Daha “QUDALAR KABİNETİ” də olmayacaq KÖŞƏ YAZISI

Prezident İlham Əliyevin başlatdığı siyasi, iqtisadi və sosial islahatları ilə yanaşı, həm də kadr islahatlarını qətiyyətli və ardıcıllıq mexanizmləri ilə reallaşdırması, xüsusilə köhnə nomenklaturaya mənsub, daha doğrusu "kontor idarəçiliyi" deyilən vasitəni kökündən yığışdırması prosesini uğurla davam etdirməsi sadə vətəndaşlarda yeni ümid çıraqları yandırmağa başlayıb. Korrupsiyaya və rüşvətxorluğa bulaşmış dövlət məmurlarının həbsləri, onların qanunsuz əməllərinin ifşası həm də digər amilləri – məsələn, vətəndaşa yuxarıdan aşağıya baxmaq kimi stereotipləri də aradan qaldırmaqdadır. O cümlədən, hələ illər əvvəl, yəni çoxşaxəli islahatların anonsu verilərkən, dövlət başçısının xəbərdarlıq qismindəki "qudurğan məmurlar" ifadəsi insanlarımızda belə qənaətə gəlməyə zəmin yaratdı ki, artıq heç nə əvvəlkilər tək olmayacaq, yavaş-yavaş hər şey öz yerini tutacaq. Artıq kifayət qədər icra başçıları, dövlət qurumlarında yüksək postlar tutmuş vəzifə sahibləri qanunsuz əməllərinə görə qanun qarşısında dayanıblar və bu proses necə deyərlər, tam sürəti ilə davam etdirilməkdədir. Bu gün "Hakimiyyətin mənbəyi xalqdır" Ana Yasasının baş ifadəsi öz yerini möhkəmləndirir, yaxud dövlət başçısı bu ifadəni əsas gətirərək, xalqın marağının qorunması, müdafiə edilməsi istiqamətində qəti addımlarını atmaqda davam edir.

Lakin növbəti bəlli faktlardan biri də budur ki, qeyd edilən yanlış stereotiplərin məhv edilməsi prosesi ilə yanaşı, daha bir xoş olmayan reallıq da yox olmaq üzrədir – misal üçün, yüksək vəzifəli məmurlar arasında qurulan və əslində, heç bir gerçək səmimiyyətə söykənməyən qohumluq bağları. Belə qohumluq bağları, əsasən, qudalıq prinsipi üzərində qurulsa da, burada əsas məqsədin iki ayrı-ayrı qurumlara rəhbərlik edən şəxslərin müştərək şəkildə sui-istifadə maraqları dayanmaqdadır. Daha dəqiq desək, alilə biznesinin inkişafı. Diqqət edin, dövlətin, xalqın marağı deyil, məhz ailə biznesinin inkişafı. Halbuki...

Halbuki belə məmurlar da zamanında sadə xalq içindən çıxanlardır və necə deyərlər, onların ata-babalarından heç birinə zəngin miraslar da qalmayıb. Sadəcə, onlara nə zamansa etimad göstərilib və onlar da bu etimadlardan izafi qaydada sui-istifadə edərək xalqın, dövlətin cibindən yeyərək varlanıblar və olublar varlı məmur! Üstəlik, talançılıqla, korrupsiya və rüşvət hesabına özlərinə bizneslər qurub, sonradan həmin bizneslərini yuxarıda da qeyd edildiyi kimi, "övladlarını evləndirmək" sayəsində birləşdiriblər. Demək ki, bir güllə ilə iki dovşan vurmaq məsələsi kimi – həm dövlətin etimad göstərdiyi vəzifələrdən sui-istifadə olunub, həm də yeyilən, talanan dövlət pulları qanunsuz biznes şəbəkələrinin qurulmasına xərclənib. Sadə vətəndaşın problemi, sosial tələbləri isə atılıb tamamilə arxa plana. Bəs bundan hansı fəsadlar doğur? Əlbəttə ki, xalqı dövlətdən narazı salan məqamlar! O dövlətdən ki, yalnız xalqı düşünür, o hakimiyyətdən ki, xalqın sosial, iqtisadi maraqlarının təminatı ətrafında proqramlar təsbit edir, o iqtidardan ki, məqsəd və məramı yalnız və yalnız yüksək həyat, yüksək yaşam prinsipini tətbiq edərək, xalqı üçün çalışır, fəaliyyət göstərir. Bəs buna daha hansı adı vermək olar? Cavabı bəsitdir və yumşaq ifadə edərsək, bu addımlara birmənalı olaraq dövlətə, xalqa və Prezidentin etimadına qarşı xəyanət adını vermək mümkündür!

Belə ifadələrdən biri də sadə xalq arasında "qudalar kabineti" adlandırılır və mən burada heç də vəzifəli şəxslər arasında evlilik qohumluqlarının əleyhinə çıxış etmirəm, sadəcə demək istəyirəm ki, dövlətə etdikləri xəyanətləri də daxil olmaqla yanaşı, heç olmasa səmimi olmayan "qudalıqları" vasitəsi ilə öz doğmaca övladlarının həyatlarını, gələcəklərini puç etməsinlər. Amma kimə deyirsən ki? Belə bir söz var e, "pul gözünü örtüb", bax, həmin məmurların gözlərini pul-para, daha çox qazanmaq, daha çox dövlətdən oğurlamaq, daha çox vətəndaşa yuxarıdan aşağıya baxmaq kimi pisliklər örtüb, örtdükcə isə onları hətta qarşıda gözləyən əlahəzrət qanunlar da qorxutmur. Bu qədər həbslər, bu qədər ifşalar hələ də bəzi məmurları düşünməyə, özlərinə "mən nə edirəm?" sualını verməyə sövq etmir. Halbuki düşünməyə məcburdurlar, hər saatında, hər dəqiqəsində, hər saniyəsində! Çünki onlar heç də xalqın ağası, xozeyinləri deyillər, onlara bu ixtiyarı da kimsə verməyib, ona görə də, Prezidentin vurğuladığı kimi, dövlət məmurları vətəndaşın xidmətçiləridirlər, bunu da unutmamalıdırlar. Daha "qudalar kabineti" deyilən ifadə də leksikonumuzdan çıxarılmalı, nəhayət, gecə-gündüz xalq üçün, dövlət üçün çalışılmalıdır, azad edilmiş Qarabağda "regional mərkəzlər" tikdirib, sonradan onu özəlləşdirmək kimi ürəkbulandırıcı "planlar" da, bir neçə ildən-bir "yeni inzibati bina" inşaları adı altında milyonları qatlayıb-ciblərə, bank hesablarına doldurmaq, yaxud ölkədən xaricə çıxarmaq kimi xəyanətkar maraqları da atılmalıdır bir kənara. Əks halda, aparılan islahatların sərt üzü onlara tərəf də çevriləcək. Necə ki, vaxtilə bir yerdə düzənlədikləri cah-cəlallı, pullu-paralı kef məclislərində onlarla bir yerə əylənən, indi isə dörd divar arasında "xəstəliyi səbəbindən ev dustaqlığına" çıxmaq istəyən sabiq məmur dostlarına tərəf çevrildiyi kimi...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə