Bugünlərdə bir həkimin vatsap vasitəsi ilə əhali arasında təlaş yaradan səs yazısı yayıldı. Həkimin koronavirusun yeni ştammının bu dəfə uşaqlar arasında da ölüm hallarına yol açacağı barədə bilərəkdən (yaxud bilməyərəkdən-R.) fikirlər səsləndirməsi, hətta xəstəxanalarda yoluxacağı gözlənilən uşaqlar üçün əvvəlcədən çarpayıların hazırlanması ilə bağlı məlumat verməsi, həqiqətən də, əhalidə qorxu hissləri əmələ gətirdi. Söz yox ki, bu xəbər sosial şəbəkələrdə də gözlənildiyi kimi, ildırım sürəti ilə yayıldı. Etiraf edək ki, belə xarakterli məlumatlar çox sürətlə ictimailəşir və insanlar da necə deyərlər, bu cür məsələlərə sanki “acdırlar”. Pandemiya yayılandan hazırkı zamana qədər yayılan səs yazıları, videogörüntülər, fotolar bəlkə də yüz minlərlədir və onların əksəriyyəti öz təsdiqini tapmayıb.

Xatırlayırsınızsa, koronavirusun ilk yoluxma halları Çinin Uhan şəhərində üzə çıxarkən sosial şəbəkələrdə yerləşdiyi zaman anidən yıxılıb-ölən insanlar, qorxu filimlərində olduğu kimi, dəhşətli ölüm anını əsk etdirən görüntülər və s. saxta informasiyalar əlindən tərpənmək olmurdu. Məhz həmin vaxtlardan başlayaraq bizdə - Azərbaycanda da bu tipli səs yazıları, videogörüntülər yayıldı, insanlar uzun müddət dəhşətli təlaşlar içində qovruldu, ailəsinin, övladlarının həyatlarının görüntülərdəki səhnələri yaşamamaları üçün daha nələrə əl atmadılar ki...

Sonradan bu tipli məsələlər mediaya da sızdı. Saytlarda, eləcə də onların sosial şəbəkə səhifələrində yoxlanılmamış, kökü olmayan informasiyalar yer almağa başladı. Elə götürək bugünlərdə teleqram səhifələrinin birində verilən məlumata. Sən demə, Bill Qeyts (sən demə o, həm də koronavirus infeksiyasının “yaradıcısı”, virusa qarşı vurulan, peyvəndlərin daxilinə “yerləşdirilən” və “insanları idarə edən” (???) “çiplərin” ideoloquymuş-R.) haradasa, nə vaxtsa deyib ki, növbəti və sayı itirilmiş pandemiya dalğası bəşəriyyəti daha ağır fəsadlara, ölümlərə və daha nələrə və nələrə düçar edəcək və s. Əlbəttə ki, bu xəbərin nə istinad mənbəsi, nə də digər hər hansı sübutedici faktı yox idi. Sadəcə, Bill Qeytsin şəkli və altında da sözügedən “dəhşətli xəbər”, vəssəlam!

Bu xəbəri oxuyan sadə, informasiya qanunları barədə hətta cüzi məlumatı olmayan insanlar haradan bilsinlər ki, bütün bunlar həm də İP (yəni, baxış sayı) qazanmaq üçün oynanılan oyunbazlıqdır və başqa heç nə deyil?! Və bu mənbəsiz xəbəri yayan şəxs(lər) də bəlkə bilmirlər ki, nə qədər ciddi qanunsuzluqlara yol verirlər. Üstəlik, insanların hisslərinə də mənfi təsir və müdaxilə edirlər. Halbuki, koronavirusa yoluxma faktorlarından biri də, məhz stress və qorxu hissidir, bunu dünyanın bütün aparıcı elmi-tibbi araşdırmaçıları da etiraf ediblər. Demək, belə hesab etmək olar ki, yalan, həyəcanlı, qorxu yaradan məlumatları ictimailəşdirən şəxslər açıq-aşkar cinayətə yol verirlər və bunun hansı nəticələrə gətirib-çıxaracağının ya fərqində deyillər, ya da fərqinə varmaq onlarlıq deyilmiş. Kimə nə olursa-olsun, təki İP-im artsın...

Məncə belələrinə bir ad vermək olar – koronavirus canavarları. Bu canavarlar əllərinə keçən belə bir ağır vəziyyətdən necə və hara gəldi istifadə edirlər, nəticəsinin necə olacağının fərqinə varmadan. Hələ nə yaxşı ki, yalan, qərəzli və insanlarda vahimə yaradan əsassız informasiyalara görə mübarizə aparılır, qanun tənzimlənir. İndi görün bu da olmasa idi, biz daha hansı aqibətləri yaşamalı olacaqdıq...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə