Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqda fərman imzalayıb.

Fondun vəsaiti müxtəlif mənbələr hesabına formalaşdırılacaq. Bunlar fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi ianələr, qanunla qadağan olunmayan digər mənbələr ola bilər.

Fondun vəsaitinin toplanması və ondan təyinatı üzrə istifadə edilməsi məqsədilə bank hesabı açılır. Vəsait Azərbaycan manatı ilə və xarici valyutalarla formalaşdırılır.

Maliyyə vəsaiti şəklində verilən yardımların (ianələrin) Fond tərəfindən toplanılması aşağıdakı üsullarla həyata keçirilir:
- onlayn qaydada– fiziki və hüquqi şəxslərin Fondun rəsmi internet səhifəsi və elektron ödəniş sistemləri üzərindən etdikləri ödənişlər;
- SMS vasitəsilə– fiziki və hüquqi şəxslərin Fondun qısa nömrəsinə SMS göndərməklə etdikləri ödənişlər;
-bank köçürməsi vasitəsilə– Fondun bank hesabına fiziki və hüquqi şəxslərin banklar və pulköçürmə sistemləri vasitəsilə etdikləri ödənişlər;
- terminal vasitəsilə– fiziki və hüquqi şəxslərin xüsusi ödəmə terminalları vasitəsilə etdikləri ödənişlər;
- qanunla qadağan olunmayan digər ödəniş vasitələrindən istifadə etməklə edilən ödənişlər.

Belə bir fondun yaradılması çox təqdirəlayiqdir. Çünki bu müharibənin nəticələri təkcə dövlətin yox həm də xalqın gücü ilə reallaşır və vətəndaşlarımız, şirkətlərimiz də Vətən müharibəsində qəhrəmancasına həlak olmuş və ya yaralanmış hərbçilərimizin ailələrinə yardım göstərmək istəyirlər.

Xüsusən də, aztəminatlı əsgərlərimiz və şəhid ailələrinə yardımları dövlətlə bərabər, vətəndaşlar da edir və etməlidir. Hazırda bu iş çox pərakəndə və sistemsiz gedir. Bəzən bir ailəyə bir neçə fərqli yerdən yardımlar edilir, hansısa yaddan çıxır. Birinə ehtiyacından artıq, birinə ehtiyacından aşağı yardımlar edilir. Fondun mövcudluğu bu işi mərkəzləşdirilmiş qaydada və sistemli şəkildə aparmağa imkan verəcək.

Bu həm də dövlətimizin onsuz da çox ağır olan yükünü azaldacaq. Məlum olduğu kimi, uzun illərdir dünyada davam edən iqtisadi böhran, neft qiymətlərinin düşməsi, pandemiya və ağır müharibə dövlətimizə on milyardlarla manat zərər vurub. Gəlirlər azalıb, xərclər artıb.

Qarşıda isə, dövlətimizi çox nəhəng işlər gözləyir. Qarabağ demək olar ki tamamilə bərpa olunmalı, minalardan və dağıntılardan təmizlənməli, yüz minlərlə köçkünün qaytarılması üçün evlər tikilməli, yüzlərlə kənd, qəsəbə yenidən tikilməli, azı-7-8 şəhər səfərdan bərpa olunmalı, yol, su, qaz, elektrik, rabitə və s. infsrastruktur yaradılmalı, müəssisələr, dövlət idarələri, məktəblər, baxçalar, xəstəxanalar və sosial obyektlər tikilməlidir. Bunlara ağlagəlməz məbləğdə xərc, zəhmət və vaxt tələb olunur.

Üstəlik, pandemiya ilə bağlı dövlətin nəzərdə tutulmayan xərcləri də kəskin artıb. Belə bir vəziyyətdə xalqımız YAŞAT Fondunun vasitəsilə humanitar və sosial yardımların edilməsində öz köməyini göstərəcək. Dövlətimiz isə onlara müavinətlərdən əlavə xeyli güzəştlər tətbiq edəcək, üstünlüklər yaradaca, mənzil və avtomobil ehtiyacları həll ediləcək.

Təklif edirəm ki, yüksək vəzifəli dövlət məmurları, deputatlar, yüksək maaş alan şirkət rəhbərliyi, kiçik bizneslə məşğul olan imkanlı fiziki şəxslər öz 1 aylıq əməkhaqlarını bu Fonda köçürsünlər. Sadə vətəndaşlar isə hərə imkanına görə köçürmə edəcək. Bu vəsaitlərin şəffaf toplanması və idarə olunması üçün daxilmalara və xərclərə onlayn nəzarət imkanı da yaradılmalıdır.

Biz də vətəndaş olaraq bu Qələbəyə öz töhfəmizi verdiyimiz kimi, bu işlərdə də eynisini etməliyik. Hərəmiz əlimizdən gələn qədər. 1 əsrlik respublikla tariximizin ən böyük Qələbəsinin nəticələrini yaşamalı və yaşatmalıyıq. Necə deyərlər, YAŞAT ki yaşayasan.

Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə