”Hazırda Azərbaycan zəngin dövlətçilik tarixinin ən şanlı mərhələsini yaşayır” - TAHİR BUDAQOV
“2022-ci ildən etibarən Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin ildönümünə həsr olunan tədbirlərin 30 ilə yaxın işğal altında qalsa da, öz ruhunu itirməyən Şuşa şəhərində keçirilməsi xüsusi mənəvi, siyasi və ideoloji məna daşıyır”.
SİA xəbər verir ki, bu sözləri YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iyunun 15-də Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin imzalanmasının 5 illiyinə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində “Sülh quruculuğu mexanizmləri: Qlobal çağırışlar fonunda partiya diplomatiyası” mövzusunda panel sessiyasında bildirib.
YAP rəsmisi çıxışında həmçinin diqqətə çatdırıb ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqımızın həmrəyliyi və Azərbaycan Ordusunun şücaəti sayəsində hərbi-siyasi əsarətdən azad olunan Şuşa yalnız Azərbaycanın deyil, türk və islam dünyasının mədəniyyət mərkəzlərindən biri kimi bəşər sivilizasiyasının qiymətli xəzinəsidir.
Tahir Budaqov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Heydər Əliyev siyasətini əxlaqi-mənəvi dəyərlərə, milli maraqlara və dövrün çağırışlarına uyğun zənginləşdirərək müvəffəqiyyətlə davam etdirməsi xalqımıza misilsiz nailiyyətlər və möhtəşəm Zəfər qazandırmışdır:
”Hazırda Azərbaycan zəngin dövlətçilik tarixinin ən şanlı mərhələsini yaşayır. Üçrəngli bayrağımızın qürurla dalğalandığı işğaldan azad edilmiş bütün ərazilərimiz, o cümlədən bu gün bir araya toplaşdığımız Şuşa dirçəliş dövrünə qədəm qoymuşdur. Müasir şəhərsalma konsepsiyaları əsasında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri mütləq suverenliyini bərpa edən Azərbaycan dövlətinin qüdrətinin və xalqımızın milli iradəsinin ifadəsidir. Bu, təkcə infrastruktur layihələrinin reallaşdırılması deyil, həm də yeni həyatın, təhlükəsiz qayıdışın və dayanıqlı inkişafın təcəssümüdür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB