Doğrudan da, dünyanın çox əlləm-qəlləm, müəmmalı, həm də təəccüblü işləri varmış. Elə bir işlər ki, hələm-hələm bir para insan ondan baş çıxara bilməz. Bu kimi məsələlərdə ancaq bu işləri düzüb-qoşanlar anlayarlar. Həm də elə əlavə işlər düzüb-qoşarlar ki, Yer yerindən oynayar. Silah-sursatlar düzüb-qoşarlar ki, nəinki kəndlər-şəhərlər dağılar, hətta dövlətlər viran qalar. Necə ki, Afrikadakı şəhərlər darmadağın edilib, Suriyada, Liviyada, Əfqanıstanda, İraqda yol gedən insan dincini almaq, yorğunluğunu çıxarmaq üçün kölgəsində oturmağa bir ağac belə tapa bilməz. Nə işdisə, bütün bəlalar və fəlakətlər də müsəlmanların başında çatlayır. Amma...

Amma başları müxtəlif əlhəd və qəmbər daşlarına dəysə də, müsəlman olan kəs ayılmır ki, ayılmır. Bu, azmış kimi, ona təpik atan, başına müxtəlif silahlar tökən hədəfləri deyil, günahı öz içində axtarmağa çalışır. Görünür, bu səbəbdəndir ki, zamanında Mirzə Ələkbər Sabir - "Cin görürəm, şeytan görürəm, qorxmuram, Harda müsəlman görürəm, qorxuram" - deyə haray çəkib. Nə yazıqlar ki, M.Ə.Sabirin çağırışından 100 ildən də çox vaxt keçməsinə baxmayaraq, müsəlman olan kəs elə yerində sayır. Dünya təzələnsə də, yenilik və müasirlik günün tələbi olsa da, bir para müsəlman başbilənləri orta əsrlər təfəkkürü ilə düşünür, danışır və təkliflər irəli sürürlər. Hərdən fikirləşirəm ki, Nyutonun başına ağacdan bir alma düşməsilə, cazibə qanununu kəşf elədi, ancaq müsəlmanın başına göydən müxtəlif bombalar, mərmilər atılsa da, ayılmır ki, ayılmır. Amma tez də fikrimi redəktə edirəm, çətin. Bunların başına daş-qaya parçası, Qərbin, ABŞ-ın müasir bombaları yağdırılsa da, yenə də ayılmayacaqlar. Çünki başları intriqalara və mal-dövlət yığmağa qarışıb.

Fikir verin, Türkiyə sərhəd boyu ərazilərində terrorçuları zərərsizləşdirmək üçün hərbi əməliyyatlara başlayan zaman ilk etiraz səsini qaldıran müsəlman dövləti İran oldu. Eynilə Azərbaycan erməni terrorçularını Dağlıq Qarabağdan təmizlənməsi siyasətini aparan zaman ilk zərbəni İrandan görmüşdür. Halbuki din və mədəniyyət yaxınlığı ilə yanaşı, İranla yaxın qonşuluq əlaqələri də mövcuddur. Bütün bunlar isə müsəlman dövləti olan İran üçün əhəmiyyətsiz görünür. Nədi-nədi, Azərbaycan iqtisadi, hərbi cəhətdən güclü olar və regionda lider dövlətə çevrilər. Bütün maneələrə, hiylə və məkrli planlara baxmayaraq, Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail oldu. Artıq bu gün Azərbaycan regionun alternativsiz lideridir. Bu yerdə deyiblər, ailə yaşayacaq, dolanacaq və paxıllıq qonşuya qalacaq.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə