Olan olmalı idi və olur da! KÖŞƏ+AKTUAL

Yadınızdadırsa, Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibə zamanı publikaya işləyən bəyanatları ilə guya həmin savaşda qalib gələcəyini bəyan edir, populizm xarakterli çıxışları ilə erməni əsgərlərini Azərbaycan torpaqlarına aşkar ölümə doğru göndərirdi. Görünür, bu xəstəlik Nikolda növbəti dəfə baş qaldırıb və o, bənzər çıxışlarını yenidən gündəmə gətirib. Halbuki, 2020-ci ilin noyabrından sonra regionda sülhün əldə olunmasına kifayət qədər ümidlər var idi, lakin Ermənistan (daha doğrusu, onların yerinə qərar verənlər) müharibəni seçdilər. Nə deyirik, hələ də 44 günlük müharibənin vurduğu ağır yaralardan özünə gələ bilməyən İrəvanın bu dəfə tamamilə dünya, yaxud Cənubi Qafqaz regionunun xəritəsindən silinmək istəyi varsa, buyursun – necə deyərlər, bu meydan, bu da şeytan!

Ümumiyyətlə, regiondakı gərginliyin marağında olan qüvvələr də artıq bilməli və dərk etməlidirlər ki, çöldə 90-cı illərin sonu, 2000-ci illərin əvvəli deyil. Çöldə tamamilə fərqli zaman mövcuddur və bu zamanın özünə görə təyin etdiyi güclü oyunçuları da var. Regional güclər isə dəyişmək üzrədir və istər Qərb, istərsə də Şimal olsun – onların heç biri regional güclərə qarşı davamlı müqavimət göstərə bilməyəcəklər. O cümlədən, növbəti gərginlik Laçın-Kəlbəcər istiqamətində, eyni zamanda, Şərqi Zəngəzurda cəmləşmiş erməni qrupunun məğlubiyyəti ilə yekunlaşacaq.

Yeri gəlmişkən, təxminən 3 həftə ərzində erməni tərəfi “ən hazırlıqlı” və “ən hazırlıqlı”ları bura çəkdi, indi onlardan bəziləri hərbi əməliyyatların mənasızlığını və komandanlıq əmri cinayətini anlayaraq təslim olur və ya mövqelərini tərk edirlər. Bu isə artıq Ermənistanın sonunun yaxınlaşması anlamını daşıyır - əlbəttə ki, nə qədər gec deyilsə İrəvan hələ 44 günlük müharibə zamanı boş qalmış minlərlə əsgər dəbilqələrindən birini qarşısına qoyub düşünüb, daşınıb nəticə hasil etməlidir. Amma hasil edə biləcəkmi, yaxud buna zamanı qalacaqmı? Axı ötən bir ildə onun kifayət qədər zamanı var idi, fəqət bu zamandan da istifadə etməyi bacarmadı. Boş-boş bəyanatları və xarici ölkələrə ümidlərini bəsləməsi ilə bax hazırda növbəti fiaskosunu yaşamaq məcburiyyətindədir. Olan-olmalı idi və olur da!

Bütün xəbərlər Facebook səhifəmizdə