Elçin Bayramlı

Bəzi feministlər iddia edirlər ki, guya Azərbaycanda qadınlara qarşı ayrı-seçkilik var, onların ictimai həyatda təmsil olunması, iş tapması çətindir və s. Halbuki, vəziyyət tam bunun əksinədir. Şübhə edənlər paytaxt küçələrində və ya internetdə bir qədər gəzişsələr, yanıldıqlarını anlaya bilərlər.

Mümkün olan bütün yerlərə yapışdırılan, vakansiya saytlarında yerləşdirilən saysız-hesabsız iş elanlarının əksəriyyətinin əsas maraqlı məqamı isə işçilərin cinsiyyəti ilə bağlıdır. Yəni, işverənlərin əsas şərti budur: “Qız tələb olunur!”...

Əvvəlcə, bu tendensiyanın bir müsbət cəhətini qeyd edək- ölkəmizdə gender probleminin olmadığını sübut edən bu elan kağızlarını dürmələyərək həmin feministlərin “gözünə soxa” bilərik. Çünki son zamanlar bəzi beynəlxalq təşkilatların nümayəndələri orda-burda ağızlarını avara qoyub deyinirlər ki, Azərbaycanda gender problemi var, qadın hüquqları pozulur- filan.

Azərbaycan gender bərabərliyi üzrə dünyada nümunəvi ölkələrdəndir. Hətta bizdə qadınların mövqeləri kişilərdən daha üstündür. Bu replikanı gender problemi ilə bağlı iştirak etdiyim beynəlxalq seminarların birində amerikan treynerə tərəf tulladım ki, bəlkə bu modern kovboy səhvini anlaya. Elə beləcə də dedim: “Mister Uill, mənə elə gəlir ki, qadın hüquqlarının ilk bərqərar olduğu ölkələrdən olan Azərbaycanda qadına hörmət və ehtiram çox yüksək səviyyədədir. Bizdə hətta az qala matriarxal cəmiyyət quruluşudur”. (Nə təhər demişəm?!)

Treynerin və seminar iştirakçılarının maraqla dinlədiyini görüb cəsarətləndim və replikanı çıxışa döndərməyə qərar verdim: “Mən indi bunu sizə, Şərif demişkən, “sübutalni, dakumentalnı dakazat eləyərəm”. Cəmiyyətimizdə qadınların mövqeyi kişilərdən üstündür. Dövlətimizin 2-ci və 3-cü şəxsi qadındır. Siyasətdə, iqtisadiyyatda, mədəniyyət və incəsənətdə, elm, təhsil və səhiyyədə həmçinin digər sahələrdə də üstünlüyü zərif (burada az qala çaşıb “zəif” deyəcəkdim, son millisaniyədə ortaya r hərfini əlavə edə bildim) cinsin nümayəndələri təşkil edirlər. Məsələn, təhsil, səhiyyə və ticarət sektorlarında qadın kontingenti 80%-dən yuxarıdır. Elə bu salondakı iştirakçıların da üçdə ikisi qadındır.

Mister Uill, siz heç Bakıda sərnişin nəqliyyatından istifadə etdinizmi? Gördünüzmü ki, metro vaqonlarında, avtobuslarda sərnişinlərin çoxu qadındır? Bir çox ailələri qadınlar dolandırır. Əksər ailələrdə son sözü qadın deyir.

Azərbaycan az qala yeganə ölkədir ki, nəqliyyatda qadın görən kimi kişilər durub yer verirlər. Mən şəxsən bir kişi olaraq şəhər nəqliyyatında sonuncu dəfə nə vaxt əyləşərək getdiyimi xatırlamıram. Gördüyünüz kimi, bizdə az qala matriarxal cəmiyyətdir”.

Təvazökarlıqdan kənar olsa da, qeyd etməliyəm ki, çıxışımı bitirdikdə salonda ruslar demiş- “burnıe oplodismentı!”. Amerikalı treyner azərbaycanlı tərcüməçiyə (yeri gəlmişkən, tərcüməçi də qadın idi!) şübhəli nəzərlərlə baxırdı- böyük ehtimalla, mənim sözlərimin ona düzgün çatdırılmadığı qənaətində idi...

Öz aramızda qalsın, dövlət himnimizdə qadın səsinin üstünlük təşkil etdiyi haqda ən tutarlı arqumenti mister Uillə demədim. Üstəlik, bizdə belə bir zərb-məsəl var ki, “arvaddan qorxmayan kişi sayılmır”. Amma bunlar misterə deyiləsi söhbətlər deyil.

Nədən danışırdıq, hara gəlib çıxdıq... Həə, deməli, hamı qız axtarır, oğlanları heç vecinə alan yoxdur. Mən şəxsən bir neçə işverəndən bu cins məsələsinin elanlarda nəyə görə vazkeçilməz şərt olaraq qoyulduğunu soruşsam da, düz-əməlli cavab ala bilməmişəm.

Bütün dünyada işçiləri cinsinə görə yox, faydalı iş əmsalına- yəni qabiliyyətinə, biliyinə, bacarığına, təcrübəsinə görə götürürlər.

Bu elanların sahiblərinə isə, işçi, mütəxəssis yox, qız lazımdır, qız!

Bütün xəbərlər Facebook səhifəmizdə