Karantin bayramı kimlərindir? - KÖŞƏ YAZISI

Karantin vəziyyəti uzanmaqda davam edir. Onun bitmə tarixi isə hələ heç kimə bəlli deyil. Uzun bir müddətdir ki, xalq olaraq təhsilsiz qalmışıq. Bu isə bizim gələcəyimizə birbaşa təhdiddir. Belə ki, bu dönəm oxumaqdan qaçanlar, zorla oxuyanlar, kitabdan bezənlər üçün əsl bayramdır. İndi bu qövmdən olan adamlar əsl cənnətdədirlər. Beləliklə onları oxumağa məcbur edən müəllimləri daha uzaqdadır. Valideynlərinə qarşı isə daha dolğun bəhanələri var.

Nəticədə bu adamlar oxuma, dinləmə hətta anlama vərdişlərindən daha da uzaqlaşıblar. Onları qısa müddətdə cəmiyyət üçün qazanmaq isə heç də asand olmayacaqdır. Belə ki, fundamentlərimizi təşkil edən təhsil, mütaliə bizi fərd olaraq yetişdirirsə biz onlarsız ən yavaş əsən küləklərdə aşacağıq. Bu dağıntıların altında isə çoxlu digər tikililər qalacaqdır.

Dünyada elə Azərbaycanda da bir qisim insan bu dönəmdə kitablarla və mütaliə ilə daha da iç-içə olub. Yəni əminliklə demək olar ki, bu karantin yalnızca pis təsirlər göstərmir. Onun gətirdiyi həyat tərzi ilə daha da tənbəlləşən insanlar isə öz gününü sosial mediada və video oyunlarda keçirdir. Ən yaxşı halda isə filmlərə baxaraq dünya görüşlərini artırırlar. Onları bu dibsiz tənbəllik quyusundan çıxarmaq üçün bir çox yol mövcuddur. Onlar ilk növbədə öz günlərini planlamalı, etdiklərini saatlara bölməli və onlara nəzarət etməyə çalışmalıdır. Əks təqdirdə bu insanların aktiv iş, təhsil və sairə ilə məşğul olmaqları, onlarda baş ağrısı, ürək bulantısı yaradacaq.

Sağlam bədəndə sağlam ruhun olduğunu nəzərə alaraq gündəlik idmanla məşğul olmaq gərəklidir. Hər gün nələrsə öyrənmək isə beynimizi bəsləyəcək və bizi daha rahat hiss etdirəcək. Gün ərzində yararlı işlər görmək isə özümüzü dəyərli hiss etdirəcək və biz həmin dibsiz quyudan çıxacağıq. Çıxdığınız quyudan aşağı baxmaq isə sizdə hədsiz zövqlər yaradacaqdır.

Bizi insan edən də ictimai yararlı olmaqdır. Bizi heyvandan fərqləndirən şüurumuzu yararlı bir şeylər üçün sərf etmiriksə, biz heyvandan daha çox heyvanıq. Çünki təbiətə baxarsaq yumurtalamayan quş tapa bilmərik. Yəni quş öz bacarığından istifadə edib yuva qurur, yumurta qoruyursa insan da dünyanın ən ağıllı canlısı olduğu üçün şüurundan istifadə etməlidir.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...