Niyə küçədə yarıçılpaq gəzmək olmaz? - TƏHLÜKƏLİ SƏBƏB

Elçin Bayramlı

Yay mövsümü gələndən Bakıda ənənəvi mövzulardan biri yenə aktuallaşıb. Qızların, qadınların açıq-saçıq geyinməsi, bunun nəticəsində kişilərin haldan-hala düşməsi məsələsini deyirəm. Qısası, bəzi xanımlar “işə gecikdiyindən” və “skleroz olduqlarından” üst paltarı geyməyi unudaraq şəhərə yatmaq paltarında çıxırlar ki, bunun da nəticəsində ciddi problemlər yaranır.

Vallah şişirtmirəm, bu, çox təhlükəli problemdir, belə ki, birbaşa insan həyatının itirilməsi ilə nəticələnə bilir. Necəmi? Mən yazım, siz oxuyun görün haqlıyam yoxsa yox...

Tutaq ki, gözəl və gənc bir xanım bir qarışlıq mini-yubkada minib avtobusa və qabaq sıraların birində əyləşib. Salondakı gənc oğlanların o saat avtobusun həmin qisminə yığılmasını qoyaq bir tərəfə. İndi bu zalım oğlu sürücü maşını necə idarə etsin? Qabaq tərəfə saysız-hesabsız güzgüləri yuxarıdan aşağıya, sağdan-sola, diaqanal vəziyyətdə havayı yerəmi düzüb?

Xülasə, bu məzlum sürücü yola baxmaq əvəzinə qabaq şüşənin lap aşağısında yerləşən həmin böyüdücü güzgülərdən xanımı seyr etməyə bilərmi? Xeyr, Azərbaycanda bu mümkün deyil! Əvvəla, biz müsəlmanıq, ağlımız kəsməyəndə zorakılığa məruz qoyulmuş, dinin və elmin tələblərinə zidd olaraq sünnət olunmuşuq, ona görə də seksual temperament, cinsi natamamlıq kompleksi yüksək səviyyədədir.

İkincisi, bizim xalqın kişiləri belə mənzərələrə o qədər də öyrəncəli deyil, adicə küçədə yeriyərkən dönüb qısa şortik-maykada qarşısından keçən bir xanımın arxasınca baxanda qarşıdan gələnlə toqquşmurlarmı? Küçədə bu əməliyyat kiçik xəsarətlə qurtara bilər, amma avtobusda vəziyyət fərqlidir. Sürücü yola baxmağın başını buraxaraq salondakı mənzərələri seyr edib feyziyab olmağa başlayanda qəza baş verə bilər. Nəticədə xeyli sərnişin və özü o dünyaya yollana bilər.

Konstruktorlar üzümüzə baxıb, metro qatarlarında maşinist vaqonun içini görmür, yoxsa tələfat daha kütləvi olardı. Lakin metroda da başqa problem var. Stansiyaya yarıçılpaq nazənin daxil olarkən bəzi polislər sərnişinlərin yüklərini dedektordan keçirməyin başını buraxıb, bu mənzərəni seyr etməyə, bəzən söz atmağa girişirlər ki, bu da metroya kiminsə rahatca bomba keçirməsinə imkan yarada bilər.

Təsəvvür edin ki, bir xanım dar kalqotkada və ya bir neçə sm-lik mini-yubkada, sinəsi və beli açıq şəffaf koftada svetoforun qırmızı işığını filanı vecinə almayaraq nazlana-nazlana səkkizvari yerişlə yolu keçir! Bütün sürücülərin başları eyni istiqamətə dönəcəkmi? Dönəcək! Burda zəncirvari qəza baş verəcəkmi? 100 faiz! Nəticədə azı bir neçə nəfər həlak olacaq, bir neçə avtomaşın sıradan çıxacaq, ölkə iqtisadiyyatına zərər dəyəcək!

Mən özüm bir neçə dəfə belə qəzaların şahidi olmuşam. Düzdür, yol polisləri sənədləşdirəndə qəzanın səbəblərini bir az dəyişdiriblər ki, ayıbdır, rüsvayçılıq olmasın, dünyada bizə gülməsinlər. Amma hər halda biz özümüz gözümüzlə gördüyümüzü necə unuda bilərik?

Ötən həftə maraqlı bir mənzərənin şahidi oldum. Küçə ilə tək gedən yarıçılpaq qıza ilişmək yarışında bir-birinə güzəştə getməyən iki qaqaş əvvəl türmə jarqonu ilə sözləşib, sonra qaydasız döyüşə başladılar. Bunlar al-qana qərq olduqları vaxtda həmin qız qulağında nauşnik dingildəyə-dingildəyə, daha doğrusu “səkkiz yaza-yaza” yoluna davam edirdi...

Belə misalları çox gətirə bilərəm, amma başınızı niyə ağrıdım ki? Qısası, dediyim odur ki, xanımlarımız bir az ehtiyatlı olsunlar, normal paltar geyinsinlər əyinlərinə. Başa düşürük, yaydır, istidir. Amma bir bu cinsi natamamlıq kompleksi olanları da nəzərə alın. Vallah indiki zamanda ölmək yaşamaqdan bahalıdır.

Həm də bu istilər təkcə sizə təsir etmir ki? Bəs biz (kişilər) niyə lüt-üryan küçəyə çıxmırıq? Biz başa düşürük, indi parça bahadır, çox qızlar və qadınlar imkansızlıq ucbatından az parça ala bilirlər. Yazıq dərzi də neyləsin, bundan ancaq mini-yubka çıxa bilər.

Dükanlarda da “mini”lər uzun yubkalardan, kalqotkalar normal şalvarlardan ucuzdur. Ona görə də, imkansız qadınları anlamaq olar. Yaxşı bəs varlı-hallı, yaşlı-başlı arvadların yarıçılpaq vəziyyətdə şəhərə çıxmasına nə deyirsiniz?

Soruşmaq ayıb olmasın, niyə kimsə durduğu... pardon, oturduğu yerdə naməlum dünyaya yollanmalıdır? Bəlkə birinin ailəsinin heç pulu və ya satmağa evi yoxdur ölü mərasimlərini və digər xərcləri ödəməyə?

Dediyim odur ki, əhəmiyyətsiz bir hal kimi görünən bu vəziyyət ciddi problemlər yaradır. Mən hələ bəzi məsələlərə- zorlamaların və təhlükəli xəstəliklərə yoluxmanın artmasında belə geyimlərin rolu və sair bu qəbildən olanlara- toxunmadım.

İndi gördünüzmü, ölüm sayının, yol qəzalarının, digər çoxsaylı problemlərin sayının sürətlə artmasında xanımların açıq-saçıq geyinməsinin nə qədər böyük rolu vardır? Uzun sözün qısası, əziz xanımlar, kişilərə yazığınız gəlsin, hoqqa çıxarmayın. Bəşəriyyət bu qədər böyük inkişaf yolu keçib, yenidən ibtidai icma quruluşuna qayıtmaq lazım deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...