“Hamımız Paşinyanıq” şüarı: sümük payından doğan reallıq

Bir neçə il əvvəl Türkiyədə “Aqos” adlı erməni qəzetinin baş redaktoru Hrant Dinkin öldürülməsinin ardınca, milli kimliklərini ataraq “erməni” olduqlarını şüar xarakterinə daxil edib, “Hepimiz ermeniyiz, hepimiz Hrant Dinkiz” bağırmaqla küçələrdə var-gəl edən, aksiyalar keçirmiş qanıpozuqlardan fərqlənməyən ünsürlərin bizdə də - Azərbaycanda da mövcud olması kimsəyə sirr deyil. Hətta belə deyək: iki dövlət bir millət olaraq bir-birimizin dərdinə şərik çıxıb -sevincimizi bölüşərkən belə, daxili və xarici düşmənlərimizin eyni olması artıq heç bir şübhə doğurmamaqdadır. Məhz bir neçə il öncə qardaş Türkiyədə Hrant Dink və erməni olduqlarını bəyan edən, türklükdən imtina edən milli satqınlar kimi artıq bizdəki milli satqınlar da əslində ermənilərə necə, hansı vasitələrlə işlədiklərini əməlləri, fikir və düşüncələri ilə isbat etməkdədirlər. Ən acınacaqlısı isə budur ki, həmin qanıpozuqlar özlərini gah “Azərbaycan müxalifəti”, gah da “Türkçülük” pafosu altında sığortalayırlar. Bəli, məhz sığortalayırlar ki, daxillərindəki düşmən sevgiləri asan şəkildə üzə çıxmasın, bəlli olmasın.

Əslində məni düşündürən daha bir sual budur ki, əcəba, 11 yanvar tarixində Moskva görüşündən sonra dərhal (!) özlərinə əl qatmağa başlayan Əli Kərimli, Cəmil Həsənli, Qənimət Zahid, Tofiq Yaqublu və sosial şəbəkələrdə kurasiya etdikləri trollarını narahat edən nə idi? Bax, nədən bu qədər narahat oldular ki, təkcə Azərbaycan mətubatı deyil, dünyanın bir sıra nüfuzlu media səhifələri də Paşinyan həmin görüşdə nokauta salındığını yazdılar, niyə təlaşlandılar binəvalar? Hətta həmin görüşdən sonra nə gecələri var, nə də gündüzləri. Görüş başa çatar-çatmaz manipulyasiya edə bilmək üçün dəridən-qabıqdan çıxdılar, az qala yarışa çıxdılar. Necə deyərlər, ermənilər düz oldu, azərbaycanlılar isə səhv...

Onda bunların hansı faktı ortaya çıxır? Tamamilə doğrudur, “Hamımız Paşinyanıq” prinsipləri. Daha doğrusu, fakt budur ki, görüşdən dərhal sonra Paşinyanın, nəticələr ictimaiyyətə açıqlandıqdan sonra isə erməni ictimaiyyəti və Azərbaycanda özünü müxalifət adlandıran radikal düşərgə nümayəndələrinin narazı qaldıqları bəlli oldu. Beləliklə, Paşinyanı və erməni ictimaiyyətini anladıq, bəs, özlərini “müxalifətçi” adlandıran düşərgənin təlaşları arxasında dayanan amil nədir? Burada da 2x2-dir - bu ünsürlərin narahatlığı Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli və düşünülmüş siyasətinin və bu siyasətin məhz Azərbaycan xalqının bu siyasətə birmənalı göstərdiyi dəstəyinin nəticələridir. Azərbaycan xalqı yaxşı bilir və dərk edir ki, yerə qalan xırda-para problemlər qısa zamanda həll olunacaq, özü də birbaşa Azərbaycanın maraqları gücləndirilməklə!

Hə, o da yadımdan çıxmamış qeyd edim ki, bu gün “Milli Şura”nın “Hamımız Paşinyanıq” şüarının əsas bayraqdarı Cəmil Həsənli həmin Cəmil Həsənlidir ki, Nikolun və ailəsinin şəninə dnışanda ağzına çullu dovşan yerləşmir. Yadınızdadırsa, Paşinyan dayısı Sorosun dəstəyi ilə Serj Saqsyanı devirib hakimiyyəti ələ alanda bu ifadəni demişdi: “Nikol Paşinyan çox təmiz adamdır. Paşinyanın ailəsi də çox təmiz ailədir”. Bax, budur məsələ, budur “Hamımız Paşinyanıq” şüarının təməlində dayanan gerçəklik.

Halbuki, sonradan məhz Paşinyanın ailəsinin silah, siqaret, qiymətli daş-qaş alveri ilə məşğul olması haqqında faktlar üzə çıxdı. Məlum oldu ki, bu ailə əzəldən kontabanda ilə məşğul olubmuş. Ancaq gəlin görək, Əli Kərimlinin qanadı altında qrantyeyənliklə məşğul olan Cəmil Həsənlini danışdıran kimdir? Təbii ki, ABŞ-dakı erməni diaspor təşkilatı ANCA və ermənipərəst senator Cim Makqovern! Hətta, Cəmil Həsənli dəfələrlə etiraf edib ki, senator Cim Makqovern ilə yaxın münasibətdədir. Bu gün həmin şüarı da onların ağzına dürtən həmin ermənipərəst senatordur. O “Milli Şura”nın qarşısına şərt qoyub ki, hər gün “Hamımız Paşinyanıq” şüarına uyğun manipulyasiyalar edin, Azərbaycanın dövlətçilik maraqlarına qarşı çıxın və bütün bunların bəhrəsi kimi sümük payınızı qazanın!

Rövşən NURƏDDİNOĞLU

P.S. Yeri gəlmişkən, Prezident İlham Əliyevin 2020-ci ilin yekunlarına dair müşavirədəki “Milli Şura” haqqında fikirlərini xatırlamaq da kifayət edər ki, Əli Kərimli-Cəmil Həsənlinin və antimilli şura tərəfdarlarının kimlər tərəfindən maliyyələşdirildiyini təxmin edəsiniz, bax bu qədər bəsit və sadə...

Bütün xəbərlər Facebook səhifəmizdə