Ermənistanı çaxnaşmaya salan “təslim aktı”

"Resurslar tükəndiyi üçün ordu Qarabağ üzrə razılaşmanı imzalamağa təkid etdi". N.Paşinyan “Təslim aktı”nı imzalamasının günahını hərbçilərin üstünə atmağa çalışdı.

“Döyüşlər Xankəndidən 2-3 kilometrdə gedirdi. Əgər bu qərar verilməsə idi, biz bu günlərdə bütün Qarabağı itirərdik. Bununla yanaşı, böyük itkilərimiz olacaqdı”. Bu sözlər təslim olmağın digər təşəbbüsçüsü, Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araik Arutunyandır.

Bir az geriyə qayıdıb, erməninin son ləyaqətsiz addımlarını xatırlayaq.

2020-ci il başlayandan son illər tez-tez üzləşdiyimiz erməni təxribatları daha həyasız şəkil aldı.

Gah “Dağlıq Qarabağ respublikasi”nda “prezident seçkisi” keçirib, Şuşada “inaqurasiya mərasimi” təşkil etdilər.
Müxalifət hay-haray saldı. Prezident İlham Əliyev heç bir reaksiya vermədi.

Gah Şuşada, cıdır düzündə yallı gedib, bizə meydan oxudular. “Dağlıq Qarabağ respublikasi”nın “paytaxtı”nı Şuşaya köçürəcəklərini dedilər.

Yenə müxalifət hay-haray saldı. Yenə Prezident İlham Əliyev heç bir reaksiya vermədi.
Sonra başqa təxribatlar gəldi. N.Paşinyanın arvadı əlindəki avtomatı bizə tuşlayıb şəkil çəkdirdi. Paşinyan Qarabağı “su yoluna” döndərdi.

Müxalifət “niyə Paşinyanı göydə vurmuruq? Nə qədər bu həyasızlığa dözəcəyik?”-suallarını yağdırdı.
Yenə Prezident İlham Əliyev heç bir reaksiya vermədi.

Ermənilər yeni Azərbaycan torpaqlarını ələ keçirmək “planlarını” bəyan edəndə sakit, səbrli duruşunu pozmayan dövlət başçımız mötəbər BMT Baş Məclisinin tribunasından xəbərdarlıq edərək, “Ermənistan müharibəyə hazırlaşır”-dedi.

Dünya birliyi, ilk növbədə Ermənistanın havadarları olan dövlətlər bu xəbərdarlıqdan düzgün nəticə çıxarmadılar. Həddini aşan ermənilərə vaxtında “qulaqburması” vermədilər.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdular.

Yalnız həmin bazar səhəri anladıq ki, müxalifətin haray-həşir qopardığı günlərdə prezident İlham Əliyev çox böyük diplomatik iş aparırmış və onun rəhbərliyi altında yetişməkdə olan erməni hücumlarının qarşısını almaq, bütün cəbhəboyu əks-hücuma keçmək üçün hazırlıqlar görülürmüş.

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, prezident İlham Əliyevdən erməni ordusunu darmadağın etmək və cəbhəboyu əks-hücuma keçmək əmri alan ordumuz qısa müddətdə uzun illər həsrətində olduğumuz 300-ə yaxın yaşayış məntəqəsini işğaldan azad etdi,erməni ordusunun hərbi texnika bazasının böyük hissəsini sıradan çıxardı, minlərlə düşmən əsgərini məhv etdi.

8 noyabr 2020-ci il. Həmin unudulmaz tarix-Şuşanın erməni işğalından azad olunduğu gün prezident İlham Əliyev Ulu Öndərin Fəxri Xiyabandakı müqəddəs məzarını ziyarət etdi və sonra Şəhidlər Xiyabanından xalqa müraciət edərək tariximizə qızıl hərflərlə həkk olunacaq bu sözləri dedi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan!”.

10 noyabr 2020-ci il. Üç dövlət başçısının imzaladığı bəyanat 30 ildən çox davam edən münaqişənin aradan qaldırılması istiqamətində atılan mühüm addım oldu. Xalqımız uzun illər həsrətində olduğu qələbəyə qovuşdu. Erməni işğalçıları layiq olduqları cəzanı aldılar.

N.Paşinyan hökuməti təslim aktına atdığı imzanın arxasında dayana biləcəkmi? Ermənistanda artıq çaxnaşmalar başlayıb, hökumət binası darmadağın edilib. Prezident bəyanatın imzalanmasından xəbərsiz olduğunu deyərək, açıq şəkildə olmasa da bu addımı dəstəkləmədiyini bəyan edib. Heç bir ciddi nüfuzu olan qüvvə atılan addımı müdafiə etməyib. Ümumiyyətlə, bəyanatı imzalamağın zəruri olduğunu iki nəfər bəyan edib- “hərbçilərin israrlı xahişlərini nəzərə aldığını”-deyən N.Paşinyan və qondarma respublikanın saxta “prezidenti” Araik Arutunyan. Bu o “prezidentdir” ki, hərbi əməliyyatlar başlayanda “Azərbaycanı dizüstə qoyacağını” deyirdi. Ancaq son nəticədə Azərbaycan ordusu, Ali Baş Komandan İlham Əliyev həm onu, həm də “rəqqas” N.Paşinyanı sındırdı, dizlərini yerə qoyaraq “təslim aktına” qol çəkməyə məcbur etdi. Sənədin altında Paşinyanın imzası olsa da, Azərbaycanın möhtəşəm qələbəsini təsdiqləyən bəyanata əslində bu iki avantürist birlikdə imza atdı.

“Qalib millət” olduqlarını yeri gəldi-gəlmədi bəyan edən ermənilər heç bir xalqın son illərdə üzləşmədiyi fəlakətlə üzləşdilər. Azərbaycan ordusu ermənilərə tarix boyu unuda bilməyəcəkləri sarsıdığı zərbələri vurdu, onların millət olaraq nə qədər miskin və qorxaq olduqlarını bir daha sübut etdi.

Erməniləri bütün dünyada biabır edən bu ağır məğlubiyyətdən sonra N.Paşinyanın hakimiyyətdə qalması mümkünsüzdür. Ancaq hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq heç nə dəyişməyəcək. Hamı bilir ki, bu forpost-dövlətin sahibi ermənilər deyil və imzalanan sənədin altında Rusiya prezidentinin imzası var. Bu isə Ermənistanın imzasından imtina etməyəcəyinin təminatıdır. Əgər belə bir cəhd olsa, ermənilər bir qədər sonra daha ağır şərtlərlə “təslim aktı” imzalamaq məcburiyyətində qalacaqlar.

Müstəqillik tariximizin ən böyük qələbəsində həlledici rol möhtərəm prezidentimizə məxsusdur. Bir neçə cəbhədə onun apardığı möhtəçəm mübarizənin yalnız bir hissəsini biz müşahidə edə bildik. Lakin cənab İlham Əliyevə xarici qüvvələrin göstərdiyi təzyiqlər bizim gözlərimiz qarşısında olmadı. Bu hücumları dövlət başçımız təklikdə şərəflə, böyük dəyanətlə dəf etdi.

Ancaq xarici qüvvələrin müqaviməti bitməyib. Qarşıda Azərbaycan prezidentini dövlətimiz və xalqımız naminə çətin mübarizə gözləyir. Bu şəraitdə bizim borcumuz müzəffər Ali Baş Komandanımızın yanında olmaq və ona apardığı mübarizədə dəstək göstərməkdir.

Abutalıb Səmədov,
Azərbaycan Naminə Alyans Partiyasının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə