Tövbə, mediabazlığa ehtiyac yoxdur! KÖŞƏ YAZISI

Bütün sahələrdə olduğu kimi, bizim də sahəmizdə həmkarlıq deyilən ifadə var. Həmkar deyərkən, yəni peşə cəhətdən paralel fəaliyyət göstərən digər şəxs nəzərdə tutulur. Həmkar digər həmkarının uğurlarına sevinir, uğursuzluqlarına dəstək olur, yaranan çətinliklərin qarşısını almaq üçün əlindən gələn yardımını göstərir və s. və i...

Amma biri də var baz! Düzdür, bu ifadə istər qabalıq cəhətindən, istərsə də jarqonsayağı səsləndiyinə görə bir az uyğun gəlməyə bilər, amma elə yanaşdığım mövzuda tam olaraq bu ifadənin yeri var. Məsələn, var maşınbaz, var kefbaz, var sehrbaz və baz...baz... baz... Çoxdur bazlar, fəqət həmin baz(lıq)ların içinə birini də izafi edə bilərik – mediabaz!

Əslində, bu ifadə işlənməyən bir ifadədir, yaxud da az işlənəndir. Amma söhbət mövzunun üzərinə gələndə Bakı əhlinin dediyi kimi, cağbacağ yerinə düşür. Bəs nədir məsələ, nədədir cağbacağ mövzunun mahiyyəti?

Məsələ ondadır ki, Medianın İnkişafı Agentliyi (bundan sonra MEDİA) yeni qurum olaraq həm də yeni layihəyə start verdi - onlayn informasiya subyektləri arasında keçirilən müsabiqənin qaliblərini müəyyən etdi və müasir elektron (eləcə də çap) informasiya vasitələri arasında normal rəqabət mühitinin formalaşması üçün geniş şərait yaratdı. Buyur, bu meydan, bu da şeytan.

Beləliklə, qaliblərə maliyyə yardımı ayrıldı və əlbəttə, bu vəsaitlər media qurumlarının rəhbərləri tərəfindən redaksiyalarda aparılan işlərin daha da təkmilləşdirilməsinə, fəaliyyət göstərən jurnalistlərin əmək haqlarının artırılmasına, tələb edilən yeni avadanlıqların əldə olunmasına və başqa problemlərin həllinə xərclənəcək. Əlbəttə, hər bir yeni başlayan işdən ideal nəticə gözləmək də doğru hesab edilə bilməz. Nöqsanlar olub, var və olacaq da. Nöqsanların aradan qaldırılması üçün isə sağlam tənqidə hər zaman yer olub. Lakin təəssüf ki, “sağlam tənqid” deyərkən, bir sıra hallarda nəinki qeyri-sağlam tənqidlərlə qarşı-qarşıya qalmalı olursan, hətta ondan da ötə münasibətlərlə qarşılaşırsan və bir daha təəssüf (!!!) ki, bunları törədənlər də kefləri yaxşı olanda bizlərə “həmkar” deyən kəslərdir, qalib olmadıqları səbəbindən bütün kin-küdurətlərini yönəldiblər qaliblərin üzərlərinə - yəni həmkarlıqla deyil, mediabazlıqla məşğuldurlar.

Yox, əgər həqiqətən də mediabaz deyillərsə, həqiqətən də həmkardırlarsa, onda birinici işləri qalibləri təbrik etmək olardı. Etmədilər, öz işləridir, təki canları sağ olsun, gələn dəfə qalib seçildikləri zaman biz onları cani-dildən, guşeyi-qəlbdən təbrik edərik...

Yoxsa ki, qalibləri araşdırıb hansı saytın nə qədər giriş sayı var, hansı internet TV resursuna nə qədər izləyici daxil olur və ya filan qəzeti oxuyan yoxdur, behmənkəs portalın informasiya rəqabəti tələbata cavab vermir və daha nələr, nələr nələr..!

Əziz qardaşım, gözəl bacım, çatışmayan cəhətimi görmüsənmi? Pəkəla, gəl de ki, bu sahəndə çatışmayan cəhətin var, onu düzəlt, inkişaf etdir, mən də sənə dəstək olum, həmkarlıq edim. Heç bunu edən oldumu? Olmadı əfsuslar olsun ki (?!)

Qaliblərə olan “təbriklər” yalnız mız qoymaq, dodaq büzmək, istehza etməkdən ibarət oldu, özü də xorla!

Belə bir söz var e, kim həyatda nə qazanırsa, öz əməlinə görə qazanır. Və ya indi elə bir zəmanəyə gəlib-çıxmışıq ki, uğursuzluqlarımızı başqalarında axtarırıq, bircə dəfə də dönüb özümüzə demirik ki, bəs ay behmənkəs, üzləşdiyin uğursuzluq bu yanlışlığına görədir, get onu düzəlt, sonra başqalarına ittiham yağdır. Nə qədər belə davam edəcəksə, bizim sahəmizdə belə məsələlər davam edəcək təəssüf ki... Mediabazlar ildə bir neçə dəfə hay-həşir salıb uğursuzluqlarını özlərində deyil, başqalarında axtaracaqlar.

Bəlkə də çalışdığım redaksiyamızın yolunu belə tanımayanların nədənsə fəaliyyətimiz haqqında bu qədər “geniş bilgilərə” sahib olmaları da, əslində, məni təəccübləndirdi. Amma mətbuat platformasında yeni-yeni addımlamağa başlayan üç-beş illik mediabaz dəstələri MEDİA-dan umduqları qalib adlarını tələb etmələri yerinə yaxşı olardı ki, fərqli mövqe sərgiləyərdilər.

Başqa tərəfdən isə onlar ittiham elədikləri bəzi (!) qaliblərin ölkə mətbuatındakı tarixi əhəmiyyətləri, fəaliyyətləri barədə, ümumiyyətlə, heç bir bilgilərə sahib olmadıqlarını dolayı yolla isbatladılar. Necə deyərlər, ittiham yağdırmaq asandır, işə gələndə isə hər şey çətinləşir.

Nə isə, deyəsən çox uzatdım, ona görə də əlqərəz edərək MEDİA-nın müsabiqəsindən qalib ayrılmayan qeyri-sağlam tənqid “ustadlarına” sözüm budur ki, peşənizlə bağlı hansı işinizdə, fəaliyyətiniz sferasında istənilən çətinliklərlə qarşı-qarşıya qaldığınız zaman utanmayın, çəkinməyin, gəlin bizə müraciət edin. Biz sizə peşəkar jurnalistikanın, sağlam tənqidin, xüsusilə isə nöqsanları “ağır cinayət” kimi təqdim etməməyin yollarını öyrədərik.Təki, gələn dəfə siz qalib olun, biz də qalibiyyətinizə sevinək və sizləri təbrik edək. Tövbə, mediabazlığa ehtiyac da yoxdur, qoyun bunu bir kənara, zatən səmərəsi-zadı da yoxdur...

Bütün xəbərlər Facebook səhifəmizdə