Açıq görünür ki, dünya gücləri Qarabağda özlərinin yaratdıqları bu qanlı oyunun başa çatmasını qəti istəmirlər. Fakt budur və bu çılpaq həqiqəti heç nə dəyişə bilməz. İstər Moskva olsun, istər erməni sevgisinə sarılıb türk düşməni olan qərbdəkilər. Açıq görünən odur ki, heç kim bu qanlı bulağın qurudulmasını istəmir, zaman-zaman bu bulaqdan qan içmək onların əsrlərdir ki, hobbisinə çevrilib. Dünya güclərinin hər əsrdə bir-iki dəfə bölgəni bu qanlı bulaqdan sulamaq istəyi hələ ki, sülhə üstün gəlir.

Öncədən rica edirəm hər kəs bu “əttökən” iddianı qatlayıb zibil qutusuna atsın ki, bəs sən demə, Nikol Paşinyan Corc Sorosun “əlinə oynayır”, sən demə, Kremlin sahibi əziz Vladimir Vladimiroviç də vəziyyət qarşısında əlacsız qalıb Sorosa “işləyən” paşiki cəzalandımaq üçün Ermənistana sərt üzünü göstərir, Paşinyan Putinin iradəsi xaricindədir, Ermənistanda qərbpərəstlərlə Rusiya meyillilər savaşır və sairə və sairə...

Bu cür iddalar siyasi baxımdan o qədər gülünc və bir o qədər də sadəlövhdür ki, qalırsan nə deyəsən. C. Sorosun gəlib Moskvanın Qafqazdakı əsas pislik “anbarına” baş soxması, burdan birbaşa Rusiyanı təhdid etməsi sadəlövhlükdən uzağa getmir. Ermənistan Rusiya üçün regionu qarışdırmaq və ən alçaq missiyaları reallaşdırmaq baxımından qızıl yatağıdır, vəssalam. Xüsusilə, Türkiyə və Azərbaycan faktoruna qarşı bu alçaq silahdan Rusiyanı kim məhrum edə bilər, Sorosmu? Keçmiş sovet ərazilərində bütün oyun kartları əziz Vladimir Vladimiroviçin cibindədir və heç kim də bunun əksinə sübut etmək üçün tər tökməsin, vəssalam!
V.Putinin icazəsi olmadan bu bölgədə heç kəsin heç kəsə bircə şillə belə vura bilmədiyi vaxtda, məncə N.Paşinyanın Sorosun əmri ilə Moskvaya qarşı istifadə olunması siyasi nağıl ehtimalından başqa bir şey deyil. Aradabir erməni əsgərinin biz tərəfə güllə atması isə, Kreml sahibinin Bakı və Ankaraya qanlı mesajından başqa bir şey deyil. Lazım olanda Moskva Qarabağdakı mesajı qana bulanmış halda çatdırır...
Qaldı ki Ermənistanda qərbpərəstlər var, ordunun yarısı Rusiyanın, yarısı Paşinyanın qərbpərəst sektorunun nəzarətindədir filan-feşməkan. Bütün bunların hamısı türklər demişkən, “xəyal ürünüdür”, başqa heç nə.
Təsəvvür edin: əsrlərdir ki, rus çarlarının Qafqazda bölgə ölkələrinə, xüsusilə, Türkiyə və Azərbaycan əleyhinə “hürdürdüyü it” funksiyası daşıyan, bu gün ərazisində rus hərbi bazalarının xumarlandığı Ermənistan bir anda çönüb oldu Moskvaya qarşı diş qıcayan rus düşməni. Guya ki, Nikol Paşinyan “inqilabla” hakimiyyətə gəlir, Moskvanın əsas nökərlərindən olan Serj Sarkisyanı bir andaca devirir, Rusiyanın uzaq quberniyası olan rəzil Ermənistanda demokratiya axtarışı başlayır. Sanki Moskva baş verənlərdən qıraqda qalıb və “hadisələri diqqətlə izləyir”...

Bu, o qədər gülməlidir ki, istənilən stressli xəstə üçün bu cür gülüş dolu nağıl hər an gözəl müalicə üsulu sayıla bilər. Putin hər şeydən xəbərsizdir, Soros İrəvanda çevriliş edib, Ermənistanda anti-Rusiya qüvvələri otlayır və sairə və sairə...

V.Putinin bircə dəfə qəzəblənməsi gərəkdir ki, Ermənistandakı 2-3 rus əsgəri N.Paşinyanın yekə qulaqlarından yapışıb onu rus tankının yedəyinə bağlasınlar və düz Moskvaya qədər sürüsünlər. V.Putinin iradəsi əleyhinə getmək bütün Ermənistan üçün ölümcül cəza deməkdir. Bunu, ağlı başında olan hər bir erməni əla başa düşür. Levon Ter-Petrosyanın keçən həftə açıqlamasında dediyi kimi, “hər bir erməni reallıqla barışmalıdır, vəssalam.” Yəni ermənilər Moskvanın əleyhinə getməyi boşboğaz düşüncələrindən silməlidirlər. Amma görünən odur ki, qərbdəki qüvvələr qarabağ ətrafındakı real vəziyyətlə barışmırlar və yeni reallıqlar ortaya çıxarmaq istəyirlər.

Xüsusilə, Fransa bu işdə amansız canfəşanlıq göstərir. Sanki Türkiyə və Rusiya arasındakı Qarabağ razılaşmasından kənarda qalmaq qərbə təhqir kimi görünür və var gücləri ilə bu münaqişə ocağını həmişə aktiv siyasi zəlzələ ocağı kimi saxlamaq istəyirlər. Sözsüz ki, Moskva ilə maraqlarını uzlaşdırmaq şərti ilə. Qərbdəkilərin əksəriyyətinin V.Putindən möhkəm qorxub altlarını batırdıqları bir vaxtda, onların birbaşa Moskvanın siyasi iradəsinə qarşı çıxması mümkünsüzdür. Çox vaxt bölgədəki proseslərdə qərbdəkilərlə Kremlin maraqları üst-üstə düşüb. Bu, qaçılmazdır. Amma bu dəfə Kreml çox vacib layihələrə hesablanmış iş aparır və bölgədə hansısa üçüncü qərb dairəsinin ayaq izləri ona gərək deyil. Ukrayna və Gürcüstanda qərbin burnunu ovan keçmiş KQB generalı, ona qarşı hazırlanan sanksiya oyununa da çarə tapıb. Hər halda bu boyda Rusiya kimi nəhəngi Navalnı və sanksiya oyunu ilə dizə gətirmək gülünc versiyadır. Rusiyanı ancaq inqilab dəyişə bilər, amma çökdürməz.

Görünən odur ki, Moskva Qarabağ münaqişəsinin tam həllini qəti olaraq masadan qaldırıb. Haykanuşla Fatmanisənin, Gevorkla Allahqulunun dinc yanaşı yaşaması hələ ki, Moskvadakılara sərf etmir. Bələkdəki körpə də bilir ki, N.Paşinyan V.Putinin yeni layihəsidir və Vladimir Vladimiroviç də yeni əsrdəki rus siyasətinin qafqaz layihəsini işə salıb. Aradabir sülh olacaq, amma qanlı bulaq Qarabağda heç vaxt qurumayacaq. Çünki Rusiya belə istəyir, vəssalam...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə