İsa Qəmbərlə Arif Hacılının münasibətləri korlanıb MÜXALİFƏT

Buna səbəb AXCP sədri Əli Kərimlidir

Bir müddət öncə, daha dəqiq desək, Müsavat partiyasının başqan müavini Tofiq Yaqublu həbsdən çıxdıqdan sonra onun ölkənin siyasi müxalifət düşərgəsində əzəli rəqiblər kimi qiymətləndirilən AXCP və Müsavat partiyaları arasındakı soyuq münasibətlərin aradan qaldırılması prosesinə start verməsi heç bir nəticə vermədi. Hətta göründüyü kimi, bu gün ölkədaxili siyasi proseslərdə hər iki partiyanın ayrı-ayrı baxışları mövcuddur və zaman-zaman qarşılıqlı ittihamlar davam erdirilir.

Ancaq məsələnin diqqətçəkici məqamlarından biri də budur ki, Müsavat partiyasının 2013-cü ilin prezident seçkiləri dövründən bəri "Milli Şura"da təmsil olunmamasına baxmayaraq, bu gün də adıçəkilən qurumun üst qatlarında – koordinasiya şurasında yer alan müsavatçı T.Yaqublu özünü çətin vəziyyətə salıb. Məsələ ondadır ki, Yaqublunun uğursuzluğa düçar olmuş missiyasının ardınca, üzvü olduğu Müsavat partiyasının sabiq başqanı İsa Qəmbərlə hazırkı başqan Arif Hacılı arasında ciddi münasibət korluğu yaşanmaqdadır. Burada əsas günahkar kimi Yaqublu göstərilməsə də, məsələnin kökündə AXCP sədri Əli Kərimlinin dayanması amili ortaya çıxıb. Yəni ötən tarixi az da olsa araşdırsaq görərik ki, AXCP-Müsavat arasındakı düşmənçilik münasibətlərinin əsası bilavasitə şəxsi müstəvidə olan münasibətlərə - Əli Kərimli-İsa Qəmbər münasibətlərinə söykənir. Bu gün İ.Qəmbər Müsavatın başqanı deyil və fakt budur ki, onun partiya sədrliyindən getməsi siysi təşkilatı böhrana sürükləyib. A.Hacılı və onun yeni komandası Müsavatda baş verənlərlə ayaqlaşa bilmir. İstefa və dirənişlər, iddia və ittihamlar ard-arda cərəyan edən hadisələr fonunda partiyanın fəaliyyətini tamamilə iflicləşdirib.

Arif Hacılının Müsavatı yenidən "Milli Şura"ya üzv etdirməsi planları var, sadəcə ona bir faktor mane olur – İsa Qəmbər

Məsələ isə budur ki, A.Hacılı başqan olduğu dövrdən etibarən AXCP sədri Ə.Kərimli ilə münasibətlərini düzəltməyə çalışıb, hətta bir neçə dəfə AXCP sədrinin ayağın qədər gedərək, ona birgə əməkdaşlıq məsələsində yalvarışlar edib. Lakin bildiyimiz kimi, Ə.Kərilmi Müsavatla yeni əməkdaşlığın yalnız "Milli Şura" formatında mümkünlüyünü deyib və Hacılını yeni komandası ilə adıçəkilən quruma yenidən üzv olmağa dəvət edib. Təbii ki, A.Hacılı dərhal buna getməyib və fikirləşəcəyini deyib. Müsavatda ona yaxınlığı ilə seçilən mənbələr də etiraf edirlər ki, A.Hacılının Müsavatı yenidən "Milli Şura"ya üzv etdirməsi planları var, sadəcə ona bir faktor mane olur – İ.Qəmbər.

Bildiyimiz kimi, A.Hacılının başqan seçilməsi üçün saxtakarlıq planları üzərində işləmiş İ.Qəmbər nəticədə öz istəyinə nail olmuşdu. O, sonradan yaranacaq kütləvi etirazları, istefaları nəzərə almayaraq, Hacılıya aşkar dəstək göstərdi. Ancaq sabiq başqan sonradan Hacılının ona qarşı xəyanət edəcəyini gözləmirdi. Beləliklə, İ.Qəmbər A.Hacılının Ə.Kərimli ilə münasibətlərini düzəltməsi istiqamətində atdığı adıdmlarının şahidi olduqdan sonra seçimində nə qədər ciddi səhvə yol verdiyini anladı. Fəqət, gec idi və Müsavatda olanlar-olub. Yaxınlarda partiya baş verən növbəti qalmaqallı istefalar isə bunun bariz nümunəsidir.

Arif Hacılıya qarşı çıxanlar bildirdilər ki, əgər İsa Qəmbər Müsavata yenidən başqan kimi qayıdarsa, Müsavata geri dönəcəklər

Misal üçün götürək "Yeni Müsavat"ın baş redaktoru Rauf Arifoğlunu. Bu şəxs etiraf edilməlidir ki, ömrünün böyük hissəsini müsavatçılıq ideologiyasına həsr edib, həbslərə düşüb və s. Lakin İ.Qəmbərin istefasından, onun ardınca isə A.Hacılının müsavatdaxili "islahatlarından" sonra etiraz əlaməti olaraq Müsavat sıralarından istefaya gedib. Bundan sonra isə A.Hacılı və tərəfdarları R.Arifoğlunu hakimiyyətə işləməkdə, xəyanətdə və s. bənzər hallarda suçlayıblar. Təbii ki, Arifoğlu bütün bunları rədd edib və Hacılı klanıının başlatdığı kampaniyanı qaragüruhçuluq, anti-demokratik addım qismində qiymətləndirib. Ona qarşı ittihamlar səngimədikdə isə "Yeni Müsavat"ın baş redaktorunun müavini, eləcə də R.Arifoğlunun qardaşı Azər Ayxan, o cümlədən, qəzetin tanınmış yazarları da Müsavatdan istefaya getdilər. Onlar öz istefalarında barmaq yeri qoymağı da unutmadılar. Məsələn, bildirdilər ki, əgər İ.Qəmbər Müsavata yenidən başqan kimi qayıdarsa, Müsavata geri dönəcəklər. Bu hadisələr isə İ.Qəmbərin vaxtilə böyük ümid bəslədiyi A.Hacılıya olan inamını, etibarını itirmiş oldu. Hətta bir müddət öncə İ.Qəmbərin A.Hacılını sərt şəkildə tənbeh etməsi barədə müsavatdaxili kuluarlarda söz-söhbətlər gəzməyə başladı. Bu, həm də İ.Qəmbərin A.Hacılı seçimində buraxdığı səhfin bir növ etirafı kimi də qiymətləndirildi.

Müsavatdan gedənlərin geriyə dönüşü xəlbirlə su daşımağa bənzəyir

Artıq A.Hacılı elə bir vəziyyətdədir ki, geriyə addım ata bilmir. Əgər geriyə çəkilərsə, ətrafına topladığı klan onu zəif bilib, tərk edər. Müsavatdan gedənlərin isə geriyə dönüşü xəlbirlə su daşımağa bənzəyir. İ.Qəmbərin də Müsavata yenidən başqan kimi qayıtması mümkünsüzdür. Belə olan təqdirdə yazının əvvəlində qeyd etdiyimiz T.Yaqublu fiquru yenidən gündəmə gəlir. Əgər T.Yaqubu məluim missiyasını bəyan etməsəydi, müsavatçı olmasına rəğmən, Ə.Kərimliyə tərəf yıxılmasaydı, eləcə də A.Hacılını Ə.Kərimlinin ayağına getməyə təhrik etməsəydi bu gün vəziyyət mövcud hala qədər inkişaf etməzdi. Artıq Müsavatda İ.Qəmbər amili də silinmək üzrədir və Hacılının yanlış qərarları buna aşkar sübutdur. Hətta belə deyə bilərik ki, Ə.Kərimli A.Hacılı onun ayağına gedərkən, "Milli Şura" ilə yanaşı, gizli tələb də irəli sürüb- İ.Qəmbərlər münasibətlərə son qoymaq. Görünür, Hacılı bu tələbi də qəbul edib. Demək hesab etmək olar ki, A.Hacılının İ.Qəmbərlə arasının pozulmasında Ə.Kərimlinin də kifayət qədər rolu var.

Bütün xəbərlər Facebook səhifəmizdə