“Azərbaycan Şərqlə Qərbi birləşdirən mühüm logistika qovşağıdır” - TAHİR BUDAQOV

“Azərbaycan Şərqlə Qərbi birləşdirən mühüm logistika qovşağıdır” - TAHİR BUDAQOV

“Dünyanın mürəkkəb geosiyasi transformasiyalar dövrünü yaşadığı bir zamanda regional sabitlik, təhlükəsizlik və əməkdaşlıq məsələləri beynəlxalq siyasi gündəliyin mərkəzində dayanır. Qlobal güc balansında baş verən dəyişikliklər, regional münaqişələr, enerji və ərzaq təhlükəsizliyi ilə bağlı çağırışlar, iqlim dəyişiklikləri, kiber təhdidlər, iqtisadi-ticari və kommunikasiya marşrutları uğrunda gərgin rəqabət beynəlxalq münasibətlərin xarakterini əhəmiyyətli dərəcədə dəyişmişdir”.

SİA xəbər verir ki, bu sözləri YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iyunun 15-də Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin imzalanmasının 5 illiyinə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində “Sülh quruculuğu mexanizmləri: Qlobal çağırışlar fonunda partiya diplomatiyası” mövzusunda panel sessiyasında bildirib.

Tahir Budaqov qeyd edib ki, müasir dövrdə təhlükəsizlik anlayışı artıq yalnız hərbi amillərlə məhdudlaşmır. Onun sözlərinə görə, enerji, nəqliyyat-logistika, ekoloji, humanitar və rəqəmsal təhlükəsizlik məsələləri də qlobal sabitliyin mühüm komponentlərinə çevrilib.

YAP rəsmisi vurğulayıb ki, Azərbaycanın həyata keçirdiyi siyasət daha ədalətli dünya nizamının formalaşmasına xidmət edir. O bildirib ki, ölkəmiz BMT Təhlükəsizlik Şurasına və Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrlərdə qlobal problemlərin həlli, dayanıqlı sülhün təmin olunması və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edib.

Tahir Budaqov diqqətə çatdırıb ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən transmilli layihələr Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verir, dövlətlər arasında etimadın və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. O, Azərbaycanın beynəlxalq “yaşıl enerji” gündəliyinin fəal iştirakçısı olduğunu, COP29-a və BMT-nin Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasına uğurla ev sahibliyi etməsinin ölkənin beynəlxalq nüfuzunun daha da artdığını qeyd edib.

Çıxış zamanı Azərbaycanın Şərqlə Qərbi birləşdirən mühüm logistika qovşağı kimi Avrasiya məkanında iqtisadi-ticari əlaqələrin inkişafına və nəqliyyat-kommunikasiya marşrutlarının genişlənməsinə mühüm töhfələr verdiyi də vurğulanıb.

Tahir Budaqov bildirib ki, Azərbaycanın qlobal təhlükəsizliyə verdiyi mühüm töhfələrdən biri də Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasına yönəlmiş siyasətdir. O qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə regionda uzun illər davam edən münaqişənin aradan qaldırılmasına nail olub.

YAP Sədrinin müavini əlavə edib ki, Azərbaycanın təşəbbüsü ilə irəli sürülən sülh gündəliyi beynəlxalq hüquq normalarına, dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə əsaslanır. Onun sözlərinə görə, bu yanaşma yalnız Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına deyil, bütövlükdə Cənubi Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin və firavanlığın təmin olunmasına xidmət edir.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə