“Dəlini” kim danışdırır: Putin, yoxsa erməni diasporu?

Bəri başdan deyirəm: Vladimir Putinin dəli Jirinovski kimi siyasi çərənçinin “dili ilə” kiməsə söz çatdırması, eyham vurması barədə deyilənlər uşaq ədəbiyyatından başqa bir şey deyil. Qeyri-ciddi və siyasi baxımdan kökdən düşmüş, üfunət iyi verən beləsi artıq Kremldə ancaq tualet qabına atılır, vəssalam. Çünki Balacaboy Kreml sahibi sözünü kimə necə deməyi və necə “çatdırmağı” əla bilir. Keçmiş KQB generalı belə işlərin ustasıdır. Elə ustadır ki, ABŞ-dakı seçkilərə “əl uzadan” kimi, Konqresə soxulan amerikalılar bir-birini güllələdilər...

Nə isə gələk mətləbə. Bəri başdan deyim ki, artıq Rusiya barədə yazanda, bu nəhənglikdə dövlətin ruh xəstələrinin və hazırkı bürokrat məmur təbəqəsinin əsirliyində inildədiyini qeyd etməsəm günah olar. Həqiqət yazılanda gözəldir, yazılan həqiqət də əbədi hörmətə layiqdir. Həqiqət də budur ki, hazırda Rusiya ağır və çarəsiz xəstəlikdən əli üzülmüş ümidsiz xəstəni xatırladır. Çünki indi Rusiya hazırkı böhranın pik həddindədir. Rus xalqı kriminal məmur ordusunun, məhv olmuş milli iqtisadiyyatın, müstəqil düşüncənin və ruslara məxsus açıq fikirliliyin şəxsi yaltaqlıqla əvəzləndiyi acı tablosuna baxıb, yanıb-yaxılır.
Böyük Rusiya.... Puşkinlərin, Lermantovların, Dostoyevskilərin, Lev Tolstoyların vətənində Vladimir Jirinovski, Andrey Savalyov kimi ruh xəstələri və şəxsi yaltaqlar at oynadır. Bu sadaladıqlarım Rusiyanın hazırkı acı tablosudur, sevsən də sevməsən də bu acı həqiqətdir. Həmişə demişəm, yenə də təkrar edirəm: Vladimir Putindən sonra Rusiyanı çox ağır, çox sancılı dövr gözləyir. Varis-maris planlarından asılı olmayaraq, V.Putinin bütün rıçaqları Kremldən qopan kimi Rusiya sancılı dönəmə girəcək. Çünki V.Putinin hakimiyyəti dövründə itirilmiş cəmiyyəti, iqtisadiyyatı, rus düşüncəsini geri qaytarmaq üçün Rusiyaya azı yüz il lazımdır. Bu, sadəcə qaçılmazdır, acı həqiqətdir, vəssalam!.

Düzdür, həqiqət budur ki, V.Putin, doxsanıncı illərin sonunda araq içməkdən ağlını itirmiş Borus Yeltsinin qətiyyətsizliyi ucbatından Rusiyanın parçalanmaqla üz-üzə qaldığı vaxtlarda, “dəmir yumruqla” nəhəng dövləti parçalanmaqdan və dağılmaqdan qurtardı, burası belədir.

Amma... amma əvəzində Rusiyada mövcud olan azad mətbuatın, az-çox ayaq üstündə duran milli iqtisadiyyatın, hələ sovetdən qalma yaradıcı oksigenlə nəfəs alan nəhəng Rusiya ədəbiyyatının “fatihəsini” oxuyub külünü də Sankt Peterbuqrdakı Neva çayına atdı, vəssalam...

İndi gələk uzun illərdir rəzil günə qalmış Rusiya siyasətində faşist və ruhi xəstə rolunu oynayan, amma əsl məqsədi pul-para müqabilində istənilən çərənləmə ilə məşğul olan, “pulunu ver kimi istəyirsən söydür” ayaması qazanmış dəli Jirinovskinin Azərbaycan əleyhinə son çərənləməsinə. Yaxşı yadımdadır, 5-6 il bundan əvvəl Bakıya gələn, burada “bəh-bəhlə” qarşılanıb bəlağətli çıxışlar edən, sonra Moskva telekanallarında Lənkəran, Masallı, Şəki, turizm bölgələrimiz barədə ağız dolusu danışan dəlisov ”Jirik”, çox keçmədi yenə əleyhimizə çərənləməyə başladı. Bunun siması, bunun yaşayışı budur, vəssalam. Pulunu ver, nə desən edəcək.

Bunu əlində saxlamaq üçün gərək murdar boğazını hər gün dollarla “yağlayasan”. Bunun “çörəyi” bu işdən çıxır və zaman-zaman çərənləmə tonunu daha yuxarılara da yüksəldir. Bəs bu qeyri ciddi siyasi çərənçinin sifarişçisi kimdir?,- hə bax əsl məsələ də budur.

İndi bir çoxları iddia edir ki, Kreml açıq şəkildə deyə bilmədiklərini və açıq müstəviyə çıxara bilmədiklərini bu siyasi meymunun dili ilə ortaya qoyur. Məncə artıq bu fiaskoya uğramış metoddur və yuxarıda da qeyd etdiyim ki, Kreml sahibinin qeyri-ciddi şəxs kimi tanınan belə siyasi xəstələrə ehtiyacı qalmayıb. Ciddi siyasətdən danışırıqsa, bu tam belədir. Jirinovskinin son çərənləməsinin yeganə səbəbi Moskvadakı erməni diasporunun yenidən V.Jirinovskini ortaya atması və çirkin şəkildə anti-Azərbaycan təbliğatına başlamasıdır. Moskvadakı ermənilər Rusiya ictimai rəyinə belə “ağır toplarla” həmlə edir və Azərbaycanı bu siyasi kuklaların dili ilə “vururlar”. Xüsusilə son Qarabağ müharibəsindən sonra sarsılan və dağınıq halda olan Rusiyadakı erməni diasporu, özünü toparlamaq üçün V.Jirinovskini ortaya atıb. Müharibədəki uğursuz erməniləri möhkəm yandırıb və indi əks hücum üçün belə siyasi it-küçükdən yararlanmağa çalışırlar. Burası açıq-aşkar belədir. Amma bizim də bu baş verənlərdən alacağımız çox dərslər var. Belə siyasi sarsaqları Bakıda bəh-bəhlə qarşılamaq, BELƏLƏRİNİN QARŞISINA XALI SƏRMƏK ADƏTINƏ SON QOYUN, YETƏR!

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə