Qarabağın inşasında Türkiyə də olacaq

Abdullah Karakuş

akarakus@milliyet.com.tr

Türkiyənin AK Partiya sədrinin müavini Numan Kurtulmuşun başçılıq etdiyi nümayəndə heyəti 4 gün ərzində Azərbaycanda çox əhəmiyyətli təmaslar qurdu, görüşlər keçirdi.

Mənim də qatıldığım səfərdə AK Partiya nümayəndə heyəti Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri xanım Sahibə Qafarova, Baş nazirin müavini Əli Əhmədov və Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini Tahir Budaqovla sıx görüşlər keçirdi.

Bakı və Gəncə danışıqlarında gündəm mövzuları ikitərəfli əlaqələrin artması, bölgədəki güclü əməkdaşlıq, iki tərəf arasındakı təmasların artması və Qarabağda əldə edilən qələbə idi.

Azərbaycan rəhbərliyi Qarabağ uğrunda müharibədə əldə edilən qələbədə Türkiyənin dəstəyinə görə minnətdardır. Bu səbəbdən, azərbaycanlı qardaşlarımız Numan Kurtulmuş və nümayəndə heyyəti ilə getdiyimiz hər yerdə böyük maraq və isti qonaqpərvərlik göstərdilər.

Danışıqlar zamanı Qarabağda qazanılmış qələbə və işğaldan azad edilmiş ərazilərin yenidən qurulması ilə bağlı yol xəritəsi də müzakirə edildi. Bir çox yerlərinin ermənilər tərəfindən yandırıldığı və dağıldığı Qarabağın yenidən qurulmasında Türkiyə də iştirak edəcək.

Qarabağın məcburi köçkün əhalisi öz yerlərinə nə vaxt qayıdacaq?

Prezident İlham Əliyevlə keçirilən görüş zamanı aparılan söhbətimizdə Kurtulmuş quruculuq məsələsinin ön plana çıxdığını ifadə etdi və bunları vurğuladı: “Türkiyədən də töhfələr olacaq. Qarabağın yolları sürətlə tikiləcək, ərazilər bərpa ediləcək, tarixi binaları əsaslı təmir olunacaq, yandırılmış və dağılan yollar təmir ediləcək. Burada azərbaycanlı qardaşlarımızın dediyi kimi, Qarabağ qaçqınları var. Ancaq bu insanların gedib məskunlaşacaqları evləri yoxdur, hamısı dağılıb. Azərbaycanın digər bölgələrində yaşayan insanların ata yurdlarına və vətənlərinə ən qısa zamanda qayıtmalarını təmin edəcək bir araşdırma aparmaq lazımdır. Bunlar cənab İlham Əliyevlə görüşümüzdə də gündəmə gətirildi. Atdığı addımların nə demək olduğunu bildiyini və Türkiyənin bütün bu məsələlərdə ona dəstək verəcəyini və kömək edəcəyini bildiyini çox qətiyyətli gördük. Qarabağın çox qısa müddətdə abad olacağına ümid edirik”.

Qardaşım Ərdoğan olmasaydı qalib gələ bilməzdik

Görüş zamanı Prezident İlham Əliyev Qarabağda əldə edilən qələbəyə görə, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana təşəkkür etdi: "Qardaşım cənab Tayyib Ərdoğanın dəstəyi olmasaydı, Türkiyənin dəstəyi olmasaydı, bu qələbəni qazanmaq asan olmazdı".

Müzakirələrdə mədəni, siyasi və iqtisadi baxımdan əməkdaşlığın bundan sonra artacağı da qəbul edildi. İlham Əliyev eyni təklifi də verdi: “Türkiyəli gənclər gəlsin, burada düşərgələr salınsın. Siyasətdəki demokratik təcrübələrinizi yaxından görsünlər və aralarında mədəni yaxınlaşma olsun”.

Yeni əməkdaşlıq imkanları

Səfərdə nümayəndə heyətinin tərkibində AK Partiya Gənclər Şöbəsinin və Qadın bölməsinin başçıları da iştirak edib. Yaxın günlərdə iki ölkə arasında gənclərin gediş-gəlişinin artacağı gözlənilir. Qeyd edim ki, Pandemiya günlərində AK Partiya ilə YAP arasında iki onlayn görüş keçirilib. Üçüncü görüş Gəncə şəhərində keçirildi. Konfransın adı "Şuşa Bəyannaməsi: Milli mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni fürsətlər" idi.

Heyətin emosional olduğu anlar

AK Partiya nümayəndə heyətinin Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə səfəri də yaddaqalan olub. Müharibə zamanı cəbhə xəttindən xeyli uzaqda yerləşən Gəncənin yaşayış məhəlləsinə gecə yarısı Ermənistan tərəfdən ballistik raket atılıb, nəticəsində 26 nəfər həlak olub. Yaşayış binaları dağılıb və yerində böyük çuxurlar əmələ gəlib.

Nümayəndə heyəti hadisənin baş verdiyi yerə qərənfillər düzüb, Ermənistanın qeyri-insani hərəkətlər etdiyini vurğulayıblar. Dərin çalanın ətrafına düzülmüş oyuncaqlar və hətta həyatını itirən uşaqların nənələri diqqətimizi cəlb edir.

Böyük bir insan utancını və dramını görürük. Heyət bu hadisəni əks etdirən tablonun qarşısında duyğulu anlar yaşayır...

Bütün xəbərlər Facebook səhifəmizdə