiya” oyunu qurması artıq ilk baxışdan belə nəticəyə gəlməyə zəmin yaratdı ki, “bu aş o aşdan deyil”, ya “duzu” çoxdur, ya da ki, “yağı”. Hər iki halda da ziyanlıdır, zərərlidir, hətta siyasi cəhətdən xolesterinlidir. Belə “demokratiya” ABŞ siyasi mərkəzinə bağlı olan ölkələrin “mədələrini” deşə, “qara ciyərlərini” isə zədələyə bilər. Yanılmadınız, söhbət ABŞ-da keçiriləcək “Demokratiya forumundan” və oraya dəvət alan ölkələrin həmin forumdan ala biləcəkləri nəsiblərindən gedir. Hətta deyərdim ki, nə yaxşı Azərbaycan həmin tədbirə dəvət almayıb və orada iştitak etmir, əks halda amerikalıların demokratiya oyunları bir vasitə olaraq bizə də sırınacaqdı – nəticələri isə bəri başdan məlumdur.

Sirr deyil ki, Qərb demokratiyası ənənələrinin nüvəsi məhz Vaşinqtondadır və orada hansı siyasi baxışların – istər respublikaçıların, istərsə də demokratların hakimiyyətdə oturmalarından asılı olmayaraq həmin ənənə davam etdirilir. Sözügedən ənənənin “narıncı” Ukraynada, “qızılgüllü” Gürcüstanda, eləcə də “ərəb baharı” adlandırılan küləyin əsdirdiyi digər ölkələrə necə “hədiyyələr” bəxş etdirdiklərini də unutmamışıq. Həmin faktlar barədə də uzun-uzadı yazmağa ehtiyac yoxdur, kor-kor, gör-gör. Əgər bu gün vaxtilə Amerikanın verdiyi vədlərinə görə cürətlənən və nəticədə ərazi bütövlüyü pozulan, Abxaziyası və Cəənubi Osetiyası işğala məruz qalan Gürcüstan hələ də düşdüyü bu vəziyyətindən çıxa bilmirsə səbəbini Qərb demokratiyasından soruşmalıdır. Əgər Ukrayna Krımı, Donbası itiribsə, yenə də Qərb demokratiyasının yaxasından yapışaraq hesabını sormalıdır. Və əgər “Demokratiya forumuna” dəvət alan Ermənistan iqtisadi bataqlıq burulğanlarında məhvə doğru sürüklənirsə, ermənilər kütləvi şəkildə ölkələrini tərk edirlərsə, respublika demək olar ki, siyasi məhvə doğru sürüklənirsə bunun da günahını Qərb demokratiyasından görməlidirlər.

Bütün bunlardan sonra Azərbaycanın öz müstəqil siyasətini aparması, özünün demokratik ənənələrini həyata keçirməsi və heç kimdən asılı olmayaraq, kimsənin diktəsi alltına düşməyərək istənilən yerdə sözünü deməsi əlbəttə ki, Kapitoliyanın başbilən demokratlarının xoşlarına getməyib və guya bizdən qisas almaq üçün Bakını bu forumuna dəvət etməyib. Qonşumuz Ümbülbəyim xala demişkən, iki gözümüz atırdı “demokratiyanız” üçün...

Artıq indidən o da məlum olur ki, “Demokratiya forumu” həm oyundur, həm də vasitədir, hətta əvvəlcədən hazırlanmış buxovdur ki, salınacaq orada iştirak edəcək ölkələrin boyunlarına. Bax, həmin buxov sonra da istənilən tərəfə dartılacaq, yəni Qərb demokratiyasının görünməyən, qaranlıq və nəticəsi bəlli olmayan tərəflərinə doğru...

Nə deyim, Allah bizi belə “demokratiyalardan” hifz etsin!

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...