Məşiət zorakılığını doğuran səbəblər

Erkən ərə verilən qzları əksəriyyəti hüquqlarını bilmir

Son zamanlar dünyada məişət zorakılığının artması ciddi narahatlıq doğurur. Zorakılıq öz hakimiyyətini bərqərar etmək üçün bir tərəfin başqa bir tərəfə etdiyi mənəvi, psixoloji, iqtisadi, seksual təzyiqdir. Məişət zorakılığa əsasən qadınlar və uşaqlar məruz qalır. Özəlliklə, erkən nikaha girmiş gənc qadınlar daha çox mənəvi, fiziki, psixoloji zorakılığa məruz qalırlar. Məşiət zorakılığı bütün dünyanı qayğılandıran problemə çevrilib. Hətta qadın hüquqlarının qorunduğu, feminizm hərəkatının geniş yayıldığı inkişaf etmiş Qərb ölkələrində belə qadınlar və uşaqlar məişət zorakılığından əziyyət çəkirlər. Statistik məlumatlara görə, Amerika Birləşmiş Ştatlarında gün ərzində 11 qadın döyülür. Qazaxıstanda gün ərzində hər 3 qadından biri fiziki təzyiqə məruz qalır. Zorakılıq edənlərin 80 faizi kişilərdir. Şərqin müsəlman ölkələrində məşiət zorakılığını şərtləndirən əsas amillərdən biri mentalitetdəki "kişi ailənin rəisi, qadının ağası, sahibidir" inancı, savadsızlıq və cəlahətin geniş yayılmasıdır.

Təcrübə göstərir ki, məişət zorakılığına məruz qalan qadınların əksəriyyəti savadsız, öz hüququnu bilməyən gənc qadınlardır. Maraqlıdır ki, onları erkən yaşda "varlı kişiyə" ərə verməyə tələsdirən valideynləri də çox zaman savadsız olur. Qadın erkən yaşında, 14-17 yaşlarında ərə verilir, onlardan ər evində "özünü ağıllı" – yəni, müti aparmaq tələb olunur. 14-17 yaşda gənc qadının əslində oyuncaqları ilə oynayan, dostları, rəfiqələri ilə gəzib-dolaşan vaxtlarıdır. Bu yaşda gənc ailə anlayışının nə olduğunu bilmir, qadın hüquqları haqqında yetərli biliyə malik olmur. Ailədə zorakılığa məruz qalan gənc qadın çıxış yolu tapa bilmir. Xırda ailə münaqişələri zamanı onlar "hər xırda şeyi böyütmə, döz" qınağını eşitməmək üçün valideynlərinə belə müraciət etməməyə qərar verirlər. Hüquq mühafizə orqanlarına müraciət etməyi isə ümumiyyətlə onlar ağıllarına belə gətirmirlər. Qadının "ailəmdə mənə fiziki, psixoloji, mənəvi təzyiq var" iddiası ilə polisə müraciət etməsi cəmiyyətimiz üçün qəbahət sayılır. Hətta çox zaman bu ailənin dağılması ilə sonuclanır. Çünki azərbaycanlı kişi xanımının ondan polisə şikayət etməsini həzm edə bilmir. Ailə münaqişəsinə valideynlər də qarışa bilmir. Qadına qarşı zorakılıq isə ciddi fəsadlara yol açır. Məişət zorakılığına mərzu qalan qadının bətnindəki körpə psixoloji travmalı doğulur. Münaqişəli ailədə böyüyən uşaqların əksəriyyətində adamayovuşmazlıq, tənhalığa meyl, əsəbilik kimi psixoloji problemlər yaranır. Məişət zorakılığının, qadınlara qarşı şiddətin minimuma endirilməsi üçün maarifləndirici söhbətlər kifayət deyil. Bunun üçün kompleks tədbirlərə, valideynlərlə məktəbin, medianın, ictimai təşkilatların, hüquq müdafiəsi təşkilatlarının, eyni zamanda hüquq mühafizə orqanlarının əməkdaşlığına ehtiyac var. Valideynlər qız uşaqlarını oxutmağa, onlara ali təhsil verməyə çalışmalı, erkən nikahdan qaçmalıdır. "Qızım yaxşı yerə ərə getsin, gələcəkdə mənə də baxar" doğru yanaşma deyil. Valideynin övlada ön böyük yaxşılığı ona verdiyi tərbiyə və təhsildir. Valideyn övladının yalnız xoşbəxt olmasına çalışmalı, onun taleyi üzərindən diplomatik nikah (imkanlı, nüfuzlu ailə ilə qohum olmaq), iqtisadi maraqlar (bizə də əl tutar) qurmamalıdır. Təcrübə göstərir ki, ali təhsil xanım daha ailəcanlı olur, həyat yoldaşına, övladlarına daha dərindən bağlanır, ailəsini, təsərrüfatını daha ağıllı idarə edir. Ali təhsilli xanım mövhumatdan, cəhalətdən uzaq olur, ailəsini də qoruyur, həyat yoldaşına ailəsinə bağlanmasına nail ola bilir. Təhsilli, hüquqlarını bilən, hər gün cəmiyyət içində olan xanımı aldatmaq da çətin olur.

Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Məişət zorakılığına qarşı maarifləndirmə tədbirlərinin keçirilməsi" layihəsi çərçivəsində çap edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə