Bir neçə dəfə rüşvətxor məmurlar barədə yazmışam. Yadıma gəlir ki, hər dəfə belə yazılar yazanda bir çoxları “qırmızı cizgini” keçməməyimi, “qaş düzəltdiyim yerdə vurub göz çıxarmamağımı” məsləhət görürdülər. Ən acı tablo elə bu deyilmi?. Rüşvətxor, cinayət yolu ilə milyonlar mənimsəyən, mənsub olduğu komandaya və dövlətə arxadan balta vuran qudurmuş bəzi məmurların ac-yalavac insanların haqqını yeməsini, törətdikləri pislikləri görə-görə yenə də onlara qarşı “ehtiyatlı” olmaq kimi gülünc “məsləhətlər” almaq insanı dəhşətə gətirir. Onlar insanların halal haqqına daraşıblar. Lap gənə qana daraşan kimi. Amma artıq onlara sığal çəkmək kimi cinayətə bərabər “humanistliyə” yer yoxdur bu cəmiyyətdə. Dövlətin və xalqın pulunu yeyənlərə “bacarana can qurban” düşüncəsi ilə yanaşmaq, elə onların cinayətlərinə şərik olmaq kimi bir şeydir. Biz bu düşüncə ilə heç vaxt DÜZƏLƏN deyilik, heç vaxt!.

Kimdən çəkinməlisən?.İnsanların haqqını, mülkünü yeyib-talayan, qanunları heçə sayan qudurmuşlardanmı?. Nə vaxta qədər ki, biz cəmiyyət olaraq iyrənc, rüşvətxor və cinayətkar məmurlardan çəkinmək kimi rəzil düşüncəni beynimizdən silib yerə atmamışıq, bizim işimiz və bizdən sonra gələnlərin işi Allaha qalacaq. Bax əsl peşəkar mətbuatın yeri belə yerdə bərk görünür. Belələrini vaxtında ifşa edib cəmiyyətdə rüsvay etmək, törətdikləri cinayətlərə görə dərhal kreslosundan həbsxana çarpayısına sürümək, belə qudurmuşların kökünü qurutmaq üçün ən ideal yoldur. Amma bu yol çox vaxt qapalı qalır, keçid olmur bu yolda...
Sanki on illərdir cəmiyyətdə belələri ilə “ehtiyatlı davranış” kodeksi yazılmamış "qanun" kimi beyinlərimizdə möhkəm yer edib. Vaxtında rüşvət və cinayət yolu tutan azğın məmurlara qanunla yerini göstərmədikcə, acı sonluq belə olur. Cəmiyyətin qanına susamış belələrinə vaxtında dərs verməyəndə sonu faciə ilə bitir...

Budur, ölkənin birinci şəxsi, Dövlət Başçısı dilə gəlib bu tip məmurların iyrənc simalarını ictimaiyyət qarşısında açıqlamalı oldu. Gör bunlar hansı həddə çatdırıblar ki, Prezident bu tipli iyrənc məmurların əsl simasını cəmiyyətə açıqlayır. Üstəlik, ölkə ictimaiyyətini mədəniyyət paytaxtı elan edilmiş gözəl Şuşanı bu tipli qəsbkar məmurlardan qorumağa çağırır. Sitat: “Mən bəzən bu şeyləri demirəm vətəndaşlara ki, onları iyrəndirməyim, bağışlayın sözümə görə, ifadəmə görə. Amma mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da bilsinlər, bu məmurlar da bilsinlər. Məmurlar öz yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar.

Bir də ki, mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm! Ona görə hər kəs otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin.”

Gerçəkdən hazırkı tablo, Dövlət Başçısının qeyd etdiyi kimi, kifayət qədər iyrəncdir. Bu insanların tamahı gör nə sərhədsiz həddə çatıb ki, yenicə işğaldan azad edilən, hələ minalarla və demək ki, hər an ölüm risqi ilə dolu olan bu torpaqlara sahiblənmək, onları da Azərbaycanın digər səfalı ərazilərini zəbt etdikləri kimi əhatəyə alıb özününküləşdirmək üçün ən rəzil yollara belə əl atırlar. Ay kişi, bu torpaqlar qanla alınanda sən və övladların cəbhənin hansı istiqamətində yer alırdın, harda idin sən?.

Ölkədəki neçə hektarlarla əraziləri, ən gözəl, səfalı meşələri, dəniz kənarı torpaqları sözün əsl mənasında işğal edən bu qəsbkar məmur sürüsü, indi də Şuşaya göz dikib. Cənablar, hanı vicdan?. Oğurladığınız dollarları demirəm, içinizdə olmalı olan vicdan harda qaldı?. Hə, haqlısınız, əlbətddə, vicdan deyilən hiss orqanizminizdə və beyin xəttinizdə yer alsaydı, bu həddə çatmazdınız. Özünüzü bu şəkildə rəzil vəziyyətə təslim etməzdiniz. Təsəvvür edirsiniz, müharibənin ən ağır zamanlarında milyonluq ən bahalı maşınları ilə sosial şəbəkələrdə “poz verən” gülməşəkər “idmançı” balalarını oğurladıqları dollarlar kimi yastığın altında, öz qəsrlərində, xaricdəki villalarında gizlədənlər, indi Azərbaycan əsgərinin qanı hesabına azad edilən torpaqlarda öz istirahətləri üçün qəsrlər tikmək, yay aylarında kef məclisləri qurmaq üçün Şuşaya diş qıcayırlar.

Bunların mədələri ilə küt beyinləri arasındakı rabitə çoxdan itib. İtməsəydi, beyin sistemində bir “DUR” işarəsi qalardı. Amma bunlar doymurlar. Qəsb etdikcə torpaq, hektarlarla bağlar qəsb edirlər. Elələri var ki, həttda öz ev və bağ saraylarının sayını belə itiriblər. Ay bədbəxt, ay zavallı əzrayıl başının üstünü kəsəndə qəsb etdiyin villalar, yastığın altında və xarici banklarda saxladığın avrolar, dollarlar qəti köməyinə çatmayacaq. Yığdıqların elə burda, bu torpaqlarda qalacaq. Hər kəsin haqqını əlindən alıb qarşına yıqmaqla əzrayıldan limit almayacaqsan. Sən axirət evini düşün. Başqalarının haqqını, əmlakını əlindən alma, zorla qamarlama. Axı o da yaşamaq istəyir, o da insandır. Sən isə, artıq insan deyilsən, sadəcə vəhşisən, vəssalam.

Düşün ki, heç olmasa qəbir daşına baxanlar rəhmət oxumasalar da, nifrətlə goruna söyüb keçməsinlər. Onu düşün ki, səndən sonra övladların sənin bu dünyadakı əməllərinə görə min müsibət yaşamasınlar, hər addım başı nifrətli kəlmələr və tüpürcək udmasınlar. Amma mənim bu sadaladıqlarım sizin üçün artıq gecdir, çox gec....

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə