Yadıma gəlir, bir neçə il bundan qabaq gənə kimi mətbuatın qanına daraşan “reket jurnalistika” barədə yazmışdım. Heç də uzaq olmayan o zamanlarda mətbuatın mahiyyətini və şərəfini ayaqlar altına salan, əlinə qondarma “jurnalist vəsiqəsi” alıb bəzi rüşvətxor, çirkli məmurların qapısına qonan media düşmənləri bərk müzakirə olunurdu. Belələrinin “krışası” olan, onlara “dobro verən” qüvvələrin ifşa olunması əvəzinə, hədəflər bu qüvvələrin “reket jurnalistika”da istifadə etdikləri əxlaq yoxsulu olanların üzərinə tuşlanırdı. Sanki bilərəkdənmi, ya da qələm səbatsızlığı üzündənmi, qəsdli şəkildəmi bir çoxları əsas hədəfi yox, bu hədəfin mətbuatı ləkələmək və rüşvətxor məmurlardan pul qoparmaq üçün istifadə etdiyi “reket jurnalistlərlə” haq-hesab çəkmək yarışına girmişdilər. Sanki ictimai fikri mətbuatı bu günə salanlardan yayındırıb, “çöl-çöplə” mübarizəyə yönəldirdilər.

Ərinə və namusuna xəyanət üstündə evindən qovulanlar, öz ailəsinə, arvad-uşağına kişi kimi, alın təri ilə çörək qazanmaq əvəzinə şərəfsizlik və cinayət yolu seçənlər daraşmışdı mediaya. Elələri elə indidə var. Həttda o zamankılardan fərqli olaraq daha modern üsullarla silahlanan yalançı “jurnalistlər” sosial şəbəkələrdə “partladırlar”...

Amma o ərəfədə Azərbaycan mediasını onlardan təmizləmək üçün heç üstüörtülü təşəbbüs belə gözə görünmürdü. Belələri vardısa da, səsləri gündəlik mediadan gur gəlmirdi. Bəlkə də o ərəfədə gündəlik media belə təşəbbüslərə qapısını bağlamışdı deyənə belə görünürdü...

Məsələ məlumdur. Mətbuatı bu günə qoyanlar da, vaxtı ilə bu prosesdə canfaşanlıq edib, amma bu gün özünü inək südünün rənginə boyamaq, ağ qaşıq kimi görünmək istəyənlər də məlumdur.

Bu gün isə, medianı bu acınacaqlı durumdan çıxarmaq, artıq mətbuatın funksiyasını ələ keçirən və qeyri-peşəkar da olsa informasiya transfarmatoruna çevrilən sosial şəbəkələrdəki dərəbəyliyi dayandırıb qaydaya qoymaq, bütün səhifələrini yaradıcı və analitik yazılar əvəzinə, saytlardakı eyni xəbərlərlə dolduran, yaradıcılıq baxımından yerində sayan və heç kimin üzünə baxmadığı qəzetləri oxunaqlı hala gətirmək, çap mediasından elə də qabağa getməyən, yaradıcılıqdan kasad olan və xəbər sürətinə görə sosial şəbəkələrə böyük hesabla uduzan saytları hərəkətə gətirmək ən aktual məsələdir. Mətbuatı yaradıcılıq ruhunu öldürmədən bu tabut vəziyyətindən qurtarıb necə irəli aparmaq olar?.

Yeni yaradılan Medianın İnkişafı Agentliyinin ilkin niyyətləri çox aktual və önəmlidir. Bu qurum tarixi missiya qarşısındadır. Hədəf məlumdur: Mətbuatı hazırkı tabut vəziyyətindən ayağa qaldırıb dirçəltmək. Məntiq və mahiyyət baxımından çox ağır və möcüzəli məsələdir. Amma geriyə də yol yoxdur. Çünki, media sözün əsl mənasında tabuta uzadılan və məzara əl sallayan vəziyyətdədir. Çünki media elə hala gəlib ki, artıq quyunun dibində deyil, tabutun dərinliyindədir...

Tənqid etmək, ittiham etmək çox asandır. Bəs çıxış yolu nədir?, buyurun deyim: Jurnalistlərin peşəkarlıq baxımından infarmator kimi ixtisaslaşması, yaradıcı jurnalistikanın önə çıxması, yersiz və ət tökən təriflərdən, zəhlətökən qəlib cümlələrdən, şəxsi intriqa ilə nəfəs alan reket tipli yalançı və qərəzli sayt və yazılardan medianı silib təmizləmək, qəzetlərin mükəmməl analitik materiallara və köşə yazılarına, sayt və agentliklərin sürətli və yaradıcı infarmatorluğa keçidini təmin etmək, insanların mətbuata böyük inamını bərpa etmək, azad mətbuatın əsas sütunu olan iqtisadi təhlükəsizliyi, reklam bazarını dirçəltmək.

Reklam bazarı və demək pul olmasa, media yenə əlibaxım, peşəkarlıqdan uzaq və iqtisadi baxımdan dilənçi halda sürünəcək, vəssalam. Müstəqil mətbuat olmadan isə ciddi cəmiyyət formalaşmayacaq. Yenə “reket jurnalistlər”, dələduzlar medianı daha dəhşətli şəkildə başına götürüb gedəcək. Yerlərdə sürünən mətbuatı isə heç kim saya almayacaq. Heç küçələrdəki itlər də...

Və sonda bir tarixi həqiqəti yada salacam: Sadəcə dəb xətrinə və sürü halında yalançı islahat şousuna yol vermək olmaz. Hər şey məntiqlə və ürəklə edilməlidir. Bu gün medianının həqiqi islahatlara ehtiyacı var. Yaradıcı insanların, ürəkdən, qəlbən, bütün varlığı ilə medaya bağlananların məkanı olan mətbuat formalaşdırmaq əsas hədəfdir. Yaradıcı insanları qırmadan yenilikçi mediaya keçid. Tabutdan boylanan mətbuata “əlvida” vaxtı artıq keçir...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə