Mövcud faktlar və reallıqlar ondan ibarətdir ki, hər bir xalqın sivil, demokratik xalq olması onun teatrlara münasibəti, şənlik və toy ənənələrinə bağlılığı, dəyərlərinə dərin hörmət bəsləməsi ilə ölçülür. Qürurverici hal ondan ibarətdir ki, 5 min illik dövlətçilik tarixinə malik Azərbaycan xalqı özünün zəngin adət-ənənələrini, mədəniyyətini qoruyub saxlaya bilib. Hətta monqol-tatarların hücumları, Rusiya imperiyasının işğalı zamanı da xalqımız adət -ənənəsini yaşadıb.

20-ci əsrin əvvəllərində Avropanın bəzi dövlətlərində, eləcə də Risiyanın “Böyük teatr”ında tamaşaları səhnələşdirəndə artıq 1873-cü ilin martın 14-də Mirzə Fətəli Axundovun "Lənkəran xanın vəziri" və "Hacı Qara" tamaşaları Bakıda səhnəyə qoyulmuşdur. Sonrakı mərhələdə Üzeyir Hacıbəyli "Leyli və Məcnun", "Rüstəm və Zöhrə", "Şah Abbas və Xurşudbanu", "Harun və Leyla" və digər operalarını yaradıb. Bir sözlə, Azərbaycan xalqının dünya sivilizasiyasına verdiyi töhfələr əvəzsizdir. Xalqımız əsrlər boyu maddi və mənəvi xəzinəsini qoruyub saxlamış və nəsildən-nəsilə ötürmüşdür.

Təəssüf ki, xalqımızın tarixən formalaşan yüksək mənəvi dəyərlərə malik adət-ənənələrinə müxtəlif əlavələr etməyə çalışanlar var. Ən diqqətçəkən biabırçı hal ondan ibarətdir ki, musiqimizə qarşı daha çox kənar əlavələrin edilməsinə cəhdlər göstərilir. Həm də, araşdırmalar aparıldıqda məlum olur ki, musiqimizə sərsəm cizgilər əlavələr edənlər heç bir musiqi təhsili olmayan şou əhlinin mütrübləridir. Hansı ki, bu mütrüblər musiqi səhnəsinə bazar kimi baxır və çalışır ki, bu bazarda daha çox sponsor qazanmaqla pullar əldə etsinlər.

Düzdür, bazarda mütrüblərin toruna düşən şirkət sahibi, biznesmen əhli və məmurlar olur. Nəticədə, mütrüblər müxtəlif markalı bahalı xarici avtomobillərə, dəm-dəstgahlı evlərə sahib olurlar. Arada bir mütrüblər xarici cahi-cəlallı istirahət mərkəzlərinə də baş vururlar. İnanın, Pərvin Abiyeva adlı bir mütrüb-aktirisa Maldiv adalarından gözqamaşdırıcı fotolar paylaşdıqdan sonra bildim ki, belə adda ərazi vahidi var. Televiziya ekranlarından Aygünün, Röyanın, Nadirin, Mətanətin, Manafın və digərlərinin mənzillərini və bağ evlərini seyr etdikdə “Amazon” kompaniyasının rəhbəri Ceff Bezosun, “Tesla” və “Space X” şirkətlərinin təsisçisi İlon Maskın, “Microsoft” şirkətinin sahibi Bill Qeytsin və "Facebook"un qurucusu Mark Zukerberqin halına acıyıram.

O mənada ki, bu varlı şirkət sahibi olan məxluqlar heç Azərbaycanın şou əhlinin mütrübləri kimi malikanə, villa, müxtəlif markalı bahalı avtomobil sahibi deyillər. Həm də varlı “mujik”lər açıq şəkildə yaşayışlarını nümayiş etdirmir və metrodan, avtobusdan istifadə edən insanlara lağ etmirlər. Fikir versəniz görərsiniz ki, şou əhlinin nümayəndələri ictimai nəqliyyatdan istifadə edənlərə dodaq büzür, onları qınayırlar. Bu yaxınlarda şou əhlinin diribaş nümayəndələrindən olan Manaf adlı birisi tv-lərdən birində belə deyir: “Adama gülərlər, deyərlər ki, sən nə gündəsən, metrodan istifadə edirsən, heç olmasa, taksidən istifadə et”.

Bu diribaş məxluq anlamır ki, metroya minmək, avtobusdan istifadə etmək qəbahət deyil. Qüsur odur ki, toy məclisində bir onluq qazanmaq üçün qızarıb turp rənginə dönənə qədər qışqırasan, əl öpüb, mənasız təriflər söyləyəsən. Qısası, mütrüblərin düzəlməsi, cəmiyyət maraqlarına və adət-ənənələrinə uyğun fəaliyyət yolu tutmaları mümkünsüz görünür. Çünki onlar üçün ali varlıq və məqsəd pul qazanmaqdır. Dini kitablarımızda deyildiyi kimi, vay belələrinin halına.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə