Hərdən fikirləşirəm ki, doğrudan-doğruya dünya düzəlməyə başlayır. Pandemiya deyilən bu zəhrimar olmasa, düzəlməsi məsələsini tam əminliklə söyləyib, sağa-sola şəstlə boylanıb, qürur da duyaram. Amma koronavirus bəlasının azalması əvəzində sürətlə artması qətiyyətimi bir balaca şübhə altına almış olur. Ümidlər var ki, pandemiya yaxın vaxtlarda aradan qalxacaq və yenidən normal həyat bərpa olunacaq. Yenə də kütləvi şəkildə turist qiyafəsində xarici ölkələrə istirahətə gedəcəyik. Əcnəbilər də ölkəmizə təşrif buyurub, meşələrdə, dağ yamaclarında adları Qızıl kitaba daxil edilmiş quşları ovlayıb, utanıb çəkinmədən də həmin quşlarla selfi çəkdirib, sosial şəbəkələrdə paylaşacaqlar. Bu özbaşınalığa müvafiq dövlət qurumları da susqunluq nümayiş etdirəcəklər. Etiraf edək ki, bizimkilər də az aşın duzu deyillər. Azərbaycan sərhədlərini keçib, bahalı istirahət mərkəzlərinə üz tutanlar min hoqqadan çıxırlar.

Ölkəmizdə elə gənclər var ki, siqaret almağa bir manat tapa bilmədiyi halda, xaricə üz tutan varlı-karlı ailələrin gülməşəkər övladları milyonlar xərcləyirlər. Yarıçılpaq rəqqasələrin, keçəlbaş mütrüblərin əhatəsində rəqs edən gülməşəkər oğlan və qızlar müxtəlif utancverici hoqqalardan çıxmaqdan da çəkinmirlər. Bəzən iddia edirlər ki, onları pul xərcləməyə üzləri min sifət görmüş mütrüblər yoldan çıxarırlar. Ancaq deyən lazımdır ki, mütrüblərin işləri-peşələri onu-bunu əyləndirib, mahnı oxuya-oxuya onların könlünü açmaqdır. Söz yox ki, bu əyləndirmə məclisində ciblərə topsuz-tüfəngsiz daxil olub, pul-paranı əldə etmək məqsədləri də var. Yazılı mənbələrə istinadən demək olar ki, mütrüblər qədim peşə sahibləridirlər. Yəni yeni minilliyin əvvəlindən mütrüblər lüt, əksər hallarda yarıçılpaq halda rəqs edə-edə oxuyublar. Elə diribaşları da olub ki, rəqs etmək, oxumaqla yanaşı, həm də müxtəlif alətlərdə ifa da ediblər. Bu baxımdan, onların adları üstlərindədir- mütrüblər.

Hazırkı müasir dövrdə bir çox adət və ənənələr, eləcə də dəyərlər dəyişdiyi kimi, mütrüblərin də görkəmi və forması dəyişib. Bir qədər müasirləşiblər, biri oxumağa bacarırsa, digəri rəqs etməkdə pərgardır. Yəni, qədim əcdadları kimi çoxşaxəli bilgilərə malik deyillər. Amma qaz vurub, qazan doldurmaq məsələsində əcdadları olan peşə sahiblərindən daha fəaldırlar. Bu gün elə mütrüb var ki, bir neçə yerdə evi-villası, müxtəlif markalı xarici avtomobili var. Çox vaxtı səs-soraqları dünyanın ən bahalı istirahət mərkəzlərindən gəlir. Açığı xəritədə belə Maldiv adalarının hansı coğrafi ərazidə yerləşdiyini tapa bimərəm. Və ya Havay adalarının hansı istiqamətdə olduğunu müəyyənləşdirməkdə çətinlik çəkirəm. Amma sosial şəbəkələrə nəzər yetirəndə ölkəmizin adlı-sanlı xanım mütrüblərinin həmin adalardan fotolar paylaşdıqlarını görürəm. Nə deyim ki? Pulu var, kef edir. Maddi imkan sahibidi, özü üçün yaşayır. Sovet hökuməti deyil ki, aldığın mebelə, divan-kresloya görə belə izahat verməli idin. Əks halda, cəza qaçılmaz olardı. İndi isə elə bir dövrdür ki, milyonları və yaxud milyardları necə və hansı formada əldə etdiyinin sorğu-sualını edən yoxdur. Sadəcə deyirlər ki, “bacarana baş, bacamayana daş qurbandır”. İndi bir mütrübün naz-qəmzəli baxışına xarici avtomobil bağışlayırlar, ev peşkəş edirlər. Özəl şirkətini mütrüblərə xərclədiyi pullar səbəbindən böyrü üstündə qoyanlar da olur.

O gün saytlardan birindən oxuyuram ki, iki şərikdən biri şirkətin pullarını mütrüb “dost”una o qədər xərcləyib ki, axırda istehsalat müəssisəsi olan şirkət “bankrot” olub, 100-ə yaxın işçi də qalıb havada. Yəni, qardaş o boyda şirkəti mütrübün bir telinə qurban edib. Əhsən, “malades” və sair, ilaxır. O gün dostlardan biri restorana gedibmiş, görür ki, ortalıqda musiqi sədaları altında qu quşu kimi gözəl bir qız süzür. Yarıçılpaq qızın nazlı baxışlarına tab gətirməyən dostumuz cibindən iki dənə 20-lik çıxarıb, qoyub ətrafında fırlanan qızın məlum yerinə. Vəssalam, bundan sonra qız çıxıb gedib, başqa müştərini ovlamağa. Dostumuzu iki 20 manatıq iki həftə yandırıb. Düz iki həftə başı ağrıyıb, dişləri sızıldayıb. Deyir ki, pulu boş yerə havaya sovurduğuna çox peşman olub. Özünə də söz verib ki, bir daha həmin restorana getməsin. Bu yerdə deyiblər, “niyə qədərindən artıq motal yağı yeyirsən ki, sonra da qarın ağrısına tutulursan”.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə