Mənim kifayət qədər yaşım var. Və həyatın görmədiyim nəinki üzü, heç astarı da qalmayıb. Kommunist rejiminin diktaturasını da yaşamışam, bu rejimin dağılıb “yenidənqurma” adı altında “yenidənqırma” dövrünü də görmüşəm. İmperya caynaqlarından qurtulub azad dövlət uğrunda savaşı da görmüşəm, sosialist ictimai-iqtisadi sistemindən azad bazar iqtisadi sisteminə keçid dğvrünü də görmüşəm, yeni ictimai-iqtisadi sistemdə də yaşamışam.

Ən mühümü isə, bir inqilabın, iki müharibənin canlı şahidi və iştrakçısı olmuşam.Yurd-yuvasını tərk edub məcburi köçkün həyatı yaşayan, bu mənəvi, cismani və iqtisadi əzablarla dolu yükü də daşıyan yüz minlərdən biri olmuşam. Bir sözlə, bir insanın həyatında baş verə biləcək elə ictimai hadisə yoxdur ki, bu qısa ömrümdə onu yaşamamış olum. Həm də tanıyanlar təstiq edə bilər ki, sadəcə müşahidəçi deyil, bütün bu proseslərin fəal iştrakçısı olmuşam. Yəni ictimai fəal vətəndaş olduğumu çəkinmədən deyə bilərəm. Bununla belə indiki durumda bəzi baş verənləri anlamaq üçün “xatiri-qəmmailimi” nə qədər məşğul etsəm də, anlaya bilmirəm ki, bilmirəm.Ona görə qələmi aldım əlimə, bunu yazıb oxucularımdan kömək istəmək zorunda qaldım ki, bəlkə kimsə məni qandıra bildi.

Düz iki yüz yetmiş iki il əvvəl böyük fateh Nadir Şah Əfşar dünyasını dəyişib.Elə onun vəfatından başlayaraq millətimiz parçalanmağa, bölünməyə başlayıb. Bölünə-bölünə kiçilmişik və kiçilə-kiçilə kimlərəsə qul olmağa məhkum olunmuşuq. Düz iki yüz yetmiş ildi ki, bu millət qələbə, zəfər təşnəsi ilə alışıb yanırdı. Ulularımızın bizə miras qoyub getdiyi Vətən dediyimiz torpaqlarımızın onda birində güclə öz dövlətimizi qurmağımıza rəğmən, bunu da bizə çox görənlər hay adlanan bir tayfanın əli ilə onu da parçalamq istədi. Və nəhayət millətimiz yeni bir fateh yetişdirdi. Bu fateh bizi sadəcə böyük dünya güclərinin vassalı olmaq təhlükəısindən xilas etmədi, həm də dünyanın yüz illərdir zərrə-zərrə irəli apardığı bu çirkin oyunu pozdu. Üstəlik türk dünyasının yüz illik həsrətindən sonra mənəvi bağlılığını ərazi bağlılığına qovuşdurdu. Bütün dünya güclərinin təzyiqlərinə mərdi-mərdanə sinə gərib millətini həm tarixi bəladan, həm işğaldan azad etdi və həm də millətimizin əyilmiş qürurunu dikəltdi. Tarixdə mənsub olduğu xalqa, lideri olduöu bir məmləkətə iqtidarı dövründə bu qədər tarixi xidmətlər göstərən şəxsiyyətləri barmaqla saymaq olar. Hələ iqtidarda olduğu on yeddi il ərzində ölkəsini iqtisadi, hərbi, mədəni, sosial, müasir texnologiyalar, tikinti-abadlıq işləri baxımından həndəsi silsilə ilə irəli aparmasını demirəm.Bütün bunları kimsə görmür və eşitmirsə, deməli kor və kardı. Görüb eşitməyənlər isə nankor və “nankar”dı. Elə demək istədiyim də bu nankorlar və “nankar”lara aiddir. Oturub qəşəng-qəşəng kresloda, üçdə alacaqları, beşdə verəcəkləri olmayan “beş eşşəkli xoca” kimi millətə dərs verən bu nankor və “nankar” yığnağı adamlara nəyi qandırmağa çalışır, bax onu anlamaqda zorlanıram. İnsafən, bəzi siyasilərimiz müxalifət olsalar da, obyektivlikdən uzaq düşmürlər və problemlərə diqqət cəlb etməklə yanaşı ölkə başçısının tarixi zəfərini də gözardı etmirlər. Amma bəzi özünü-sözünü bilməyənlər, bir qismi Bakıdakı küləfirəngisində, bir qismi də dünyanın müxtəlif qütblərində oturub, bəlkə də uzanıb(!), yenə ağızlarına gələni söyləyirlər.

Sən demə bu qələbəni Azərbaycan ordusu yox, rus ordusu qazanıb, bağışlayıb bizə! Lənətə gələsən kor şeytan. Bilmirəm bundan da böyük şərəfsizlik eşidən ya görən olubmu? Yüz illərdi ermənini dünyanın hər yerindən yığıb Azərbaycan torpaqlarına dolduran, burda onlara qondarma dövlət yaradan bir imperiya ermənidən torpaqları alıb verib bizə. Bişmiş yox e, bişməmiş toyuğun da gülməyi tutan bu fikri səsləndirənlər kimə, nəyi qandırmaq istəyirlər? Əvvəla, əgər belədirsə də (baxmayaraq ki, bunun belə olması ehtimalı sıfırdır), bu da Azərbaycan liderinin qüdrətli diplomatiyasının təntənəsi kimi təqdir olunmalıdır ki, iki yüz ildi bizi sorub qanımızı içən bir imperiyanı bu addımı atmağa vadar edib. Yəni onların bu dedikləri də əslində ölkə başçısı üçün minus yaradacaq bir məqam deyil. Ancaq axı bu deyimi ilə bu zatıqırıqlar minlərlə şəhidlərimizin, qazilərimizin, ümumən Azərbaycan əsgərinin qüdrətini kiçiltmiş olur. Bunun fəırqində deyilmi bunlar?
Xülasə, ona görə yazıya başlıq da bu qandırmaq istəyənlərlə bağlı qoydum. Bunlar kimlərisə qandırmaq istəyirlər. Amma özləri də qanmırlar ki, əslində qandırmaq istəyərkən yandırırlar. Kimi, yaxud nəyi deyə soruşsanız cavabı da var: təbbi ki, özlərini!

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə