Şuşanı atəşə tutmaq kimə sərf edir? KÖŞƏ YAZISI

Artıq bir neçə gündür ki, Qarabağda baş verən silahlı insidentlər barədə xəbərlər yayılmaqdadır. Özü də atəşkəs rejiminin qarantı olaraq keçmiş münaqişə ərazisində Rusiyanın sülhməramlı kontingenti çıxış edir. Nəticədə vəziyyətin mümkün inkişafı perspektivi neqativlik nümayiş etdirir və rus sülhməramlılarının missiyalarının uğursuzluğuna işarə vurur. Əlbəttə ki, bu faktın özü Kremlin prestijinə zərbə endirməkdədir. Çünki Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində moderatorluq rolu Moskvaya həvalə olunub.

Və digər tərəfdən, proseslər eyni zamanda erməni tərəfinə yalançı ümidlər yürüdən Fransanın regiondakı fəallaşması fonunda cərəyan edir. Belə ki, ATƏT-in Minsk qrupundakı uğursuzluğuna görə avropalılardan qulaqdibi şilləsi alan, eləcə də ruslar tərəfindən çıxdaş edilən fransızlar üçün hazırkı məqamda “regional oyuna daxil olmaq” iddiası nüfuz məsələsidir. Lakin Parisin də qarşısında asan iş dayanmayıb. Belə ki, Bakı ilə İrəvan arasındakı mövqe fərqləri ona öz nüfuzunu bərpa etməsinə heç bir imkan vermir. Məhz belə bir situasiyada Fransa çox ehtimal ki, istər sülhməramlı missiyasında, istərsə də Qarabağdakı missiyası fonunda Ermənistanın müttəfiqi olan Moskvanın diskreditasiya edilməsinə yönündə oynayır.

Lakin hər şeyə rəğmən, baş verənlər rus sülhməramlılarının nəzarət bölgələrindəki qanunsuz silahlı birləşmə tör-töküntülərinin təmizlənməsi tələbini aktuallaşdırır. Artıq yavaş-yavaş o da məlum olur ki, Araik Arutyunyanla xısınlaşma, eləcə də üçtərəfli bəyanatın müddəalarında tələb edilənlərin həyata keçirilməsi prosesindəki uzadılma halları regiondan kənar olan və regiona öz gündəmlərini gətirməyə cəhd göstərən güclərin təxribatçı fəaliyyətlərinə yol açır.

Bu isə öz növbəsində nəinki situasiyanın stabillikdən destabilliyə doğru inkişafına səbəb olur, həm də Rusiyanın münaqişə tərəfləri ilə münasibətlərin gələcəyini qaranlıqlara doğru yuvarladır. Yəni bütün bunlar prinsipcə regiondan kənar güclərin strateji hədəflərinə çatmaları üçün hazırladıqları planlarının tərkib hissəsidir. Bəs onda nə baş verməlidir ki, kənar güclərin planları baş tutmasın?

Çıxış yolu birdir – terrorçu və diversant qalıqlarının regiondan tam olaraq təmizlənməsi və əlbəttə ki, “erməni anklavı” adlandırılan ərazilərin bu addan azad edilməsi və nəhayət – Azərbaycanın dövlət bayrağının yalnız azad olunmuş ərazilərimizdə deyil, həm də Xankəndi daxil olmaqla bütün Qarabağda dalğalanması!

Bütün xəbərlər Facebook səhifəmizdə