“Vətənpərvər erməni”lərin ölkədən qaçma təhlükəsi

Əzabın heç vaxt “gözəl” olmadığını elə bil indi kəşf edən ermənilər, Paşinyanın hakimiyyətini özləri üçün “əzab nümunəsi” hesab edirlər. Amma belə görünür ki, bu “əzab nümunəsi” hələ də səhnədən çəkilmək niyyətində deyil. Bax, ermənilərə də od qoyan budur. Dünənə qədər kücədə Nikolun əlinə mikrafon verib onun nitqlərini dinləyənlər, indi onu hoqqabazlıq edən təlxəyə bənzədirlər. Kifayət qədər beyin qarışığı olmadığına görə, səs telləri inkişaf etmiş bir təlxəyə. Hətta onun təlxəyliyinin mahiyyəti ilə bağlı tibbi araşdirmalar aparılmasına da “start veriblər”. Guya artıq ilk nəticələr də əldə edilib. Beləliklə, məlum olub ki, Paşinyanın başı o qədər sadələşdirilib ki, artıq eyni anda düşünə və danışa bilmir. Yəni danışırsa, artıq düşünmür, ya da əksinə, düşünməyəndə başlayır gopa basmağa. Hələ ki, bunlar ermənilərin Paşinyanla bağlı son bir ayda gəldikləri qənaətdir.

Qeyd edək ki, indi Ermənistanın “təp-təzə” Siseronları peyda olumadadır. Hamsının da ağzından bir avaz gəlir.

“Bu gün viran bir ölkəni bərpa etmək üçün milli bir strategiyaya ehtiyac olduğunu düşünürəm”. Nə gözəl, vətənpərvərlik təbliğ edən sözlərdir! Bilirsiniz bunu kim deyir, Ermənistanı yenidən qurmağı təklif edən “Maariflənmiş Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan. Bax, gör, baş nazir olmaq istəyənlər siyahısında adı var?

“Hər dram, avtomobil, daha nə bilim pula gedən nə varsa, hamısı ermənilərin səfərbərliyinə hesablanmalıdır - diplomatiyada, zabit korpusunda çalışmağa hazır olan ermənilər hazırlanmalıdır. Ölkəmizdə böyük ölçüdə itirilmiş olan bir ölkə qurub subyektivlik qazanmaq lazımdır”.

Hə, bunu da İskəndəryan deyir. Yox, yox, xəyalınıza Rusiyanın ermənilərə “skitka” ilə satdığı “İskəndər”i demirəm. Bu, “mesnidir”, əsl ermənidir- Aleksandr İskəndəryan. Sizi bilmirəm, amma mənə elə gəlir ki, bu danışığına barıtı bir az çox qoyub axı. Belə görürəm ki, o Ermənistanda qalan beş-altı “vətənpərvər erməni”nin bunları eşidəndən sonra ölkədən qaçmaq ehtimalını nəzərə almayıb. İskəndərə xatırlatmaq gərək: siyasətdə köhnələrdən biri kimi, sən gərək bunu qanmalıydın. Əslində, sənin bu fikirlərin təxribata da oxşayır-ermənilərin ölkədən qaçmasına hesablanmış bir təxribata.

...Heç yeridir. Ermənistanın keçmiş maliyyə naziri Vardan Aramyanı deyirəm ey... Bu gün ermənilərdəki “milli ruh”a təkan verməyə vasitə axtarıldığı bir məqamda, bu da oturub Ermənistandakı iqtisadi tənəzzüldən yazır.

Hələ bir faktlar da göstərir, nə bilim, iqtisadi fəaliyyətdə-7.5, sənayedə -10.8, ticarətdə - 15.1, xidmətlərdə - 10.3, inflyasiyada - 4,5, orta aylıq əmək haqqında - 3.8, xarici ticarət dövriyyəsində - 16.8, ixracatda-11.3, idxalda – 20 faiz azalmalar olub. Guya, bunları sən deməsəydin, biz bilmirdik. Məncə, bu da, təxribatın başqa formasıdır. İqtisadi təxribat desək, necə alınar?

...Gör vəziyyət nə həddə catıb ki, Vardan kimilərin Ermənistan haqqında söylədiyi bədbin fikirlərə “biganə qalmayan” Böyük Kilikya Evinin katolikosu I Aram da dini fikirlərini ermənilərlərə çatdırmağı özünə borc bilib. O, ölkəni xilas etmək üçün qarşılıqlı güzəştlər və qarşılıqlı anlaşma, bir-birinə hörmət tələb olunduğunu qeyd edərək qarşıdurma tərəflərini ayıq olmağa çağırıb.

Gözəl çağırışdır, deyilmi? Ona görə də, onun o biri fikirlərini Sizə çatdırmğa elə də bir lüzum görmürük.

Təbii ki, mən bütün bunların fırlanıb yenidən Paşinyana dönəcəyini yaxşı bilirdim. Çünki, sən demə, ermənilər Paşinyanın siyasət adamı olmadığını, yalan danışdığını bu yaxınlarda kəşf ediblər. Ona görə də, Nikol hətərəfli ittihamlara məhkumdur. Budur, son müharibədə etdiyi fərariliyi yaşının çoxluğu ilə əlaqəlndirən bir erməni generalı var -Norat Ter-Qrigoryan. Yaranmış vəziyyətdən istifadə edib o da Paşinyana “öz damğa”sını vurmağa çalışıb. Belə ki, Qrigoryan Paşinyanı erməni ordusunun nüfuzunu ayaqlar altına atmaqda ittiham edib.

...Qrigoryanın erməni ordusundakı nüfuzun “əlamətlər”i barədə bir şey demədiyindən bu mənə bir az qaranlıq qaldı axı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə