Elçin Bayramlı

Abortlar faktiki olaraq qətl hadisəsidir, - bu, hələ doğulmamağa imkan tapmamış körpələrə qarşı fiziki terror, analara qarşı isə həm psixoloji, həm fizioloji terrordur. Abortlar bir cəmiyyəti xəstə vəziyyətə salır, demoqrafik vəziyyəti ağırlaşdırır, milli genefondu məhv edir, cinslərin təbii balansını pozur. Qısaca abort ən qorxunc və ən dəhşətli bəladır.

Həm rəsmi, həm qeyri-rəsmi statistika göstərir ki, Azərbaycanda abortların sayının artması son dərəcədə acınacaqlı haldadır. Xüsusən də, selektiv abortlar daha təhlükəlidir. Bu, qız uşaqlarını abort etdirən valideynlər nə fikirdədir? Gələcəkdə oğlanlarını bir-biri ilə evləndirmək fikrindədirlər?

Son 20-30 ildə bu sahədə vəziyyət daha da pisləşib. Bəzi bu işlə məşğul olan həkimlər etiraf edirlər ki, son vaxtlar məktəbli qızların müraciətləri daha çox kütləviləşib. Bunların çoxu rəsmiləşmir və statistikaya daxil olmur. Buna görə də, hesab edilir ki, real rəqəmlər rəsmi statistikadan 10 dəfə daha çoxdur. Bu, faktiki qətl hadisəsi olmaqdan əlavə, həm mənəvi, əxlaqi, psixoloji cəhətdən deqradasiyanın son həddidir, həm də milli genefondumuzun, ailə institutumuzun tam dağılmasına az qalıb deməkdir.

Abort məlum olduğu konkret qətl hadisəsidir. Ana bətnindəki uşağı öldürməklə, küçədəki hər hansı bir şəxsi öldürmək arasında heç bir fərq yoxdur. Maraqlıdır ki, qanunlar hər hansı bir qətlə ağır cəzalar verdiyi halda, körpələrin göz qabağında açıq şəkildə qətli həyata keçirildikdə buna nə qanun, nə də bir başqası reaksiya verir. Açıq şəkildə ölkədə hər gün minlərlə qətl törədilir. Faktiki olaraq, milli genefonda qarşı kütləvi terror törədilir. Buna da demək olar ki, tam bir şərait yaradılıb və kim nə qədər istəsə, o qədər adam öldürə bilər.

Bunun qarşısını almaq üçün nə dövlət, nə də cəmiyyət heç bir tədbir görmür. El arasında arvad-uşaq komitəsi adlandırılan orqan dövlətin pullarını boş yerə xərcləməklə məşğuldur və bu sahədə heç bir effektiv iş görmür, hansısa təbirlər həyata keçirmir, nəzarət etmir. Bu komitə ləğv olunmalıdır və xüsusi bir dövlət orqanı yaradılmalıdır. Bəzi ölkələrdə abortların edilməsinə qarşı daha mühafizəkar qanunlar var. Hətta bəzi Avropa ölkələrində belə, abort etmək qadağandır və abort edən şəxs sərt cəzalandırılır. Bizdə demək olar ki, bu məsələ ilə bağlı nə dövlət maraqlanır, bu məsələ nə cəmiyyətin, nə də mətbuatın vecinədir.

Abortlar geniş planda baxıldıqda milli təhlükəsizlik məsələsidir. Bu milli fəlakətdən xilas olmaq üçün təcili şəkildə dövlət bu məsələ ilə bağlı ya xüsusi proqram qəbul etməlidir, ya da bu sahə üzrə geniş səlahiyyətlərə malik xüsusi dövlət orqanı yaradılmalıdır. Bu sahəyə çox ciddi nəzarət olunmalıdır və çox sərt cəzalar qoyulmalıdır.

Artıq çox gec olsa da, hələ ki, xilas imkanları qalır. Ruslar demiş, lucşe pozdno, çem nekoqda…

Bütün xəbərlər Facebook səhifəmizdə