Ermənistanın paytaxtı Yerevanda yerəşən polis alayına məxsus binaya hücum edərək oradakıları girov götürən sabiq döyüşçülər iyulun 17-dən başlayaraq, 13-14 günlük mübarizədən sonra təsilm olmağa razı oldular. Belə ki, onlarla aparılan uzun müddətli danışıqlar heç bir səmərə vermirdi. Digər tərəfdən, buna səbəb kimi polis alayında zəbt edilən silah ambarı və sursatların onların əllərində olması göstərirdi. Başda "Sasna-Srer" qruplaşmasının üzvləri, xüsusilə birinci Qarabağ müharibəsində azərbaycanlılara qarşı amansızlığı ilə seçilən veteran döyüşçü Pavel Manukyan olmaqla, onlara dəstək verən xalq kütləsi də mübarizənin sona qədər davam edəcəyini iddia edirdilər. Bu baxımdan, günlər boyu mitinq və küçə yürüşləri edənlər Serj Sarkisyan rejimi üzərində qələbə qazanacaqlarını düşünür, o cümlədən, beynəlxalq aləmin diqqətini də üzərlərinə cəlb edəcəklərini sanırdılar.
Sarkisyanın üç yolu qalmışdı…
Buna səbəb kimi, polis və xüsusi təyinatlı qüvvə rəhbərlərinin göstərişlərinə əsasən hüquq mühafizə orqanları əməkdaşlarının etirazçılara qarşı həddindən artıq sərt davranışlarını a göstərmək olar. Vəziyyət get-gedə o qədər mürəkkəbləşmişdi ki, Ermənistan parlamentinin müxalifətçi deputatlarına belə, aman verilmir, onlar həbs olunur, döyülür və təhqir edilirdilər. Əgər bu faktoru diqqətə alsaq, onda sadə vətəndaşa qarşı hansı qəddarlığın nümayiş olunmasını təsəvvürə gətirmək olmur. Ona görə də müxalifətçilərin əsas güvəndikləri dairələr beynəlxalq qurumlar olub. Hadisələrin xronikasına, videokadrlara da diqqət yetirsək görərik ki, həqiqətən də situasiya nəzarətdən çıxmaq üzə idi. Sarkisyanın isə üç yolu qalmışdı – ya postunda qalması üçün Qarabağ danışıqlarında sərgilədiyi təslimçi mövqeyindən geri çəkilmək, ya istefaya getmək, ya da ümumiyyətlə, irəli sürülən tələblərin heç birini qəbul etməmək üçün qan tökmək. O, da üçüncü variantı seçdi – qan tökməyi.
Düzdür, Sarkisyan Yerevandakı hadisələrin baş verməsinə səbəb olan əsas fiquru, müxalifətyönlü "Parlament təsisatları hərəkatı"nın həbs olunmuş lideri Jirayr Sefilyanla danışıqlara getməyə hazır olduğunu bəyan etmişdi. Lakin bir şərtlə - polis alayının binasını və oradakıları girovda saxlayanların geri çəkiləcəkləri təqdirdə. Amma Sefilyan həbsxanadan bəyanat verdi ki, heç bir görüşə razı deyil. Məhz bundan sonra hadisələr daha çox nəzarətdən çıxmağa başladı. Minlərlə həbs olunanlar, polis alayının yaxınlığında yerləşən evlərdə atışmalar nəticəsində yanan, dağılan evlər, polisin xalqa qarşı silah işlətməsi, qumbaralar atması və s.
Azərbaycana qarşı qərəzli hesabatlar hazılayan bir sıra beynəlxalq təşkilatlar Yerevanda cərəyan edən proselərə yalnız 10-12 gün sonra yüngül münasibət bildirməyə başladılar
Beləliklə, artıq xalqda belə bir fakir formalaşmağa başlamışdı ki, qısa zamanda rejim devriləcək. Məhz bu baxımdan, onlar xarici siyasi dairələrin müxlaifətə dəstək verəcklərini planlamışdılar. Fəqət, onların bu proqnozları özünü doğrultmadı. Yəni diqqətçəkici məqamlardan biri də müxalifyönlü fikirdə olan insanlara göstərilən amansızlığa beynəlxalq aləmin uzun müddət susqun qalması oldu. Məsələn, Azərbaycana qarşı dəfələrlə qərəzli, böhran xarakterli bəyantlar səsləndirən, hesabatlar hazılayan bir sıra beynəlxalq təşkilatlar, o cümlədən, ermənipərəst siyasi dairələr Yerevanda cərəyan edən proselərə yalnız 10-12 gün sonra münasibət bildirməyə başladılar, o da yüngül ifadələrlə. Uzağı Sarkisyana müraciətlər olundu ki, etirazçılarla sərt davranmasın, vəssəlam.
Deputatlar saxlanılıb, döyülüb və təhqir olunublar – Sarkisyan polisi tərəfindən…
Halbuki, bayaq da qeyd edildiyi kimi, onların arasında toxunulmazlıq statusu olan parlament deputatları, tanınmış ziyalılar, elm və mədəniyyət xadimləri da var idi. Onlar polis tərəfindən döyülüb, söyülüb, fiziki təhqirlərə məruz qalıblar. Mitinqlərdə çıxış edənlər sual ediblər ki, əgər erməni polisi öz xalqına qarşıbu cür qəddar davranırsa, Qarabağda xidmət göstərən əsgərlər kimə və hansı ölkəyə xidmət edirlər? "Bir gün əsgərlər bizdən bunu soruşacaqlar"-deyə mitinqçilərdən biri bildirib.
Mitinqlərin getdiyi bir vaxtda, isə müxalifətin öz daxilində haçalanmış fikirlər də yaranmağa başladı ki, bu amil hadisələrin dəyişməsinə səbəb oldu. Onların bir hissəsi hadisələrin vətəndaş qarşıdurmasına qədər inkişaf edəcəyini hesab edərək, "Sasna Srer"in silahı yerə buraxmalı olduğunu, başqa hissəsi isə sona qədər silahlı müqavimət göstərilməsini istəyirdilər.
Beləliklə, sonda silah və qida təchizatları tükənən silahlılar təsilm olmağa razılıq verdilər. Onların bir hissəsi yaşanan gərginlik zamanı müxtəlif güllə və qəlpə yaraları almış, bir hissəsi isə yorulub-əldən düşmüşdülər. Onlara qarşı yerləşdikləri əraziyə yaxın evlərin damlarında mövqe tutmuş snayperlər də silah işlədib. O cümlədən, pilotsuz təyyarələr vasitəsilə kiçik həcmli bombalar da "Sasna Srer"in məğlubiyyətini, nəticədə isə təslim olmalarını təmin edib.
Qarabağda yeni müharibə qığılcımı yaşanmasa, ölkədə vəziyyət yenidən gərginləşəcək?
Bu arada, Ermənistan baş prokurorluğunun açıqlamasına görə, həmin şəxslərin barəsində qanunsuz silah gəzdirmə, binaları və qurğuları zəbt etmə, girov götürmək maddələri ilə cinayət işi başlanmaq üzrədir. Çünki atışmalar vaxtı polis əməkdaşının öldürülməsi faktı da bu cinayət əməlini tam təsdiq edir. Amma yaraqlı qrupun könüllü təslim olması və girovları buraxması da yüngülləşdirici hal kimi nəzərə alına bilər. Artıq ciddi güllə və qəlpə yaralarıalmış Pavel Manukyan da qısa zamanda xərək vasitəsilə məhkəməyə aparılıb və orada ona iki aylıq həbs qərarı verilib. O, bu vəziyyətdə türməyə göndərilib. Ancaq hesab etmək olmaz ki, bununla Ermənistanda vəziyyət stabilləşib və bird aha hər hansı bənzər hadisələr yaşanmayacaq. Çünki hadisələrin nüvəsində məhz Dağlıq Qarabağ problemi və bu problem ətrafında radikal millətçi qüvvələrin cəmləşməsi halı dayanır. Məsələn, Ermənistan politoloqu Hrant Məlik-Şahnazaryan bildirib ki, mövcud vəziyyət heç nəyi dəyişmir. Hətta Qarabağda yeni müharibə qığılcımı yaşanmasa, ölkədə vəziyyət yenidən gərginləşəcək. Ermənistanın siyasi elitasında mövqeyi güclü olan və Azərbaycana qarşı müharibədə iştirak etmiş millətçilər ölkədə hər an sabitliyi pozmaq iqtidarındadır. Bu baxımdan, onlar Sarkisyan hakimiyyəti üçün real təhlükə mənbəyi hesab olunur. Prezident Sarkisyanla danışıqlara da Dağlıq Qarabağdakı separatçı rejimin qondarma deputatı, Dağlıq Qarabağın işğalında fəal rol oynamış Valeri Balasanyanın vasitəçi kimi təyin olunması təsadüfi sayıla bilməz. Sabiq hərbçilərdən ibarət radikal müxalifət Sarkisyanı Dağlıq Qarabağ probleminin həllinə dair hazırkı danışıqlar prosesində güzəştdən çəkindirmək istiqamətindəki cəhdlərini davam edirlər.
Rusiya politiloqu: "Sarkisyan Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytaracaq"
Ermənistanı özünə forpost seçmiş və ölkəni nəzarətində saxlayaraq regoinal siyasətini yürüdən Rusiyanın da buradakı mövqeyi kifayət qədər maraqdoğurucudur. Belə ki, Rusiyanın nüfuzlu "Valday" siyasi təhil klubunun eksperti, RF Elmlər Akademiyasının Beynəlxalq Təhlükəsizlik Problemləri İnstitutunun aparıcı elmi işçisi Aleksey Fenenko öz açıqlamasında inamla bildirib ki, Ermənistan prezidenti S.Sarkisyan Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana geri qaytarmalı olacaq. Politoloq bildirib ki, danışıqlar prosesində sirr saxlanılan məqamlar da belə qənaətə gəlməyə zəmin yaradır. Politiloqun fikirlərindən də qənaətə gəlmək olar ki, Rusiya Ermənistana qarşı təzyiq rıçaqlarından maksimum olmasa da, cüsi şəkildə istifadə etməyə başlayıb.
"Sasna-Srer" qruplaşmasına açılan snayper atəşlərini rusiyalı atıcılar icra edib
Yenə də "Sasna-Srer" hadisəsinə qayıdaraq erməni müxalifətinin bəzi iddialı informasiyarına nəzər salaq. Məsələn, iddia olunurdu ki, hadisələr yeni başlananda Rusiyanın hərbi dairələri Sarkisyanın silahlı qruplaşmaya qarşı qətiyyət nümayiş etdirməyəcəyi təqdirdə hərəkətə keçməli olacaq – yəni Sarkisyann öz potundan getməsinə şərait yaradıb "X" planını işə salacaq. Görünür, bu səbəbdən "Sasna-Srer" qruplaşmasına açılan snayper atəşlərini rusiyalı atıcılar icra edib. Bunu isə sübuta yetirən fotofaktlar və dəlillər mövcuddur. Qısacası, Sarkisyan növbəti dəfə Rusiyanın yardımından istifadə etməyə məcbur olub. Ona görə də Ermənistan millətçilərinin Qarabağda yeni müharibə qığılcmları yaradacaqlarını iddia etmələri sadəcə boş xülyalardır. Artıq Sarkisyan rejimi müəyyən mənada millətçi müxalifəti bir növ sıxışdırıb, susdurub. Geridə qalanları isə biz danışıqlar prosesində yaşanacaq hadisələrdən, cərəyan edəcək proseslərdən görməli olacağıq. Hər halda Azərbaycan bu məsələdə öz üstünlüyünü qoruyub-saxlayır. Ermənistanda baş verənlər isə əlbəttə ki, onların öz çoxsaylı problemləridir...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB