Gəlin razılaşaq ki, elə insanlar var ki, sanki ağızları faldır. Birinin yaşayışı, digərinin istedadı hədəf seçildisə, o mütləq çökəcək. Belələrinə el arasında "pis göz", "nəfsi iti" məxluqlar deyilir. Bir də görürsən ki, biri gözlənilmədən mal-mülk sahibi olur, özünə xarici avtomobil alır, bağ evi tikdirir. Qonşusu da bunu görüb, elə hey onun haqqında danışır, dostuna-tanışına onu misal olaraq göstərir. O qədər danışır, mal-mülkünə köks ötürür ki, axırda o adam böyrü üstə çökür, demək olar ki, hər şeyini itirir. Görünür bu baxımdandır ki, deyirlər ki, "yüz yeyənin olsun, bir deyənin olmasın".

Bəzən cəmiyyətdə tanınan şair və yazıçıların, müğənnilərin şəxsi həyatlarına da müdaxilələr edilir, onların barəsində sosial şəbəkələrdə min cür şəbədələr qoşulur. Müğənnilər haqqında o qədər söz-söhbətlər qoşub, "dastan"lar yazdılar ki, axırda bu biçarələr çökdülər. Dünyanın bəlasına çevrilən pandemiyanın tüğyan etməsi səbəbindən Azərbaycanda fəaliyyət göstərən müğənnilərin, şou əhlinin demək olar ki, hamısı ağzı günə qaldılar. Bir qədər diribaşları əl açıb, dilənməkdənsə, qara-qura işlərlə məşğul olmağa üstünlük verirlər. Bəziləri taksi fəaliyyəti ilə məşğul olur, digər qismi də, dost-tanışlarının ofisində çalışırlar. Yəni bir təhər çullarını sudan çıxarırlar. Bu arada "Sadlıq evləri"nin sahiblərinin vəziyyətləri daha acınacaqlıdır. Çünki pandemiya səbəbindən "Şadlıq evləri"nin fəaliyyətləri qadağan olunub. Yenə o məsələyə qayıdıram ki, müğənniləri, şou əhlini, o cümlədən də "Şadlıq evləri"nin sahiblərini pandemiyadan çox, dedi-dedi yıxdı. O qədər dedilər ki, " Şadlıq evləri"nin sahibləri "pula- pul demirlər", "bir gecə də, yüz min mant qazanırlar", "israfçılığa yol verilər" və sair ittihamlar, nəhayət "müsbət" nəticəsini verdi. Bəla ondan ibarətdir ki, ittiham hədəfinə tuş gələnlər sırasında cavanlar da əziyyət çəkirlər. Yəni toy-nişan mərasimlərinə qadağa qoyulması səbəbindən yüzlərlə gənc qız və oğlan nişanlı olaraq neçə aylardır ki, gözləyirlər. Pandemiyada ki, yekunlaşmaq bilmir. Əksinə, dünyada və ölkəmizdə baş verənlərə əsasən, demək olar ki, virusa yoluxanların sayı artmaqdadır. Bu isə, o qənaəti yaradır ki, pandemiyanın üçüncü dalğası baş verə bilər. Nə etməli? Birincisi, nişanlı gənclər nigaha daxil olub, evlənsinlər. İkincisi, işsiz müğənnilər və şou əhli nəyəsə ümid bəsləmədən, bazarda və ya ticarət yaramarkalarında özlərinə iş tapıb, xeyirli fəaliyyət yolu tutsunlar. İnşaallah pandemiya bitər və yenidən hərə bacardığı və qazanclı sahə hesab etdikləri işlərinin başına keçərlər. Ümumiyyətlə isə, hesab edirəm ki, insan olan bəşər övladı, hər bir qəzavü-qədəri təbii qarşılamalıdır. Həm də şükür edənlərdən olmalıdır. Məsəl var deyilir, "yuxarı baxıb köks ötürüncə, aşağı baxıb şükür etmək lazımdır". Bizlər başqa biri üçün bir iş görəndə və ya yardım göstərəndə qarşılığında təşəkkür umuruq. Bu olmayanda həmin insanı ürəyimizdə qınayır, haqqında yaman sözlər söylənirik. Nəzərə alın ki, yerin-göyün, bütün kainatın yaradıcısı Allah da insandan istəyir ki, ona verdiyi nemətlərə görə şükür etsinlər. Baxmayaraq ki, Allahın bizim təşəkkürümüzə ehtiyacı yoxdur, ancaq insanları şükür etmələrinə görə vəzifləndirmişdir. Söz yox ki, insan özünün və ailəsinin ruzi təminatı üçün çalışmalı və əmək sərf etməlidir. Böyük əmək sərf edib, az qazansa, insan bundan narahat olmamalıdr. Yəni buna görə, şükür edənlərdən olmalıdr. Uca peyğəmbərimiz Məhəmməd (s.ə.) buyurur ki, "Ruzi qapısı göydən ta yerin dibinədək açıqdır. Allah hər bir insana ehtiyacına, qeyrətinə və mərhəmətinə görə ruzi verir".

Müasir dövrümüzdə elə insanlar var ki, əldə etdyi var-dövlət onun nəsilbənəslinə bəs etsə də, gözü döymur. Yenə də, pul-para əldə etməyə, var-dövlət yığmağa çalışır. Ən pisi də ondan ibarətdir ki, bu kateqoriyadan olan məxluqlar var-dövləti alın təri ilə deyil, qeyri-qanuni yollarla əldə etməyə çalışırlar. Bu da təbii ki, qınanılır, cəmiyyət tərəfindən açıq şəkildə pislənilir. Rüşvətə bulaşan, korrupsiya meydanında at oynadan vəzifə sahibləri əksər hallarda uzağa gedə bilmirlər. Bir gün yatdığı yerdən gözünü açanda görür ki, başının üstündə görünüşündən insanın canına üşütmə salan qara maskalılar dayanıb. Həmin an, rüşvətxor məmur cılızlaşır və qorxudan bəlkə də yüz dəfə ölüb-dirilir. Elə ölkəmizdə neçə-neçə rayonun icra hakimiyyətlərinin başçıları, nazir müavinləri, idarə-müəssisə rəhbərləri qara maskalılar tərəfindən həbs ediliblər. Belə məxluqlar layiq olduqları cəzanı alırlar. Əgər onlar şükür edənlərdən olub, əhalini söyüb talamasaydılar, sakit və rahat şəkildə xidmətlərini davam etdirərdilər. Nə isə… Həzərat, mömin insanlardan olun. Çünki mömin insanlar həqiqi imana malik olduqları üçün nemətin qədrini bilir və şükür edərlər. Şükür edənlərdən olaq.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə