Acgöz məmur- Bu düşüncəli oliqarxlar ən ağır... KÖŞƏ YAZISI

Artıq heç kimə sirr deyil ki, Azərbaycanda bir sıra məmur-oliqarxlar vəzifə səlahiyyətlərindən və geniş əlaqələrindən sui-istifadə edərək misilsiz sərvət toplayıblar. Əslində, dəfələrlə rüşvətxor məmurlar barədə deyilib, yazılıb. Ancaq bu gənələr, necə deyərlər, “özlərinə sığışmırlar”. Bu dəfə isə artıq onlara sığal çəkmək kimi cinayətə bərabər “humanistliyə” yer yoxdur, bu cəmiyyətdə. Dövlətin və xalqın pulunu yeyənlərə “bacarana can qurban” düşüncəsi düşüncə ilə heç vaxt belələri düzələn deyil. Və belə acgöz məmurlar anlamırlar ki, 30 il işğalçı Ermənistanın özgə torpağına göz dikdikləri üçün başlarına elə bir dəmir yumruq vuruldu ki, başlarını soxmağa heç bir siçan deşiyi belə tapa bilmədilər. Bu, dəmir yumruğun gücü idi! Bu, Prezident, Ali Baş Komandan İlham Əliyev cənablarının “Dəmir yumruq” siyasətinin nəticəsi idi ki, 44 gün ərzində 30 illik həsrətə son qoyularaq, haqq qalib gəldi, haqqını azanları igid əsgərlərimiz və zabitlərimiz şücaəti ilə it kimi qovaraq bütövlüyümüz bərpa edildi, Qarabağ Azərbaycanımıza qovuşduq. Dövlət başçımız bu tip məmurlara elə bir dərs verib, dəfələrlə iyrənc simalarını ictimaiyyət qarşısında açıqlamalı olub. Elə dövlət başçımız tərəfindən mədəniyyət paytaxtı elan edilmiş gözəl Şuşanı bu tipli qəsbkar məmurlar tərəfindən “bölüşdürülməsi”, özbaşınalığına qarşı “öz yerlərini bilsinlər” deyərək bildirmişdir ki, bu özbaşınalığı nə birincidir, nə də sonuncu: “Biri filial açmaq istəyir, biri nə bilim başqa qurum açmaq istəyir. Bu, yolverilməzdir və qəbuledilməzdir...Yenə də deyirəm, ucuz populyarlıq dalınca qaçanların axırı pis olur, bu, birincisi. İkincisi, qayda-qanun var ölkədə. Heç kim özbaşınalıq edə bilməz. Əgər kimsə unudur, biz onun yadına salarıq”.

“Əgər kimsə unudur, biz onun yadına salarıq”

Bəli, ölkənin Lideri yadına saldı. Yadına saldı ki, “Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm!”. Amma görünür, hələ də bu özbaşına məmurlar isti yerdə oturduqlarını zənn edirlər. Kifayət qədər iyrəncdir. Tamah gör nə sərhədsiz həddə çatıb ki, yenicə işğaldan azad edilən, hələ minalarla və demək ki, hər an ölüm risqi ilə dolu olan bu torpaqlara sahiblənmək, onları da Azərbaycanın digər səfalı ərazilərini zəbt etdikləri kimi əhatəyə alıb özününküləşdirmək üçün ən rəzil yollara belə əl atırlar.

Elə bu acgözlükdür ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir. Lakin deyilmir ki, ermənilərin etdikləri vandallığı etsinlər. Belə ki, yol infrastrukturu layihələrindən biri olan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi zamanı Qubadlı rayonunun Yusifbəyli kəndində yerləşən XV əsrə aid məscidin sökülməsi vandallıq deyilmi? Nə vaxta kimi...Ancaq etdiklərinizin cəzasını cəmiyyət, ali qanunumuz qarşısında savab verməli olacaqsınız.

Prezident Qubadlıdakı məscidi sökənlərin cəzalandırılmasını tapşırdı

Dövlət başçısı tərəfindən aidiyyəti strukturlara baş vermiş hadisənin araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı tapşırıq verilib. Qeyd edilib ki, məscid Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb. Qubadlı rayonu erməni silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra məscidin yarıuçurulmuş vəziyyətdə olduğu və heyvanların saxlanıldığı yer kimi istifadə edilərək vandalizmə məruz qaldığı müəyyən edilib. Uzunluğu 66 kilometr təşkil edəcək Xudafərin-Qubadlı-Laçın avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Artıq yolun Xudafərin su anbarı və Xanlıq yaşayış məntəqəsi arasında olan hissəsində tikinti işlərinə start verilib. Qubadlı rayonunun Yusifbəyli kəndində tikinti işləri aparılarkən tikilinin təyinatı barədə İdarələrarası Mərkəzə və aidiyyəti dövlət orqanlarına müraciət edilməyib və dəqiqləşdirmə aparılmadan onun söküntüsü həyata keçirilib.

Prezident Qubadlıdakı məscidi sökənlərin - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və subpodraçı şirkətin yolun tikintisinə məsul olan və ciddi səhlənkarlığa yol vermiş əməkdaşlarının cəzalandırılmasını tapşırıb. Həmçinin, Əlaqələndirmə Qərargahının rəhbərliyi tərəfindən müvafiq dövlət orqanlarına işğaldan azad olunmuş ərazilərdə mədəniyyət və dini abidələrə nəzarətin daha da gücləndirilməsi, bərpa və yenidənqurma işləri zamanı ərazidəki tikililərin təyinatının aidiyyəti üzrə dəqiqləşdirilməsi ilə bağlı müvafiq göstəriş verilib.

Göründüyü kimi, Prezidentin vaxtında və sərt formada ifadə elədiyi fikirlər ölkədə islahatların davamına və buna mane olanlara ünvanlanıb.

Və hər bir məmur üzərinə düşən işi məsuliyyətlə idarə etməlidir, etməyənlər isə həm vəzifələrinə əlvida deməklə, həm də ciddi cəzasını alacaq, bu proses inadla davam edəcək.

Çünki qanları bahasına oğullarımızın – əsgər və zabitlərimizin qanı hesabına işğaldan azad olunuan torpaqlarımızın sərvətinə kəm baxanlar, bir sözlə diş qıcıyanlar ən ağır cəzanı almalıdırlar... Çünki bunların mədələri ilə küt beyinləri arasındakı rabitə elə pozulub ki, “dur” siqnalı qəbul olunmur. Artıq insanlıqdan vəhşiliyi doğru getdiklərini də hiss etmirlər. Robotlaşmış bu acgöz məmurlar dövlət başçımızın dediyi kimi: “Heç kim özbaşınalıq edə bilməz. Əgər kimsə unudur, biz onun yadına salarıq”. Məmurlar öz yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə