Baş Qərargah rəisi, Zaxarova, konqresmen və Paşinyan...

44 günlük müharibədən keçən 1 il ərzində Ermənistanda siyasi mühit hələ də dumanlı olaraq qalır, aydınlaşacağı isə gözlənilmir. Hər halda siyasi analitiklərin gəldiyi qənaət və proqnoz belədir. Məğlubiyyət şokundan ayılmayan Ermənistanın hərbi-siyasi elitası xalqı düşürdükləri çətin durumdan çıxara bilmək üçün konkret proqram ortaya qoya bilmir.

Köhnələr indiki hakimiyyətdən məğlubiyyətin səbəblərini, kapitulyasiyanın hesabını soruşmaq istəyən kimi əks həmlə ilə üzləşirlər. Bu dəfə də Paşinyanın komandası Koçaryan, Sarkisyan və onların Qarabağdakı separatçı uzantılarından 30 il ərzində Qarabağın inkişafına, buradakı ermənilərin sosial-məişət problemlərinin həllinə, yeni infrastrukturların yaradılmasına Ermənistanın dövlət büdcəsindən ayrılan və erməni diasporundan gələn bütövlükdə 40 milyard dollardan (?!) çox vəsaitin hara xərcləndiyini, pulların hansı prezidentin cibinə nə qədər axdığını üzə çıxaran komissiyanın hesabatının bir qismini mediaya ötürürlər. Dərhal siyasi bataqlıqdakıların səsləri kəsilir. Deməli hədəf düzgün seçilib və atış da uğurlu alınıb, onluğa dəyib.

Yəqin ki, fikir vermisiniz, son zamanlar Koçaryan və Sarkisyandan, Qukasyan və Bako Caakyandan səs-səmir yoxdur, sanki siyasi arenada, işğal altındakı torpaqlarda qazılmış səngərlərdə bağıran, hər kəsi hədələyən bunlar deyildi. Bu gün hətta məğlubiyyət aktına qol çəkən Paşinyanı belə ittiham etməyə cəsarətləri çatmır. Niyə? Çünki, özlərinin də məğlubiyyətdə payları az deyil. Ermənilərə və Ermənistana vurduqları ziyan ölçüyəgəlməzdir. Onların hakimiyyətdə olduğu vaxtlarda, guya atəşkəsin hökm sürdüyü dönəmlərdə 44 günlük müharibədə ölən erməni əsgərlərin iki qat artığı itirilmişdi. Daxili nizam-intizam, "dedovşina" və şəraitsizlikdən bezərək intihar edənlərin, özlərinin basdırdığı minaya düşənlərin, bir-birini güllələyənlərin sayı minlərlədir. Bəli, bu kimi faktlar "eks"ləri susmağa məcbur edir. Onları üzə çıxması heç indiki hakimiyyətə də sərf etmir. Çünki dünyaya yaydıqları saxta "məğlubedilməz erməni ordusu" mifi darmadağın ola bilər. Hələlik ayıblarına qısılıb dinməməyi üstün tuturlar.

Bütün bunlara rəğmən Ermənistanın təbliğat ruporları yenə səs-səsə veriblər. Bu gün Ermənistan özünü "yaşayır və yaradır"mış kimi göstərməyə çalışır.

Erməni mətbuatı Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-polkovnik Sergey İstrakovun Baş nazir Nikol Paşinyan tərəfindən qəbul edilməsindən, həmsöhbətlərin Ermənistan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə etdiklərindən yazıb.

Əlbəttə, indiki halda Ermənistanın müdafiə qabiliyyətini artırmaq imitasiyası yaratmaqdan başqa əlacı yoxdur.

Ermənistanda müzakirə edilən mövzulardan biri də Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin rəhbəri Mariya Zaxarovanın Transqafqaz nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı dediyi fikirlərdir. Zaxarova bildirib ki, bütün məsələlər ən yaxşı şəkildə Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində nəzərdən keçirilir və həll edilir.

Bu fikirlərə də Ermənistanda birmənalı reaksiya verilməyib. Erməni siyasətçilər, xüsusən də müxalifət mənsubları bu yanaşmanı Zaxarovanın şəxsi mülahizəsi kimi yozmağa çalışıblar. Halbuki, regionda kommunikasi xəttlərinin açılması ilə bağlı rəsmi sənəd imzalanıb və iş Zəngəzur dəhlizi də daxil olmaqla bütün kommunikasiya xətlərinin işlək vəziyyətə gətirilməsi üzərində gedir. MDB dövlət başçılarının görüşündə çıxışı zamanı Ermənistanın baş naziri Paşinyan da məsələnin izahına xeyli vaxt ayırdı və bunun ermənilərə hansı dividentlər gətirəcəyini təsvir etdi.

Erməni müxbirlər okeanın o tayına boylanmağı da unutmayıblar. Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuntsun Konqresin erməni məsələləri üzrə komissiyasının üzvü Anna Eşu ilə görüşünu geniş işıqlandırıblar. Görüş zamanı xanım konqresmen iki ölkə arasında münasibətlərə toxunub və sonda... 44 günlük müharibəyə də qismən toxunub. Niyə qismən dedik, çünki səfirin israrından, dəfələrlə təkrarlamasından sonra Eşu narahatlığını bildirib və bütün çətinliklərin öhdəsindən gəlməkdə erməni xalqına dəstəyini ifadə edib.

Avropadan isə ermənilərə pis xəbər gəlib. Məlum olub ki, Ermənistan vətəndaşları bu gündən etibarən Hollandiyaya daxil olarkən, peyvənd olunsalar belə, mənfi koronavirus testi təqdim etməlidirlər.

Bu isə köç hazırlığı görən əksər erməniləri pərişan edib.

Ölkədaxili kriminal durum da pozitiv düşünməyə "əlyeri" qoymur. Dünən axşam saatlarında İrəvanda daha bir səs-küylü kriminal hadisə baş verib. Saat 23:00 radələrində Erebuni Mərkəzi Xəstəxanasına ayaqlarından güllə yarası almış bir nəfər gətirilib.

Qarabağ müharibəsi zamanı fərarilik edənlərin, cəbhədən silahlarla qaçaraq İrəvanda sığınacaq tapanların əlində hər zaman atəşə hazır çoxlu silahlar var. Hökumət isə hələlik bu məsələni həll etməyə sadəcə vaxt tapa bilmir.

“Ermənistan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan ona parlament komissiyasının 2016-cı ilin aprel müharibəsi ilə bağlı hesabatının materialları ilə tanış olmağa icazə verilməməsindən şikayətlənib. Halbuki, bu məsələnin araşdırılmasından sonra keçmiş müdafiə naziri də daxil olmaqla ordudakı çetenin ifşa olunacağı və həbs ediləcəyi gün kimi aydındır.

Belə olan halda Seyran Ohanyan niyə canfəşanlıq edir?

Ermənistanın 2022-ci il büdcəsinin gəlirləri 1 trilyon 946 milyard dram təşkil edib. Bu da 2021-ci illə müqayisədə 17%, 2020-ci ildəkindən isə 25% çoxdur.

Buna baxmayaraq Ermənistanın bütövlükdə dövlət büdcəsi Azərbaycanın tək hərbi büdcəsi qədər deyil. Hələ də revanşdan danışırlar...

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə